Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hakim Binəqədidə yanan bina ilə bağlı zamində olan şəxsi həbs etmək istədi

Hakim Binəqədidə yanan bina ilə bağlı zamində olan şəxsi həbs etmək istədi

Date: 19 October 2016 15:05

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən yanğınla bağlı həbs olunan "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən şəxs Ağacavad Məmmədov yenə gəlməyib. A.Məmmədovun vəkili Məzahir Şahlarov bildirib ki, müdafiə etdiyi şəxs ürək çatışmazlığından əziyyət çəkir, bu xəstəliklə bağlı 10 oktyabr 2016-cı ildə xəstəxanaya yerləşdirilib: "Hazırda xəstəxanada stasionar müalicə alır. A.Məmmədov sərbəst gəzə bilmir, ürək xəstəliyindən əziyyət çəkir, şəkərli diabet xəstəsidir. Onun dəfələrlə məhkəmə proseslərində səhhəti pisləşib".

Vəkil müdafiə etdiyi şəxsin barəsində məhkəmə-tibbi ekspertizasının təyin edilməsini istəyib.

Hakim vəsatəti baxılmamış saxlayıb. Bildirib ki, A.Məmmədovun hansı xəstəlikdən əziyyət çəkməsi barədə rəsmi məlumat verilməyib: "Xəstəxanadan gətirilən sənədin möhürü yoxdur. Onun xəstəliyi ilə bağlı dəqiqləşdirmə aparılandan sonra vəsatət müzakirə ediləcək. Burada mühakimə olunan Qəzənfər Novruzovun vəziyyəti daha ağırdır. Bunu verilən ekspertiza rəyinə əsasən deyirəm. Amma onun barəsində həbs qərarı seçilib və həbsdə olduğu müddətdə də müalicə olunur. Təklif edirəm ki, Ağacavad Məmmədovun barəsində olan ev dustaqlığı qəti imkan tədbirinin həbs qəti imkan tədbiri ilə əvəz olunması məsələsi müzakirə edilsin".

A.Məmmədovun vəkili bildirib ki, müdafiə etdiyi şəxsin vəziyyəti ağırdır.

Dövlət ittihamçısı Fərid Nağıyev hakimin A.Məmmədovun barəsində həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı təklifini məhkəmənin mülahizəsinə verdiyini deyib.

Hakimlər müşavirədən sonra A.Məmmədovun barəsindəki qəti imkan tədbirinin dəyişdirilməməsi barədə qərar qəbul ediblər. Proses oktyabrın 24-də davam edəcək.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Milli.Az


Tags:  Hakim Binəqədidə yanan bina bağlı zamində olan şəxsi həbs etmək istədi

RƏYLƏR


Top news