Dövlət kimsəsiz vətəndaşına sahib çıxdı - APA TV-NİN REPORTAJINDAN SONRA

Dövlət kimsəsiz vətəndaşına sahib çıxdı - APA TV-NİN REPORTAJINDAN SONRA
18:54 18 Oktyabr 2016
76 Digər
Ölkə mətbuatı
A- A+

Onunla dünən tanış olduq - yaşadığı evin blokunda gecələdiyi ilə bağlı xəbər aldıqdan sonra. Yəqin ki, xatırladınız - söhbət  58 yaşlı Xuraman Həsənovadan gedir. Uzun illərdir Bakı şəhəri, 7-ci mikrorayon, ev 3a/7 ünvanında dayısı qızının evində məskunlaşıb. Bir neçə gün əvvəl isə qohumları Xuraman xanımla birgə yaşadıqları mənzili sataraq, başqa bir yerə daşınıblar. Amma Xuraman xalasız. Kimsəsiz qadın düz bir həftə ömrünün 24 ilini yaşadığı blokda gecələyib.
 
APA TV-nin və qonşuların məsləyə müdaxiləsindən sonra əlaqədar qurumlar Xuraman Həsənovanın taleyinə biganə qalmayıblar. Bu gün Xuraman Həsənova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyin dəstəyi ilə Bilgəhdəki Müharibə və Əmək Əlilləri Pansionatına yerləşdirilib.
 
Düzdür, burda təkcə qocalar deyil, kimsəsizlər də var. Pansionatın həyətindəki ab-hava bambaşqadır. Payız, sakitlik, səliqə-sahman və susqunluq... Bu susqunluğu bu gün Xuraman xanımın Qocalar Evinə gəlişi pozdu. Onunla pansionatın giriş qapısında rastlaşdıq. Sakit görünürdü. Xuraman xalanı Müharibə və Əmək Əlilləri Pansionatının direktoru Qətibə Əsədova və biz qarşıladıq.
 
Sakit olduğu qədər də kədərli idi. Gözləri dolmuşdu. Yəqin ki, sevinc göz yaşları idi. Ən azı ona görə ki, burda onun yaşayışı üçün hər bir təminat var. Elə özü də Qocalar Evinə gəlişindən razı qaldığını deyir: "Gəldim, xoşuma gəldi. Əziyyət çəkənlərə "çox sağ olun" deyirəm".
 
Xuraman xanımı otağına apardıq. Səliqə-sahman göz oxşayırdı. İlk baxışdan özü də məmnun görünürdü: "Otağım da yaxşıdır, xoşuma gəldi. Siz də nə vaxt istəsəniz, baş çəkə bilərsiniz mənə. Millət vəkili Azay Quliyevlə də görüşmüşdüm, o da kömək edib mənə".
 
Xuraman xala pansionatla tanış oldu, gəlişi nahar vaxtına təsadüf etdiyindən onu mətbəxə apardılar.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın katibi İradə Riza-zadə də Xuraman xanımla iki ildir tanışdır. Deyir ki, həm də onunla qonşu binada yaşayıb. Elə ilk gündən bütün qonşular kimi ona diqqət və qayğısını əsirgəməyib: "Biz Xuraman xanımla millət vəkili Azay Quliyevin görüşlərinin birində rastlaşmışdıq. Xuraman xanım kimsəsiz olması, yaşayış yerinin olmaması ilə bağlı yaşadığı rayonun deputatına müraciət etmişdi. Baxmayaraq ki, uzun illər qohumları ilə birgə yaşamışdı, onun yaşamağa yeri yox idi. Qocalar Evinə gəlməsi üçün isə yaşı çatmırdı. Baxmayaraq ki, ikinci qrup əlildir. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna millət vəkilin adından müraciət ünvanlandı. Bütün qonşular da bununla bağlı əlaqədar qurumlara müraciət etmişdi. Yay aylarında onu Qocalar Evində yaşamağa dəvət etsələr də, o etiraz etmişdi. Ümid edirdi ki, qohumları ilə birgə yaşayacaq. Amma nəzərə alsaq ki, onların da 4 övladı vardı, ailə ilə birgə yaşamaq artıq müşkülə çevrilmişdi. Müraciət baxıldı, sənədlər hazırlandı. Bu gün onu Qocalar Evinə təqdim etdik".
 
İradə Riza-zadə deyir ki, Xuraman Həsənovanın sənədlərini iki gün öncə nazirlik təsdiq edib: "Dünən APA TV-nin də məsələyə biganə qalmadığını gördük. Bütün kollektivinizə təşəkkür edirəm. Çünki bu, insanlıq naminə atılmış addımdır".
 
Müharibə və Əmək Əlilləri Pansionatının direktoru Qətibə Əsədovanın sözlərinə görə, Qocalar Evinin hər bir sakininə ayrı-ayrılıqda diqqət göstərilir. Xuraman xala da bu diqqətdən kənarda qalmayacaq. Bu gün o, həkim müayinəsindən keçəcək, yeni geyimlə təmin ediləcək: "Bu gün üçün artıq 235 sakinimiz var. Bu siyahıya artıq Xuraman xanım da əlavə olundu. Onun üçün artıq otaq hazırlanıb. Yaşayış üçün bütün şərait yaradılıb. Əlavə də nə istəyəcəksə, imkan daxilində onun qulluğunda duracağıq".
 
Bax belə... Xuraman Həsənova artıq bu gündən Qocalar Evinin yeni sakinidir. Burda onunla eyni taleni paylaşan onlarla həmyaşıdları var. Biz isə onunla yenidən görüşmək diləyi ilə ayrılırıq. Ümid edirik ki, bundan sonra hər şey Xuraman Həsənovanın ürəyincə olacaq.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256959

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR