Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Hamımızı dar ağacından asacaqdılar” - Firudin Cəlilov

"Hamımızı dar ağacından asacaqdılar” - Firudin Cəlilov

Date: 18 October 2016 22:05

Milli.Az teleqraf.com-a istinadən sabiq təhsil naziri, istiqlalçı deputat Firudin Cəlilovla müsahibəni təqdim edir. 

- Bu gün Azərbaycan müstəqilliyinin bərpasının 25 illiyini qeyd edir. Bu tarixi günün iştirakçısı olaraq həmin dövrü necə xatırlayırsınız?

- Biz əsarətdə olan xalq idik. 18 oktyabr 1991-ci il əsarətdə olan bir xalqın istəyinin gerçəkləşdirdiyi gün idi. Rusiya Qafqazı işğal etdikdən sonra faktiki olaraq Azərbaycan iki hissəyə bölündü. Azərbaycanın bir hissəsi quzeydə, bir hissəsi isə güneydə qaldı. Sonra Güney Azərbaycan Tehran hakimiyyətinin, Quzey Azərbaycan isə Rusiya imperiyasının nəzarətinə keçdi. Beləcə bu formada xalq 250 il yaşadı, vaxtaşırı imkan tapdıqca mübarizə apardı. 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə və digər şəxslərin ortaya çıxması ilə xalqımız Şərqdə ilk dəfə olaraq Demokratik Cümhuriyyətini qurdu. Lakin 23 aydan sonra bu cümhuriyyət iflas etdi. Daha doğrusu, sovet imperiyasının ordusu ölkəmizə daxil olaraq Azərbaycanın cümhuriyyətini əlindən aldı. Və keçən 70 ildə millətimiz bu şəkildə yaşamalı oldu. Amma bu illərdə ziyalılar, yazıçılar, şairlər, aydınlar daim bu məsələni gündəmdə saxlayıb, sözlərində güney və quzey birliyindən bəhs ediblər, açıq olmasa da, sətiraltı müstəqilliklə bağlı fikirlərini qeyd ediblər. Artıq 1980-cı illərin sonunda SSRİ-nin dağılma mərhələsi çatmaqda idi. Bu zaman SSRİ imperiyası tərkibində olan bir çox respublikalar müstəqillik uğrunda mübarizəyə başladı. Azərbaycanda bu respublikalardan biri idi. Ancaq o zaman imperiya Azərbaycanın önünə Dağlıq Qarabağ problemini atdı ki, ölkəmizin başı daha çox bu məsələyə qarışsın. Buna baxmayaraq Qarabağ adı ilə meydanlara çıxan xalq sonrakı mərhələdə müstəqillik şüarlarını səsləndirdi. Yəni bizim müstəqil olmağımızın əsas səbəbi xalqımızdır. Əlbəttə, bu müstəqillik tarixini ayrı-ayrı liderlərə və şəxslərə bağlamaq zənnimcə, doğru deyil. Xalq meydanlara axışdı, müstəqilliyini istədi. Xalqın daxilindən çıxan aydınlar, xalqımızın seçdiyi millət vəkilləri bu işi qanuni şəkildə parlamentdə davam etdirdilər. 1991-ci ilin  martında Azərbaycanın SSRİ-nin tərkibində qalması və ya çıxması məsələsi referenduma çıxarıldı. Biz o müzakirələrdə müstəqilliyə səs verdik. Cəmi 43 deputat idik. Yerdə qalan deputatlar isə müstəqilliyin əleyhinə səs verdilər. Bundan sonra biz bir-iki ay bu məsələnin üzərində işlədik. Eləcə də dünyada və SSRİ-də gedən proseslər gətirib ona çıxardı ki, artıq sentyabr ayında Azərbaycanın müstəqilliyinə dair bir neçə sənəd qəbul olundu, açıq bəyanatlar səslənməyə başlandı. Oktyabrın 18-də isə Müstəqillik Aktı qəbul edildi. Həmin aktda müstəqil Azərbaycanın dövlətçiliyinin bərpa olunması ifadəsi yer aldı. Yəni 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti bərpa olundu. O gündən bu günə qədər Azərbaycan müstəqil dövlətdir, bütün dövlətlər müstəqilliyimizi tanıyır, dövlət bayrağımız BMT-nin qarşısında dalğalanır. Və son illərdə böyük inkişaf yolu keçilib. Bütün bunların hamısı aydındır. Bəzən deyirlər ki, filan hərəkatçı ölkəyə müstəqillik gətirdi və s. Ancaq belə olmayıb. Nəzərə almaq lazımdır ki, müstəqillik uğrunda vuruşan Azərbaycan xalqı idi. Biz 43 nəfər və sonrakı mərhələdə Müstəqillik Aktını qəbul edən bütöv parlament sadəcə xalqın istəyini gerçəkləşdirdik. Bu gün də xalqımızın müstəqil yaşamağa mənəvi haqqı var. Mən bugünkü bayram münasibətilə Azərbaycan xalqını təbrik edirəm!

