Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Dədə-baba qaydası ilə qohumla evlənmək lazımdır..." - FOTO

"Dədə-baba qaydası ilə qohumla evlənmək lazımdır..." - FOTO

Date: 19 October 2016 14:47

Azərbaycan milli komandasının və "İnter"in üzvü Ruslan Abışov "qafqazinfo"ya müsahibə verib.

Milli.Az həmin müsahibəni təqdim edir:

- Milli komandanın uğurlu çıxışı, 3 oyuna 7 xal toplaması sizə də yuxu kimi gəlir?

- Müəyyən qədər, bəli. Gözləmirdik ki, Norveçi udub, Çexiya ilə səfərdə 0:0 hesablı nəticəyə imza atacağıq. Bu çox yaxşı nəticədir. Unutmayaq ki, Çexiya və San-Marino ilə Bakıda da üz-üzə gələcəyik. Bundan başqa, Şimali İrlandiya ilə evdəki oyunda da nəticə qazanmaq olar. Almaniya ilə oyunları kənara qoyuram. Çünki onlar aşkar favoritdirlər və həddən artıq güclüdürlər. İkinci pillə üçün oynamaq mümkündür. Digər rəqiblərlə mübarizə aparıb pley-off-a adlamaq olar. İndi milliyə inam daha çox artıb.

- Yığmamıza bu inamın səbəbi yığılan 7 xaldır. Düşünümürsüz ki, 1-2 ardıcıl məğlubiyyət olsa, hər şey dəyişəcək?

- Azarkeşlər sağ olsunlar, hər zaman bizə dəstək olublar. Bundan əvvəlki seçmə mərhələlərdə də hər zaman stadionlarda anşlaq var idi. Sadəcə bizim səhvlərimizdən bəzən xallar yığa bilmirdik. Çox pis səhvlər edirdik. Amma indi hər kəs inanır və pley-off-a çıxmaq üçün şansımız var. Sona qədər mübarizə aparmaq lazımdır. Ünvanımıza gələn təriflər ayağımızı yerdən qaldırmır, əksinə, bizə motivasiya üçün daha çox kömək edir. Azarkeş dəstəyi olduğu zaman futbolçu da bir başqa cür oynamağa başlayır. Uğur qazanmaq lazımdır. "Niyə də yox?" şüarının da müəyyən rolu var bunda. Çünki kimlə söhbət edirsən, sonda deyir ki, "niyə də yox?" Kim bunu fikirləşibsə, çox yaxşı düşünüb.

- DÇ-2018-in final mərhələsinə yollanmağımız üçün nə etməliyik?

- Almaniya millisini çıxmaq şərti ilə digər komandaları Bakıda udmalıyıq. Norveç və Şimali İrlandiya səfərlərindən 1 xalla dönsək, yaxşı olar. O zaman hər şey istədiyimiz kimi olacaq.

- Sizin, həm də digər futbolçulardan fərqli olaraq, şou-bizneslə müəyyən əlaqələriniz var. "Kişi özünə baxmaz" prinsipinə bizim futbolçular daha çox riayət edirlər. Niyə belədir?

- Mən də özümə elə çox fikir verən deyiləm. Sırf fikrim geyim almaq və ya özünə baxmaq deyil. İnsan özünə paltar alarkən normal şəkildə seçir. Mən də geyim almaq üçün gedəndə özümə yaraşanı seçirəm. Təbii ki, rəngini nəzərə almaqla (gülür). Ən çox da qardaşım Sərxanla məsləhətləşirəm. Amma çox xoşuma gələn geyim olsa, heç kimin fikrinə qulaq asmaram.

- Heç "kaş ki, model olardım" demisiniz?

- Yox, heç vaxt bu barədə düşünməmişəm. Ətrafda bunu deyənlər çoxdur. Amma futbolçu olmaq daha yaxşıdır. Musiqiçi olmaq arzum var idi. Ailəm istəyirdi ki, mən skripkada ifa edim. Musiqi məktəbinə də göndərmək istəyirdilər. Lakin futbola yönəldim. Çünki mən futbolu çox sevirdim. Bu gün də düşünürəm ki, futbolçu olmaqla bağlı düzgün qərar vermişəm.

