Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İş adamı: “Ağ köynək, qırmızı qalstukla maşını astaca sürürəm, hamı mənə baxır və...” - FOTOLAR

İş adamı: “Ağ köynək, qırmızı qalstukla maşını astaca sürürəm, hamı mənə baxır və...” - FOTOLAR

Date: 19 October 2016 11:28

“Necə varlanmaq, davamlı biznes qurmaq olar?” sualı hər birimizin beynində dolaşır. Xüsusilə də, iş dünyasında Stiv Cobs, Amansio Orteqa, Mark Zukerberq, Karlos Slim, Con Rokfeller kimi kiçik bizneslərdən başlayıb milyardlara sahib bioqrafiyaların mövcud olduğu zamanda...

Sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaradan Azərbaycanda bu gün “hansı işi qurub, pul qazanmaq mümkündür”, “iş adamlarımız bizneslərinə nə dərəcədə məsuliyyətlə yanaşırlar” kimi suallara “Varlanmağın sirri” layihəsində işıq salmağa çalışırıq.

Beləliklə “Varlanmağın sirri” layihəsi çərçivəsində Publika.az-ın müsahibi “La Cravatte İtaliana” şirkətinin (qalstuk şirkəti) təsisçisi və direktoru Yavər Məmmədovdur.

- Yavər müəllim, çox spesifik bizneslə məşğulsunuz. Statistika göstərir ki, bu gün dünyadakı 7,3 milyard əhalinin təqribən 650 milyonu qalstukdan istifadə edir. Bir ildə satılan qalstukların sayı isə 800 milyona yaxındır. Niyə məhz qalstuk?

- Bu iş mənim hobbimdir. Düzdür, hər bir işin arxasında maddi maraq dayanır. Lakin mənim üçün ən vacibi ideyalarımı reallaşdırmaq idi. 2013-ci ildə İtaliyada sevdiyim bir qalstuk dükanının Bakıda butikini açdım. Doğrusu italyanlar bu işi 2013-cü ildə mənə hədiyyə etdilər. İlk dəfə İtalyan brendini 2001-ci ildə görmüşdüm. 3 dəfə cəhd etmişdim amma brendi Azərbaycana gətirə bilməmişdim.

- Niyə məhz İtalyan brendi?

- İtaliyada olanda özümü Azərbaycandakı kimi hiss edirəm. Bu da mühitə görədir. Əbəs deyil ki, İtaliya Azərbaycanın ən böyük ticarət partnyorlarındandır. Eyni zamanda bu ölkə ilə mədəni, siyasi-diplomatik əlaqələr mövcuddur. 2001-ci ildə İtaliyaya müxtəlif işgüzar səfərlərim başladı. Milanın küçələrində gəzəndə qalstuk mağazalarına baş çəkib bir neçə qalstuk aldım və fikirləşdim ki, Bakıda da belə bir mağaza açılsaydı, çox yaxşı olardı. Milana növbəti səfərimdə Endryu adlı sahibkarın mağazasına baş çəkdim, onunla isti, hətta dostluq münasibətlərimiz yarandı. Danışıqlar nəticəsində qarşımda perspektivlər açıldı, endirimlər edildi, nəticədə 2013-cü ilin 10 oktyabrında Bakıda ilk mağazamızı açdıq.

- Bildirdiniz ki, brendi Azərbaycana 2010-cu ildə gətirmək istəmisiniz, amma cəhdləriniz alınmayıb. Niyə?

- O zaman maliyyə imkanlarım imkan vermədi. Eyni zamanda infrastruktur baxımdan bu işi reallaşdırmaq qeyri-mümkün idi. Azərbaycanda ticarət müəssisəsini formalaşdırmaq üçün ya obyekti almalısan, ya da icarəyə götürməlisən. Hər hansı obyekti almağa maddi imkanım yox idi. İcarə isə həddindən artıq baha idi. Qalstuk satışının elə də rentabelli olmadığını da bura əlavə etdikdə risklər artırdı. Sadəcə qismət.

- Yəni bəxtiniz gətirdi?

- Bəli. İtalyanlar məni dükan açmağa həvəsləndirmişdilər, lakin obyekt tapa bilmirdim. Bütün bunları düşünə-düşünə pasportum, vizam cibimdə ümidlərim puça çıxmış şəkildə Səməd Vurğun küçəsi ilə addımlayırdım. Mirzağa Əliyev küçəsinin kəsişməsindəki işıqfora yaxınlaşdım və sağ tərəfdə bir dükanın icarəyə verilməsinə dair elanı gördüm. Dərhal əlaqə saxladım, sahibi ilə razılaşdıq. Bu gün də çox yaxşı əməkdaşlıq edirik.

- Uduzdunuzmu bu qədər riskə, aşağı rentabelə rəğmən?

- Yox. Mən Azərbaycanda qalstuk mədəniyyətini formalaşdırdım. Bu gün Azərbaycanın orta statistik kişisi qalstuk taxmaqda həvəslidir. Bu həvəsi də onlarda mən yaratmışam. Bunu şəxsi müşahidələrim əsasında deyirəm. Axşamlar işdən sonra dincəlmək üçün dükana gedirəm və ora gələn insanların marağını şəxsən görürəm.

- Belə çıxır özünüz də qalstuk satırsınız?

- Müştərilərə tövsiyələrim olur (gülür).

- Məsələn necə?

- Bir dəfə Pakistan səfiri ailəsi ilə dükana gəlmişdi. Bizdən əvvəl başqa dükanda da olmuşdular. Onlara yaxşı mal satmamışdılar. Səfirə o qədər gözəl məlumat verdim ki, 4-5 fərqli qalstuk aldı. Dükanın qapısından çıxanda məndən soruşdu ki, sən özün hansı rəngdə qalstuk taxırsan. Dedim bazar günü istisna olmaqla hər gün qalstuk taxıram. Amma şənbə günləri xüsusilə ağ köynək geyinib qırmızı qalstuk taxıram. Sonra da otururam qara maşına asta-asta sürürəm. Hamı mənə baxır. Çünki qara maşın, mavi şüşə içəridə də ağ köynəkdə qırmızı qalstukda adam ətrafın diqqətini çəkir. Sözümü bitirən kimi səfirin oğlu dükana göz gəzdirib “mənə də qırmızı qalstuk alın” dedi. Yəni məhsulu elə təqdim etmək lazımdır ki, alıcı özü almağa təşəbbüs göstərsin.

- İşinizə çox vurğunsunuz...

- Bu işi mənim qədər heç kəs sevə bilməz. Qalstuk satışı ilə məşğul olan bəzi butiklər bizi təkrarlamağa çalışırlar. Doğrusu öyrənmək pis şey deyil. Lakin belə bir misal var “ayaqqabımı geyinə bilərsən, amma yerişimi yeriyə bilməzsən”. Çox istərdim ölkədə ixtisaslaşmış mağazalar olsun. Bu vacibdir. Çünki bəzən iş adamları bir qalstuku seçib almağa günlərini sərf edirlər. İxtisaslaşmış dükanlar açılarsa, vaxt, enerji itkisi aradan qalxar.

- Maraqlıdır, orta statistik azərbaycanlı qalstuk seçəndə hansı rənglərə üstünlük verir?

- Qapıdan içəri girən müştərilərin əksəriyyətinin sualı bu olur “sizdə dövlət qulluğuna qalstuk var?” Məlum olur ki, göy qalstuku nəzərdə tuturlar. Azərbaycanda üç rəngdə qalstuk daha çox satılır – qara, boz, göy. İşə yeni başlayanda bir nəfər mənə dedi ki, oğlum, əgər sən Azərbaycanı bu üç rəngdən xilas edə bilsən böyük iş görmüş olacaqsan.

- Şərikiniz var, yoxsa dükan yalnız sizə aiddir?

- Dükan sırf mənim arzularım əsasında yaradılıb.

- Deyirlər qalstuk həm də atributdur. Doğrudurmu?

- Oskar Ualdın çox möhtəşəm sözü var: “Gözəl bağlanmış qalstuku həyatda atılmış ən ciddi addımlardan biri hesab etmək olar”. Amerikada prezidentliyə namizədlər düzgün qalstuk taxmadıqlarına görə debatları uduzublar. Düzgün geyim seçməyi bacarmaq lazımdır.

- Siz özünüz qalstukunuzu necə bağlayırsınız?

- Kimi deyir qalstuku bağlamağın 85, kimisi də deyir 120 növü var. Hamısı boş fikirlərdir. Qalstuk bağlamağın bir növü var o da düyün.

- Qışda və yayda geyilən qalstuklar varmı?

- Təbii ki. Yaz qalstukları, hündürboylu, hətta yekə qarnı olan insanlar üçün qalstuklar mövcuddur. Azərbaycanda belələri kifayət qədərdir. Belə insanlar üçün qalstukların uzunluğu 2 metrə çata bilir və biz belələrini taxmağı məsləhət görürük, çünki normal ölçüdə olanlar onların boğazlarında qalır. Qalstukda eleqantlıq etalonu bel kəmərinə dəyməmək və keçməmək sayılır. Həmçinin bizdə qış fəsli üçün yun qalstuklar və yaz fəsli üçün parlaq rəngli qalstuklar mövcuddur. Hətta yay fəsli üçün də qalstuklar var. Hər bir tədbir üçün qalstuk seçməyi öyrənmək və seçim prosesinin özündən zövq almaq lazımdır.

- Bəs insanın peşəsi, yaşı onun qalstuk seçiminə təsir edir?

- Edir. Qalstuk seçimindən insanın xarakterini, onun cəmiyyətdəki yerini, peşəsini, əhvalını fərqləndirmək mümkündür. Məsələn, heç də hər kişi qırmızı qalstuku seçmir – bunun üçün cəsarət lazımdır. Bir çoxları müəyyən yaşdan sonra onu taxmağı şəninə sığışdırmır, amma bununla razı deyiləm.

- Maraqlıdır, qalstuk dəbində izlənilən trend nədir?

- Ancaq ölçüdə trend var. 7 sm,7,5 sm,8 sm,9 sm-lik qalstuklar hazırlanır. Məsələn, “Stefano Ricci” 9 sm-lik qalstuklar istehsal edir. Avropa standartı 8 sm-dir. Azərbaycanda bir müddət əvvəl 7 sm-lik dəb almışdı. Çox pis görünürdü. “Paşa Sığorta”dan korparativ sifariş aldığımız zaman onlar 7 sm-lik qalstuk istəyirdilər. İtaliyanlar dedi razılaşma, çünki loqoları görsənməyəcək, effektivliyi itəcək. “Paşa Sığorta” üçün 7,5 sm-lik qalstuklar hazırlandı. Və bu, çox gözəl də alındı.

- Deyəsən korporativ sifarişləriniz çox olur?

- Gülür. İşçisinə, özünə hörmət edən şirkətlərin bir çoxu. Məsələn, “Fairmont Hotel”, “Xalq Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, Mədəniyyət və Turizm Nazirliyi, “Bank Technique”, “Paşa Bank”, “Azər Türk Bank”, “Garant Holding”, “Pasha Holding”, “Toyota Center Bakı” və sair.

- Gələcəkdə qalstukları Azərbaycanda istehsal etməyi düşünürsünüz?

- Bunun üçün böyük infrastruktur lazımdır. Eyni zamanda bazar bunu tələb etməlidir və region ölkələri ilə danışıqlar aparılmalıdır. Çünki Azərbaycanın qalstuk bazarı böyük deyil. Sponsor olsa, müəssisəni yaradaram. Lakin rentabelli olmayacaq.

- Sizin ideyanız əsasında hazırlanan qalstuklar varmı?

- Qalstuk hər bir insanın üzərində gəzdirdiyi yaraşıqlı aksessuardır. Bunun üzərində olan təsvirlər, şəkillər gözəl informasiya daşıyıcısıdır. İlk olaraq Azərbaycana aid xarici muzeylərdə saxlanılan iki qədim xalçanın simvollarını qalstukun üzərinə dizayn etdim. Qarabağ xalçası və 19-cu əsrə aid kilim qalstuk üzərinə keçirildi. Layihə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəyənildi və istehsala başlanılması üçün İtaliyaya göndərdik. Bundan ilhamlandım və ikinci böyük layihəyə imza atdım. Bu hamının bildiyi məşhur Qarabağ qalstuklarıdır. Hansı ki, həmin qalstukların üzərində tar, kaman, qaval, işğal olunmuş rayonların adları, dəbilqə, Qarabağın simvolu hesab edilən Xarı Bülbül təsvir edilib. Bütün konsepsiyanı hazır edəndən sonra baxdım ki, bir şey unudulub o da Qarabağ xalçası. İtalyanlar istəyimizi qəbul etdilər. Qalstukun arxasında ensiz hissəsinə 19-cu əsrə aid Qarabağ xalçasının kontur naxışları yerləşdirildi. Bununla da Qarabağ qalstuku meydana gəldi. Bu gün Azərbaycanın tanınmış şirkətləri, holdinqləri həmin qalstukları xaricdən gələn qonaqlara hədiyyə edirlər. Qalstukun özü ilə bərabər qutusuna yerləşdirlən pasportu da informasiya daşıyır. Belə ki, pasportda qalstukun mahiyyəti, hansı informasiyanı daşıması, simvolların izahı 2 dildə əksini tapıb. Daha bir qalstuk dizayn etmişəm. Bu da Heydər Əliyevə ithaf olunub. Çox sadə qalstukdur üzərində Heydər Əliyevin imzası var. Arxa tərəfində isə əzəmət rəmzi olaraq qızılı palıd yarpaqları əlavə edilib.