- Sizin ilkin fikirlərinizdən belə qənaətə gəlmək olarmı ki, müstəqilliyi bərpa etmək Azərbaycana asan başa gəlib?

- Xeyr! Əvvəla, biz müstəqilliyə səs verəndə və SSRİ-nin saxlanılmasının əleyhinə çıxanda bilmirdik ki, sabah imperiyanın taleyi necə olacaq. Nəzərə almaq lazımdır ki, həmin dövrdə SSRİ kimi imperiyanın qılıncının hər iki tərəfi kəsirdi. Biz faktiki olaraq kəfən geyinib bu riski getdik. Əgər xatırlayırsınızsa, 1991-ci ilin avqustunda Moskvanın özündə də vəziyyət mürəkkəbləşdi və QKÇP məsələsi ortaya çıxdı. Yəni SSRİ rəhbərliyində olan mühafizəkar şəxslər bir araya gələrək hakimiyyəti götürmək və SSRİ-ni saxlamaq üçün repressiyalara, həbslərə başlamaq niyyətində idi. Lakin az sonra QKÇP məğlub oldu. Əgər bu durumda qalib gələn tərəf QKÇP olsaydı, bizim hamımızı dar ağacından asacaqdılar. Sadəcə olaraq, SSRİ-də yaşayan xalqların bəxti onda gətirdi ki, QKÇP məğlub oldu və demokratik qüvvələr qalib gəldi. Biz də təbii ki, müstəqilliyimizi elan etdik. Yəni bu asan başa gəlməyib. Əksinə, ciddi mübarizələr gedib. Həbslərdə yatan, meydanlarda döyülənlər oldu.

- SSRİ-nin saxlanılmasına dair referenduma səs verən deputatların əksəriyyəti sonradan 18 oktyabrda Müstəqillik Aktına dair Konstitusiya sənədini dəstəkləyib. Qısa müddət ərzində bu deputatların mövqeyində kardinal dəyişikliyə səbəb nə olmuşdu?

- Onların mövqeyində belə ciddi dəyişikliyə səbəb xalq faktoru oldu. Həm də QKÇP-nin məğlub olması onların mövqeyində müəyyən dəyişikliklər yaratdı. Həmin dövrdə biz xalqımızın sözünü parlamentdə deyirdik, səsini çatdırırdıq. Həmin deputatlara da müəyyən qədər təsir edirdik. Nəzərə alın ki, bu proses ancaq Azərbaycanda getmirdi. Baltik ölkələri də SSRİ-dən ayrılmaq istəyirdi, Gürcüstanda azadlıq uğrunda mübarizə gedirdi. Sadəcə olaraq Azərbaycan daha çox qurbanlar verməli oldu.

- Niyə?

- Azərbaycan 20 yanvar qırğınından çıxmışdı. Özümüz də bir qədər acıqlı idik. Bizdə məsələlər daha kəskin qoyulurdu. Fikrini dəyişən deputatların çoxu da əlacsız qalıb səs verdilər. Təsəvvür edin ki, səsvermə günü deputatların hamısı zala daxil olmamışdı. Çoxu səs verməmək üçün çıxıb dəhlizlərdə gəzişirdi, parlamentin inzibati binasını tərk edirdilər. Biz onların çoxunun qolundan tutub sessiyaya salırdıq. Yəni müstəqillik bizə asan başa gəlməyib.

- Bu prosesdə iştirak etdiyinizə görə indi hansı hisslərii keçirirsiniz?

- Əsas odur ki, xalqımız azaddır, müstəqil dövlətimiz var. Şəxsən məndə hər hansı bir peşmançılıq yoxdur. Əgər həmin günlər bir daha təkrar yaşansa, mən yenə də eyni addımları ataram. Biz övladlarımız, nəvələrimiz və gələcəyimiz üçün bu əziyyətləri çəkmişik və buna görə də peşman deyilik.

- Sizə xalqın və dövlətin münasibəti necədir?

- Müxtəlif münasibətlər var. Hörmət edəni də, ayağımızdan çəkəni də var. Münasibət birmənalı deyil. Şəxsən mənə cənab Prezidentin münasibəti yaxşıdır. Bir neçə dəfə səhhətimdə yaranan problemlə bağlı öz qayğısını göstərib. Lakin elələri də var ki, ayağımızdan çəkirlər. Məsələn, mənə deputat təqaüdü verilmir. Bilmirəm nəyə görə.

- Xalqın münasibəti necədir?

- Xalqın münasibəti çox yaxşıdır. Hər yerdə hörmət və ehtiramla yanaşırlar. 

Milli.Az


Tags:  Hamımızı dar ağacından asacaqdılar Firudin Cəlilov

RƏYLƏR


Top news