- Bəlkə, karyeranızı bitirdikdən sonra...

- Karyeramı bitirdikdən sonra yenə də futbol sahəsində işləmək fikrindəyəm. Alınsa, məşqçi olacağam. Amma bunun üçün də zaman lazımdır. Əgər görsəm ki, məndən yaxşı məşqçi olar, o zaman işləyəcəm. Gördüm ki, yox, bu iş düzəlmir biznes sahəsinə yönələcəm. İstəyərəm ki, bir biznesim olsun. Modelliklə məşğul olmaq fikrim yoxdur. Amma hobbi olaraq kinoya çəkilmək, klipə çəkilmək yaxşı olar. Çünki çox maraqlıdır.

- Dediyim kimi, şou sahəsinə yad olmayan nadir idmançılardansınız. Ümumiyyətlə, bu necə baş verdi?

- İlk klip Sevda Yahyayevanın prodüseri Pərviz Əsgərovla qardaşım Sərxanın ideyası idi. Qardaşım da mənə təklif elədi və müsbət qarşıladım. Sevda da bunu istədi və klip İstanbulda çəkildi. Fikrimcə, çox yaxşı alındı. Həm də səs-küylü klip oldu. Hər kəs bu klipdən danışmağa başladı. Bu klip mənim futbol karyerama da müsbət təsir elədi. Mənim daha çox əhatədə tanınmağıma kömək etdi.

- Son klipin təqdimatına komanda yoldaşlarınızı da dəvət etmişdiniz? Amma onlar sizinlə daha çox zarafatlaşdılar...

- Ağabala Ramazanov mən içəri girəndə dedi ki, Şəmi müəllim gəldi. Pencəyimin qırmızı rəngdə olmasına da lağ edirdilər. Hətta bazada arada gəlib mənə deyirlər ki, pencəyini ver, toya gedirik, geyinək (gülür). Sevda ilə birinci klip çəkiləndən sonra komanda yoldaşlarım bazada qaldığım otağa gəlib girəndə "Gecdir daha" mahnısını oxuyurdular. Sonra bu milli mətbəxlə bağlı klip çəkiləndən sonra otağıma "üç bacı dolması da var" oxuya-oxuya girirlər. Ən çox da Ağabala zarafat edir.

- Komanda yoldaşlarınıza da klipə çəkilməyi məsləhət görürsünüz?

- Əlbəttə. Bu çox yaxşıdır. Çox istəyərəm ki, digər komanda yoldaşlarım klipə çəkilsinlər. Klip olmasa da, reklam çarxlarına çəkilmək mümkündür. Amma bizim futbolçular belə şeylərdən qaçırlar. Bunun səbəbini özüm də bilmirəm. Bunu yaxşı hal saymıram. Futbolçu özünü mütləq belə şeylərdə sınamalıdır. Bu onun karyerasına da təsir edir. Reklam olaraq çox güclü təsiri var.

- Ümumiyyətlə, bizim idmançılar ictimaiyyət üçün böyük əhəmiyyət kəsb edən hadisələrə münasibət bildirmirlər. Amma Türkiyəni götürsək, onların futbolçuları və ya digərləri dərhal öz sosial şəbəkə hesablarında reaksiya verirlər...

- Bilirsiz, bizdə o qədər ciddi hadisələr baş verməyib. Allah uzaq eləsin, o cür hadisələr olmasın. Amma Azərbaycanda hər hansı hadisə baş verəndə biz də futbolçularla bunu müzakirə edirik. Düzdür, öz aramızdakı söhbətin cəmiyyət üçün mənası yoxdur. Digər tərəfdən dövlət hər şeyi özü həll edir. Biz də öz aramızda özümüz üçün qiymət veririk.

- Bizim futbolçular niyə modellərlə, məşhur xanımlarla ailə həyatı qurmurlar? Məsələn, mentalitet olaraq bizə yaxın Türkiyədə futbolçular məşhurlarla evlənir, sevgili olur...

- Bizim mentalitet bütün ölkələrdən fərqlidir. Elə ona görə də modellə, müğənni ilə evlənmək çətindir. Bəlkə, gələcək nəsillər bunu edər. Mənim həmyaşıdım olan futbolçular hamısı evlidir və yaxşı ailələri var. Biz Türkiyə və ya Avropa olmaq üçün hələ illər gözləməliyik. Gələcəkdə, bəlkə, nələrisə dəyişmək mümkün olsun. Heç kimin şəxsi həyatına qarışmaq istəmirəm. Hər kəsin həyatına hörmət edirəm. Mən özüm modellə evlənmərəm. İstəsəm də, ailəm buna imkan verməz. Ən azı, bunu başa salardılar.

- Ənənəvi olaraq evlilik məqamında qohumlara, tanışlara üz tutmaq lazımdır?

- Bizdə belədir də. Dədə-baba qaydası ilə. Ailənin tanıdığı-bildiyi biri. Onunla evlənmək lazımdır. Qohumlarla evlənmək fikri də bizim mentalitetimizin qaydasıdır.

- Belə görünür, siz də qohumla evlənirsiz. Amma bu bir az qəribə qarşılandı. Çünki şablon fikirlərdən uzaq bir futbolçunun sevdiyi biri ilə deyil, qohumla evlənməsi gözlənilməz idi...

- Sevgiyə inanmıram. Ümumiyyətlə, heç vaxt sevgi barədə düşünməmişəm. Mənim üçün sevgi ana ilə bala arasında, ailə arasındadır. Ailədə isə ər və arvad bir-birinə hörmət etsə, hər şey yaxşı olacaq. Hörmət olan yerdə başqa heç nəyə ehtiyac qalmır.

- Ad gününüzə Ronaldunu çağırmaq istədiyinizi demişdiniz. Onunla görüşmək arzunuz böyükdür?

- Sual verdilər ki, ad gününüzə məşhur insanlardan kimi dəvət edərsiz? Mən də Kriştianu Ronaldu cavabını verdim. Çünki onu insan kimi də, futbolçu kimi də çox bəyənirəm. Həm meydanda etdikləri, həm də futboldan kənar insanlara yardım etməsi çox alqışalayiq haldır. O, milyonlarla insana nümunədir.

- Ronaldu ilə 2 dəfə, 2012-ci və 2013-cü illərdə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı oyunlarda üz-üzə gəlmisiniz. Həmin vaxt ona yaxınlaşdınız?

- Yox, həmin vaxt ona yaxınlaşmadım. Çünki mən ingilis dilini yaxşı bilmirəm. Bu səbəbdən nəsə danışmadıq. Amma onunla görüşmək, oturub söhbət etmək istəyərdim. Hər hansı bir tədbirdə, iş barəsində görüşmək istəyərdim.

- Ruslan Abışov Kriştianu Ronaldu kimi insanlara yardım etməyə çalışır?

- Müəyyən qədər. Çünki vaxtımız az olur. Deyəcəksiniz ki, Kriştianu Ronaldunun da vaxtı yoxdur. Amma onun bu işlərlə məşğul olan xüsusi köməkçiləri var. Biz də harasa dəvət olunanda, uşaq evlərinə çağırılanda sevə-sevə gedirik. Əgər hər hansı belə təşkilat bizdən uşaq evlərinə yardım etmək üçün dəstək istəsə, hər zaman hazırıq. Amma tək-tək bununla maraqlanmaq mümkün deyil. Məsələn, bir xəstə uşaq üçün videoya çəkildim. Ondan sonra bir neçə nəfər mənə zəng etdi, ailəsinin nömrəsini istədi. Onlar da yardım əlini uzatmaq istəyirdi. Biz də hər zaman belə şeylərə hazırıq.