- Bu dizaynlar hansı araşdırmaların nəticəsində ərsəyə gəlir?

- Heç nəyi araşdırmıram. Nəyə də imza atıram gözəl alınır. Bilirsiniz səbəb nədir? Hər şey içdən gəlməlidir. Mən təkrarlamağı, nəyisə köçürməyi xoşlamıram. Plagiat heç kəsə xeyir gətirmir. “Xalq Bank”ın qalstuklarını dizayn edərkən nə qədər layihə təqdim etdik bəyənmədilər. Axırda götürdüm bir kağızın üzərinə qalstuk çəkdim və qırmızı dairə əlavə etdim. Göndərdik italyanlara. Bir saatdan sonra mavi rəngdə sol aşağı küncdə qırmızı loqo olan tam mavi qalstukun dizaynı gəldi. Dizaynın adını qoydum dan ulduzu və çox bəyənildi.

- Bir qalstukun istehsal xərci neçəyə başa gəlir?

- Bu kommersiya sirridir. Amma onu deyə bilərəm ki, bizim qalstukların Avropada satış qiyməti 35 avrodan başlayır.

- Bakıdakı butikinizdə satış qiymətləri necədir?

- İtalyanın brend məhsulları iki qrupa bölünür: seriya istehsalı və fərdi istehsal olan məhsullar. Bizim qalstuklar fərdi istehsal olan məhsullardır. Buna görə də qiyməti digərlərindən iki dəfə fərqlənir. Qalstuklar hər dəfə 30-40 ədəd gəlir. Qiymətlər 70-120 manat arasında dəyişir.

- Şəxsi qardirobunuzda ən ucuz və ən bahalı qalstukun dəyəri necə dəyişir?

- Desəm ki, 2001-ci ildə aldığım qalstuku hələ də taxıram gülməli gələcək. Qalstuklarımı əsasən İtaliyadan 35-38-40 avroya almışam. Qalstuka 50 avrodan artıq pul verməmişəm.

- Yəni bahalı qalstukunuz yoxdur?

- Var. Amma onları mənə şirkət hədiyyə edib. Çox vaxt onları taxanda soruşurlar bundan niyə “Andrew’s Ties”da yoxdur. Deyirəm olmadı ki, mən taxandan siz də taxsanız bunun marağı qalmaz.

- Deyəsən, özünüzün qalstuk hədiyyə etməklə aranız yoxdur?

- Ad günlərinə gedəndə, içdən gələndə hədiyyə aparıram. Amma hədiyyə apardığım həmin adamların biri də ad günümdə mənə hədiyyə verməyiblər. Yəqin, düşünürlər qalstuku elə onlara verməliymişəm (gülür).

- Yavər müəllim, ilk qalstukunuzu nə zaman almısınız?

- İlk qalstukum pioner qalstuku olub. Onu elə bağlayırdım ki düyünün üzərinə qırış düşmürdü. Hətta dayım deyirdi ay bala özünü niyə boğursan. Sonra komsomola keçdim qalstuku çıxardım. On birinci sinifdə oxuyanda özümə nazik qara qalstuk aldım. Universitet illərində isə qalstuklarımın sayı artdı.

- Qiymətləri necə idi?

- Ucuz idilər. Atam Qarabağ müharibəsinə getmişdi, ailəmizin imkanları elə də yaxşı deyildi.

- Buna rəğmən qalstuk alırdınız?

- Bəli. Hətta o qədər çox qalstuk almışdım ki, bir gün anam onlardan qurama düzəltdi. Universiteti bitirəndən sonra orada qaldım və dekan müavini işlədim. Həmin vaxt da yeni ailə qurmuşdum ucuz qalstuklar alırdım. Oradan birbaşa Təhsil Nazirliyinə işə gəldim. Nazirliyə ilk işə çıxdığım gün taxdığım qalstuk hələ də yadımdadır. Atlas parçadan özbək naxışlı qalstuk idi. O qədər ucuz idi ki, düyünü görünmürdü. Bacanağım mənə 3-4 ədəd özünün bahalı qalstuklarından hədiyyə etdi. Bu atamın xoşuna gəlmədi. Düşündüm vaxt gələr özüm hamıya qalstuk sataram.

- Təxminən nə qədər qalstukunuz var?

- 150-dən çox.

- Hər birini gündəlikdə istifadə edirsiniz?

- Edirəm. Qalstukları hətta rənglərə görə qruplaşdırmışam. Ən xoşuma gələnləri qırmızı rəngdədir.

- Kənardan baxıb kiminsə boynundakı qalstukun brendini təyin etdiyiniz olurmu?

- İpək ipəkdir. Bizim qalstuklarımız, eləcə də “Versace”, “Hugo Boss” və “Armani” hamısının ipəyi bir şirkət tərəfindən hazırlanır. Sadəcə birinin üzərinə “Vesace”, digərinə “Hugo Boss” yazılır. Yəni qiymətlərdəki fərq etiketə görə yaranır. Adını çəkməyəcəm, amma şirkətlər var ki, böyük inzibati xərclər səbəbindən ipəyin maya dəyərini aşağı salırlar. Bu halda da keyfiyyət aşağı düşür.

- Tutaq ki, keyfiyyətsiz ipəkdən hazırlanan baha qiymətə qalstuk almışıq. Aldadıldığımızı necə müəyyən edə bilərik?

- Yaxşı qalstukun çəkisi 75 qram olmalıdır. Qalstukun istifadə müddəti onun keyfiyyətindən xəbər verir. Qalstukun istifadəsi onun açılıb-bağlanma meyarı ilə ölçülür. Qalstuk 86 dəfə açılıb bağlanmaldır. İtalyan istehsalçıları bağlanma sayını artırmaq üçün qalstukun iç tərəfini yundan hazırlayırlar. Nəticədə bağlanma meyarını 86-dan 140-a qaldırıblar.

- Bir qalstukun 86 dəfə bağlanma müddəti varsa, bu, o deməkdir ən yaxşı halda qalstuku 2 ay 20 gün taxmaq olar?

- Baxır necə saxlayırsınız. Evə gələndən sonra qalstuku mütləq çıxarmaq və qarderobda xüsusi yerdə asmaq lazımdır. Həmçinin əgər bir qalstuku bu gün taxmısınızsa, sabah taxmayın, onda o öz formasını və keyfiyyətini daha uzun müddət saxlayacaq.

- Qalstukdan başqa hobbiniz varmı?

- Tarda ifa etmək və şəkil çəkmək. Tarda ifa edəndə kiminsə məni dinləməsini istəyirəm. Bəzən mətbəxin pəncərəsini açıram ki, qonşuya da səs getsin. Rəsmə gəlincə, insan şəkili çəkməyi sevmirəm.

- İdmana marağınız yoxdur?

- Fiziki hazırlığım olsaydı, hərbçi olardım. Hərbi yerişdən çox xoşum gəlirdi.

- Tərəfdaşlarınızla danışıqları hansı dildə aparırsınız?

- İngilis.

- İtaliyanı bu qədər sevdiyiniz halda dillərini öyrənə bilməmisiniz?

- Yox. Amma öyrənmək istərdim. Məni İtaliyaya təkcə "Andrew’s Ties” şirkəti bağlamır. Məni İtalyayla bağlayan daha bir cəhət Turindəki Beynəlxalq təhsil mərkəzindəki müəllim fəaliyyətimdir, ildə bir neçə dəfə müxtəlif ölkələrdən olan dinləyicilərə maliyyə məsələləri ilə bağlı konsultasiya verirəm. Axı mən 18 ildir ki, maliyyə sahəsində işləyirəm və hazırda Təhsil nazirliyinin maliyyə məsələləriylə bağlı iki böyük layihəsində menecer kimi çalışıram.

Leyla Əliyeva,

Fotolar Elçin Muradındır



















Tags:  adamı köynək qırmızı qalstukla maşını astaca sürürəm hamı mənə baxır FOTOLAR

RƏYLƏR


Top news