Aktual mövzular: Dollar alış-satışı , Cəbhədə gərginlik, Məzənnə, Hava haqqında, Neftin qiyməti

Dörd trilyonluq neft müharibəsi: II Əbdülhəmiddən qalan savaşın PƏRDƏARXASI

Dörd trilyonluq neft müharibəsi: II Əbdülhəmiddən qalan savaşın PƏRDƏARXASI

Date: 19 October 2016 15:08

İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsinə Qərbin göstərdiyi maraq əslində buradakı zəngin neft və təbii qaz ehtiyatlarından qaynaqlanır.

Publika.az xəbər verir ki, bunu Türkiyənin “Yeni Şafak” nəşrində Arzu Kurum yazıb.

Onun sözlərinə görə, baş verənlər əslində neft döyüşüdür. Türkiyənin təxminən 100 il əvvəl tərk etdiyi torpaqlar arasında ən qiymətli olaraq tanınan Mosulun bu gün yenidən böyük bir mübarizə meydanına çevrildiyini qeyd edən yazar Mosul və Kərkükdə enerji ehtiyatlarının pulla ekvivalentinin 4 trilyon dolları keçdiyini bildirib.

Dünyanın altıncı ən böyük neft ehtiyatlarına sahib olan İraqda aşkar edilən neft ehtiyatları 143 milyard kubmetrdir. Bunun 45 milyard kubmetri Mosulda, 10 milyard kubmetri isə Kərkükdədir.

Şimali İraqda aşkar edilən təbii qaz ehtiyatları isə 3,2 trilyon kubmetrdir. Bu, Türkiyənin 300 illik tələbatını ödəyə biləcək həcmdədir.

Üç trilyonluq neft mübarizəsi

Bugünkü qiymətlərlə hesablasaq, Mosulda aşkar edilmiş 45 milyard kubmetr neft ehtiyatının dəyəri 2 trilyon 340 milyard dollar edir. Buna 520 milyard dollarlıq Kərkük neftini də əlavə etsək, yüz illərin müstəmləkəçi ölkələrinin bölgəni niyə rahat qoymadığı aydın olur.

Şimali İraq regional kürd rəhbərliyi Şimali İraqda gündəlik neft hasilatını 2019-cu ilə qədər 5 milyon barelə çıxarmağı planlaşdırır. 10 milyard barel neft ehtiyatı olan Kərkükün gündəlik neft istehsalı hazırda 650 min-1 milyon barel arasında dəyişir. İraqın Kərkük və digər bölgələrindən Türkiyəyə iki ayrı xətlə daşınan xam neft həm Türkiyənin daxili bazarına, həm də dünya bazarına çatdırılır.

Nəhənglər niyə Mosuldadır?

Böyük miqdarda enerji ehtiyatları olduğu üçün Mosul həmişə beynəlxalq enerji şirkətlərinin maraq dairəsində olub. Hazırda bölgədə 50-dən çox beynəlxalq şirkət fəaliyyət göstərir. Türkiyə-İngiltərə ortaqlığı ilə qurulan “Energy PLC” də Şimali İraqdan Türkiyəyə boru xətti ilə neft nəql etməyə çalışır. Şimali İraq şirkəti “Kar Group” isə boru xəttinin ilk 77 kilometrlik hissəsinin 23 faizini (18 kilometr) bitirib. Şimali İraq rəhbərliyi 281 kilometrlik boru xəttini 2 ildə inşa etməyi planlaşdırır. Türkiyə isə Şimali İraq regional hökuməti ilə əldə etdiyi razılaşmalara görə, neft və qazı idxal edəcək.

Enerji döyüşünün mərkəzi

Mosul və Kərkük başda olmaqla, Şimali İraqda aşkar edilmiş neft və təbii qaz ehtiyatının dəyərinin 4 trilyon 150 milyard dollar olması bölgədəki güc nümayişinin əslində, bir enerji döyüşü olduğunu göstərir. Bunu təxminən bir əsr əvvəl başa düşən Sultan II Əbdulhəmid Bağdad və Mosuldakı nefti “Xəzinə Hassa mülkü”nə (şəxsi mülk) çevirib. Mosul və Kərküklə bağlı əhəmiyyətli araşdırmalar aparan türkiyəli akademik Nevin Yazıçı qeyd edir ki, II Əbdülhəmid bu strateji manevrlə neftə və bu regionlara mümkün xarici müdaxilələrin qarşısını almağı qarşısına məqsəd qoymuşdu.

Onun sözlərinə görə, neft ehtiyatlarının dünyada balanssız şəkildə yerləşməsi nefti iqtisadi, strateji və siyasi bir faktora çevirib. Akademik Mosul vilayətinin nefti üzərində Osmanlı ailəsinin mülkiyyət haqları olduğunu bildirir.

İstanbul Medipol Universiteti professoru Mərd Bilgin bildirir ki, Şimali İraqda neftin hasilat xərci çox aşağıdır və yataqların çoxu məhsuldarlığını qoruyub saxlayıb. O, nəticədə gəlirin də çox yüksək olduğunu dilə gətirib.

Türkiyə-İraq İş Şurasnın başçısı Emin Taha Mosulun yeraltı və yerüstü qaynaqlarının çox əhəmiyyətli olduğunu söyləyib. Mosulun həm siyasi, həm də strateji əhəmiyyətə sahib olmasının ən böyük səbəbin zəngin neft ehtiyatları olduğunu söyləyən professor Ərdal Tanas Karagöl isə neftin xüsusilə Yaxın Şərq ölkələrinin gələcəyi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Onun sözlərinə görə, Mosulun azad edilməsi ilə həm Türkiyə, həm də dünya enerji bazarlarındə əhəmiyyətli dəyişikliyə gətirib çıxaracaq.

Qeyd edək ki, İraq və Suriyada gedən döyüşlərin əsas məqsədinin bölgənin enerji ehtiyatlarının dünya bazarına çıxarılması olduğu artıq sirr deyil. Türkiyədə NATO-nun “kürd enerji dəhlizi” adlı layihəsi ilə bağlı çox ciddi narahatlıq var. “Kürd dəhlizi”nin son məqsədi regionun enerji ehtiyatlarının Türkiyə üzərindən dünya bazarına çıxarılmasına mane olmaqdır.

Keçmiş kəşfiyyat rəisi Bülent Orakoğlunun yazdığına görə, Türkiyəyə qarşı oynanılan “beynəlxalq oyun”un əsas məqsədlərindən biri Aralıq dənizinə yaxın Hatay vilayətinin qonşuluğunda yerləşən Afrin kantonuna qədər uzanan bir “kürd dəhlizi” yaratmaqdır. “Kürd dəhlizi”nin yaradılması ilə Şimali İraqda kürd neftinin Türkiyə üzərindən dünya bazarına çıxarılmasına alternativ bir marşrut yaradılacaq və marşrut Türkiyədən yan keçəcək.

Beynəlxalq enerji yolları və sərmayələr mövzusunda mütəxəssis olan pakistanlı mayor Agha Amin “NATO-nun strateji dəhlizi Kürdüstan” layihəsinin detallarını hələ 2013-cü ildə açıqlayıb. Aminin sözlərinə görə, NATO-nun “qurdları” Suriyanı yedikdən sonra növbə Türkiyəyə gələcək. Türkiyədən Hindistana NATO dəhlizinin açılması planlaşdırılır. Dəhlizin bir hissəsində qurulacaq “Kürdüstan” Rusiyanın qaz siyasətində əhəmiyyətli dəyişikliyə gətirib çıxarmalıdır.

Moskva Dövlət Universitetində enerji təhlükəsizliyi üzrə çalışan türkiyəli dosent Tuğçe Sevim Varol 9 noyabr 2014-cü ildə dərc etdirdiyi “Aralıq dənizinə kürdlər üçün dəhliz planı” başlıqlı analizində bu məsələyə toxunub. Onun sözlərinə görə, əsas məqsəd kürd bölgəsinin enerji ehtiyatlarını Türkiyə üzərindən deyil, Hələb üzərindən keçməklə Lazikiyeyə, yəni Aralıq dənizinə çatdırmaqdır.

Ömər Dağlı


Tags:  Dörd trilyonluq neft müharibəsi II Əbdülhəmiddən qalan savaşın PƏRDƏARXASI

RƏYLƏR


Top news