- Rusiyanın "Rubin" klubuna transfer olunmağınız ölkədə səs-küy yaratsa da, karyeranız alınmadı. Vətənə dönüb müəyyən eniş yaşadınız...

- "Rubin" kimi komandaya keçmək böyük şans idi. Bilirdim ki, orda məni çətinliklər gözləyir. Düzdür, həmin çətinlikləri adlaya bildim. Amma başqa səbəblər var idi, mənə oynamağa imkan vermədi. Bu barədə danışmaq düzgün çıxmaz. Futboldan kənar söhbətlər var idi. İstənilən halda böyük təcrübə idi. Kazanda yaşamaq da çətin idi. Amma dözürdük. Bu mənim üçün təcrübə oldu. Növbəti dəfə legioner həyatı yaşasam, eyni problemlərdən uzaq olaram. Hər şeyi fərqli edərəm.

- Bizim futbolçuların böyük problemi olan darıxmaq karyeranızın qarşısını almadı?

- Yox, heç darıxmırdım. Orada hər şey yüksək səviyyədə idi. Futbol oynamaq üçün əla şərait yaradılmışdı. Oradakı şəraiti görəndə futbolçu oynamaq üçün daha çox "yanır". Kazandan Azərbaycana gələndə burda 3 gün belə qala bilmirdik. Darıxırdım ora üçün. Bacardığım qədər tez qayıdırdım. Kazanı öz evim sayırdım. Azərbaycana gələndə özümü qonaq hesab edirdim. Sadəcə klubun idarəçiliyində olan problemlər imkan vermədi. O vaxtkı baş məşqçimiz Kurban Berdıyev isə daim mənə dəstək olurdu. Mənim transferim üçün Bakıya belə gəlmişdi. Sonra "Rostov"a getdi. Amma bu klubun maliyyə problemləri çox idi. Düzdür, fikirləşirdilər ki, məni ora dəvət edir.

- Azərbaycan futbolunun indiki durumu sizi çox narahat edir? Ən azı hamımıza bəllidir ki, futbolçuların əvvəlki qazancı yoxdur...

- Təbii ki, çox narahat edir. Qazan məsələsinə gəlincə, pul elə şeydir ki, hər zaman daha çox istəyirsən. İnsan nəfsi elədir ki, düşünürsən bir az pulum olsun. O bir az dediyiniz qazanandan sonra daha çox istəyirsən. Pul gəldikcə sən daha çoxu haqqında düşünürsən. Futbolçunun da həyatı uzun çəkmir. Müəyyən müddət sonra bitir. Bir də maraqlı bir şey var. Məsələn, Avropada futbolçu 18 yaşından sonra qazandığını özü üçün xərcləyir, evlənir ailəsini götürür onlarla yaşayır. Heç kim onların həyatına qarışmır. Biz də isə fərqlidir. Futbolçu oldunsa, nəsildə hamıya kömək edirsən. Qohum-əqraba səndən kömək umur. Amma əvvəlki illər üçün çox darıxırıq. İndi də şükür ki, qazanırıq.

- Sosial şəbəkələrdən istifadə edirsiniz?

- Yox. Təkcə, "İnstagram"da hesabım var. Onu da arada silirəm, lazım olanda yazıb baxıram. Bilirsiz, sosial şəbəkələr futbolçunun həyatına mane olur. Ona görə də çalışıram ki, uzaq durum. Feysbuk hesabımı başqa adam idarə edir. İndi azyaşlı, yeniyetmə futbolçulara baxırsan oyundan çıxır gəlib soyunub-geyinmə otağında oturub girib internetə. Yaxud da gecə saat 3-də, 4-də onlayn olur. Bütün günü yazışır. Səhər saat 9-da məşqi olanda da durub gələ bilmir. Ya da yuxulu-yuxulu gəlib məşqi yola verir gedir. Bu futbolçudan nə gözləyəsən?

Milli.Az






Tags:  Dədə-baba qaydası qohumla evlənmək lazımdır FOTO

RƏYLƏR


Top news