Azərbaycanda sahibkarların "buxqalter" dərdi

Azərbaycanda sahibkarların "buxqalter" dərdi
13:57 19 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzi sahibkarlar öz gəlirlərinin və xərclərinin uçotunu aparmır və ya uçotun aparılması üçün mühasiblərdən istifadə etmirlər.

Milli.Az xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi auditi və operativ vergi nəzarəti idarəsinin rəisi Toğrul Quliyev bildirib.

İdarə rəisi qeyd edib ki, vergi ödəyiciləri tərtib edilmiş aktlarla razılaşmadıqda onların hüquqlarının qorunması, narazılıqlarının aradan qaldırılması məqsədilə həmin aktlara yuxarı vergi orqanı tərəfindən baxılır. Bu məqsədlə yuxarı vergi orqanı tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan müddəaların düzgün tətbiq olunması və prosedur qaydalarına tam əməl edilməsi araşdırılır. Tərtib edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğun olmadıqda vergi ödəyicisi məsuliyyətə cəlb olunmur və bu hal vergi ödəyicilərinin tərtib olunmuş aktlardan narazı qalmamaları ilə nəticələnir:


"İdarəyə daxil olan şikayət xarakterli müraciətlər "Vətəndaş müraciətləri haqqında" və "İnzibati icraat haqqında" Qanunun tələblərinə uyğun olaraq baxılır. Şikayətlərin araşdırılması zamanı məlum olur ki, kiçik və orta sahibkarlıqla məşğul olan şəxslər öz maliyyə-təsərrüfat fəaliyyətlərinin (gəlirlərinin və xərclərinin) uçotunu aparmırlar və ya uçotun aparılması üçün mühasiblərdən istifadə etmirlər. Sahibkarlar mühasibat xidmətindən istifadə etməklə öz iqtisadi fəaliyyətlərinə nəzarəti təşkil edə, bununla da gələcəkdə baş verənlərin proqnozunu müəyyənləşdirə, ən əsası da qanunvericiliyin tələblərinin pozulmasının qarşısını ala bilərlər".

T.Quliyev əlavə edib ki, Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinin haqlı narazılıqları olduğu hallarda onların şikayətləri təmin olunur. Bununla yanaşı, ölkədə islahatların genişləndiyi bir vaxtda vergi ödəyicilərinin də üzərinə müəyyən öhdəliklər düşür: "Dövlət tərəfindən sahibkarlar üçün əlverişli biznes mühiti yaradılıb. Sahibkarlar da, öz növbələrində, qanunvericiliyin tələblərinə əməl etməli, gəlir və xərclərin uçotunu düzgün aparmalı, vergiləri dövlət büdcəsinə vaxtında və tam həcmdə ödəməlidirlər. Bu, hər bir vergi ödəyicisinin Konstitusiya ilə müəyyən edilmiş vəzifəsidir və hamı bu vəzifəni yerinə yetirməyə borcludur".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480992.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR