Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazirlik: "Bəzi sahibkarlara cinayət işi açılıb"

Nazirlik: "Bəzi sahibkarlara cinayət işi açılıb"

Date: 19 October 2016 13:12

Bir sıra vergi ödəyiciləri onlar üçün yaradılmış şəraiti düzgün qiymətləndirə bilmədiklərinə görə vergi qanunvericiliyinin pozulması hallarına hələ də rast gəlinir.

Milli.Az xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi auditi və operativ vergi nəzarəti idarəsinin rəisi Toğrul Quliyev bildirib.

Onun sözlərinə görə, 2015-ci ilin sonlarından sahibkarlıq subyektlərində yoxlamaların məhdudlaşdırılması və vergi nəzarəti tədbirlərinin sayının azaldılması sahibkarlara öz fəaliyyətlərini genişləndirmək üçün əlavə imkanlar verib. 2016-cı ilin yanvar-sentyabr ayları ərzində 4441 səyyar vergi yoxlaması başa çatıb ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yarıbayarı az olub: "2015-cı ilin yanvar-sentyabr ayları ərzində 58.574 obyekt üzrə vergi nəzarəti tədbiri keçirilərək 66.527 akt tərtib edildiyi halda, 2016-cı ilin eyni dövrü üzrə 12.735 obyekt üzrə vergi nəzarəti tədbiri keçirilərək 14.567 akt tərtib edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzarət tədbirləri nəticəsində tərtib edilmiş akt sayının 4,6 dəfə azalması deməkdir. 

Operativ vergi nəzarəti tədbirləri zamanı cari ilin yanvar-sentyabr aylarında tətbiq edilmiş inzibati cərimə və maliyyə sanksiyalarının məbləği keçən ilin ilk doqquz ayı ərzindəkinə nisbətən 8,5 dəfə azalaraq cəmi 2,3 milyon manat təşkil edib".

T.Quliyev qeyd edib ki, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması, Vergi Məcəlləsinin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsi və (və ya) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılması faktlarının aşkar edilməsi məsələləri üzrə keçirilmiş operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə görə 7292 halda vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsindən imtina edilməsi haqqında qərar çıxarılıb:
 

"Göründüyü kimi, vergi orqanları tərəfindən həyata keçirilən operativ nəzarət tədbirlərində əsas məqsəd heç də cərimə tətbiq etmək deyil, vergidən yayınma hallarının qarşısını əvvəlcədən alaraq, vergi mədəniyyətinin yüksəldilməsinə şərait yaratmaqdır. Bunun qarşılığında vergi ödəyiciləri də öz əməllərinə görə cavabdeh olmalı və qanunvericiliklə müəyyən edilmiş vəzifələr əsasında fəaliyyət göstərməlidirlər. Lakin bir sıra vergi ödəyiciləri onlar üçün yaradılmış şəraiti düzgün qiymətləndirə bilmədiklərinə görə vergi qanunvericiliyinin pozulması hallarına hələ də rast gəlinir.

Bəzi hallarda yoxlamaların sayının azaldılmasından sui-istifadə nəticəsində vergidən yayınma hallarına yol verilir. Bu hallar daha çox nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması, əmək müqavilələri hüquqi qüvvəyə minmədən şəxslərin muzdlu işə cəlb edilməsi, gəlir və xərclərinin uçotunun aparılmaması, satış məqsədilə mallar alınarkən rəsmiləşdirilmənin həyata keçirilməməsi zamanı baş verir.

Bu məqsədlə cari ilin aprel-sentyabr aylarında aparılmış vergi nəzarəti tədbirləri zamanı 18 vergi ödəyicisi tərəfindən 398 nəfərin əmək müqavilələri hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb olunduğu aşkar edilib. Bu hallar Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olduğu üçün toplanmış sənədlər əsasında cinayət işi başlanılıb".

İdarə rəisi həmçinin bildirib ki, riskli hesab edilmiş 1148 vergi ödəyicisi üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı qanun pozuntuları aşkar edilib və aparılmış xronometraj metodu ilə müşahidələr zamanı dövriyyənin orta hesabla 4,7 dəfə azaldıldığı müəyyən edilib.

Bundan əlavə, aksizli malların istehsalı və satışı fəaliyyəti üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı 23,7 min manat məbləğində 2,4 min ədəd saxta aksizli mal, 55,8 min manat məbləğində 16,7 min ədəd aksiz markası olmayan malların satışı halları aşkar edilib.

Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 312 halda qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman-mərc oyunlarının təşkili və ya keçirilməsi halları aşkar edilərək İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib edilərək məhkəmələrə göndərilib və məhkəmələr tərəfindən tətbiq edilmiş inzibatı cərimələrin miqdarı 439,5 min manat təşkil edib.

İlkin İzzət

Milli.Az


Tags:  Nazirlik Bəzi sahibkarlara cinayət işi açılıb

RƏYLƏR


Top news