Bakı küçələrində üzəni dinləyək...

Bakı küçələrində üzəni dinləyək...
21:05 18 Oktyabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən avtobusdan düşüb payıza, bilmədim haraya, hayana gedim...

Rəsmən azmışdım payızlı, yağışlı, bol sulu Bakının küçələrində. Xəzər Bakıya birləşmişdimi, Kür birbaşa şəhərə axırdımı, anlaya bilmədim. İlahi, bu qədər xoşbəxtliyi birdən niyə göndərmişdin Bakıya? Səhər işə gedərkən keçdiyim küçələr bol sulu, dəlisov dağ çaylarını xatırladırdı. Səkilərə çırpılan suların yaratdığı inanılmaz mənzərə qarşısında heykəl kimi donub qalmışdım. Yay gələndə soyunan tərli şəhər yuyunub çirk-pasından təmizlənirdi. Əsas məsələ bu romantikanın dadını qaçırmadan mənzilbaşına sağ-salamat çatmaq, bütün gecəni bu yağmura həsr etmək idi. Bunu düşündükcə karıxırdım, indi avtobus-gəmilər dadımıza çata biləcəkdimi?

Başımı itirmişdim ki, şəhər sakinlərinin dalğaların qoynuna cəsarətlə atılıb küçələri üzə-üzə keçdiklərini gördüm. İlahi, insanlar necə xoşbəxt idi. Hamı üzündə təbəssüm, gözlərində gülüş yağış suyunun dalğalandığı yarıqaranlıq küçələrdən üzərək evlərinə tələsirdi. Küçələri üzərək dayanacaqlara yan alan insanların sevincdən yaşaran gözlərini yağış yuyurdu. Həyatımda bu qədər romantik insanı bir arada görməmişdim.

Küçələrində tıxacabənzər qələbəlik hökm sürən şəhərin qaranlıq bağrını siqnal səsləri dəldikcə, hövsələsiz sürücüləri ürəyimdə qınayıb, kilometrlərlə uzanan maşın karvanında sıxışıb qalmış sürücülərin xoşbəxtliyinə qibtə elədim. Gödəkcəmi, şalvarımı çantama yerləşdirib, küçənin ən dayaz yerini seçib qəvvas kimi sulara baş vurdum. Yaxşı üzə bilmədiyim üçün az qala boğulmuşdum Bakı küçələrində. Yaxşı ki, gənclər bunu kənardan görüb, özlərini vaxtında yetirdi. Bir qədər çabalayıb, gənclərin köməyi ilə səkiyə tərəf üzməyi bacardım. Dayanacaq dirəyinə toxunanda, sevindim. Bu romantik günün yarıda qırılmasını istəmirdim. "Təcili Yardım" qayıqları gərgin iş rejimində işlədiyi üçün xilas olmağıma səmimi qəlbdən sevindim, özümü toparladım.

Sosial şəbəkələrdə "Xəngəl havasıdır", "Xaş havasıdır" yazıb xalqı qarınqululuğa səsləyən yeyib-içən oğlanları dayanacaqlarda büzüşüb avtobus-gəmiləri gözləyən görmək məni bir qədər kədərləndirsə də, ümumi abu-hava məni məsud və bəxtiyar etdi. İlahi, yağış Bakımıza necə yaraşırdı!

Romantikanın pik nöqtəsini evə gələndə yaşadım. İlk dəfə idi ki, qaldığım qohum evində belə mehribanlıq, belə doğmalıq görürdüm. Şam işığında qalın yorğana bürünüb, qucaqlaşıb oturmuş ev əhlinin qırımından anladım ki, yağışın romantikası bu evdən də yan keçməyib. Qaz və işıq kimi romantikaya mane olan səbəblər aradan qaldırıldığı üçün, ovqatım xeyli yüksəldi. Soyuq və yağışlı havada bir stəkan kənd qatığı içib, otağıma çəkildim. Şam yandırıb kitab oxumağa, mahnı zümzümə etməyə başlamışdım ki, evin kişisi qapını açıb üzümə bozardı: "Xahiş edirəm öz iyrənc səsinlə yağışın romantik, qəlbgöynədən ahəngini pozma!" Yorğanı başıma çəkib, qısıq səslə: "Gücünüz elə mənə çatır" deyib, söhbəti xətm elədim.

Aramsız yağan yağış şəhərimizin bütün gözəlliyini gözlər önünə sərmişdi. Küçədəki səs-küydən başa düşmək olardı ki, camaat küçədəki romantikadan məmnun və xoşbəxtdir.

Qazı, işığı kəsilmiş evlərdən eşidilən xeyir-dua səsləri gecənin ruhani ovqatına tamamilə uyğun gəlir, evinə yağmurun şıltaq damcıları süzülən insanlar sevncindən nərə çəkib, bu gözəl günün dadını çıxarırdılar.

...Sabaha yaxın yağış səngidi. Buludların arasından günəş boylanmasa da, küçə lampaları bir-birinə göz vurub Bakının islaq halını salamlayırdılar. Artıq dağ çayına bənzər küçələrdə çılğın sular sakitləşmişdi. Çökək məhəllələrdə göllənən sularda qazlar, ördəklər, qaşqaldaqlar üzür, sevinclə suya baş vurub balıq, xərçəng axtarırdılar.

Zavallı quşlar... Onlar bilmirdi ki, bura göl deyil, Bakı küçələridir...

Cəlil Cavanşir
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/480744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR