DGK: Azərbaycan yerli məhsulların ixrac yollarını asanlaşdırır

DGK: Azərbaycan yerli məhsulların ixrac yollarını asanlaşdırır
12:37 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Gömrük sənədləşməsinin sadələşdirilməsi Azərbaycan məhsullarının xarici bazara çıxarılmasına yardım edəcək".
"Report"un məlumatına görə, bunu bu gün Bakıda “Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Şahin Bağırov deyib. 
"Azərbaycanın gömrük sistemində islahatlar davam etdirilir. Gömrük prosedurlarının sadələşdirilməsi təkcə gömrük sənədlərinin azaldılması deyil, eyni zamanda gömrük bəyənnamələrinin elektron qaydada təqdim edilməsi ilə bağlıdır. Gömrük orqanları İqtisadiyyat Nazirliyi ilə bu sahədə birgə tədbirlər həyata keçirir. Bu gün Komitə əsas diqqətini kənd təsərrüfatı məhsullarının ixracına yönəldib”, - deyə DGK rəsmisi qeyd edib.
Ş.Bağırov vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında kənd təsərrüfatı məhsullarının ixracına dair qarşılıqlı sənəd imzalanıb: "Bu sənədə əsasən, Rusiyadan Azərbaycana idxal olunan kənd təsərrüfatı məhsulları sadələşdirilmiş qaydada Azərbaycan ərazisinə daxil olur. Bu sənəd həmçinin ixracın təşviqinə də çox böyük imkan verir. Gömrük sahəsində əsas məsələ sərhəd keçid prosedurlarının sadələşdirilməsidir. Bu sahədə əsas məsələ idxal məhsullarına yönəlsə də, “yaşıl dəhliz” prinsipi ilə ixrac yolları da asanlaşdırılır. Gömrük orqanı ixracın stimullaşdırılmasında öz üzərinə düşən işləri tam olaraq həyata keçirəcək".
 "Azərbaycan Rusiyaya meyvə idxalında 2,7%, tərəvəz idxalında 1,3% paya malikdir və Rusiya idxalçıları arasında 11-ci yeri tutur", - deyə Komitə rəsmisi əlavə edib. 
"Bu il Azərbaycanda baramaçalığın inkişafında çox ciddi işlər aparılıb. 1,6 mln. ədəd tut tinglərinin alınması üçün Çinlə müqavilə imzalanıb. Həmçinin, ölkədə tut bağlarının salınması üçün işlər görülür. Növbəti ildə isə 4 min qutu baramanın alınması nəzərdə tutulub", - deyə sədr müavini bildirib. 

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/dgk-azerbaycan-yerli-mehsullarin-ixrac-yollarini-asanlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR