Müstəqiliyimizi tanımayan Azərbaycan federasiyaları

Müstəqiliyimizi tanımayan Azərbaycan federasiyaları
15:47 19 Oktyabr 2016
51 İdman
Ölkə mətbuatı
A- A+

Dünən Azərbaycan Dövlət Müstəqilliyi Gününü qeyd etdi. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci ilin 18 oktyabrında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etməsindən 25 il ötdü.

Təbii ki, 18 oktyabr tarixi ölkəmiz üçün önəmli günlərdən biridi. 71 illik sovet əsarətindən qurtulub müstəqilliyini elan edən ölkəmizdə bu bayram hər il təmtəraqla qeyd olunur. Dövlət səviyyəsində tədbirlər keçrilir, xarici dövlətlərdən ölkəmizin rəhbərliyinin ünvanına təbrik məktuabları gəlir və s.

Bütün bayramlarda olduğu kimi Müstəqillik Günü də idman ictimaiyyətinin diqqətindən yayınmır. Rəsmi saytlar vasitəsi ilə xalqa təbriklər ünvanlanır, müxtəlif tədbirlər keçrilir və s.

Dünən də belə oldu. Əksər futbol klubları və digər idman təşkilatları müxtəlif tədbirlər keçirdi, təbrik mesajları yayımladı. Amma Azərbaycan tarixinin ən önəmli günlərindən biri olan 18 oktyabrı yaddan çıxaranlar da oldu.

Məsələn, futbolun bir nömrəli qurumu olan AFFA. Federasiya nəyinki müstəqillik günü ilə bağlı hər hansı bir tədbir keçirmədi, heç rəsmi saytına 2 cümləlik təbrik mesajını yerləşdirmək zəhmətinə də qatlaşmadı. Heç olmasa, eyni binada əyləşdikləri PFL-in rəsmi saytındakı təbriki "kopyalayıb" affa.az-a yerləşdirməyi belə özlərinə rəva görmədilər.

Təkcə AFFA-mı? Yox, təəssüf ki, Dövlət Müstəqilliyi Günü idman sahəsində fəaliyyət göstərən bir çox federasiyalar üçün heç bir önəm daşımadı. Əgər belə olmasaydı, ölkəmiz üçün ən önəmli tarixi günlə bağlı tədbir təşkil etmək bir yana, ən azı təmsil olunduqları federasiyaların rəsmi saytları vasitəsi ilə xalqımızı təbrik edərdilər. Müstəqillik günü AFFA kimi, Karate, Güləş, Taekvondo, Boks, Cüdo, Basketbol, Ağır Atletika federasiyalarının da yadına düşmədi. Bu siyahını çox uzada bilərik. Amma ən önəmli federasiyaları sadaladıq. Digərlərindən danışmağa belə dəyməz.

Nədi bu biganəliyin səbəbi? Dünəndən sosial mediada Konstitusiya Aktının əleyhinə səs verənlər əsas müzakirə mövzusuna çevrilib. Məlumat üçün bildirək ki, o zaman dövlət müstəqilliyimizin lehinə Ali Sovetin 360 deputatından 258-i, əleyhinə isə 31-i səs verib (Digərləri isə iclasa qatılmayıb). Bu 31 nəfər hər zaman ictimaiyyətin haqlı qınaq obyektinə çevrilib. Bəlkə AFFA-da, həmçinin adını sadaladığımız digər federasiyalarda oturan bəzi vəzifəli şəxslər də zamanında həmin 31 nəfərlə eyni düşüncənin tərəfdarı, Azərbaycanın müstəqilliyi əleyhinə çıxış edənlər olub? Bunu bilmirik, bildiyimiz bir şey var: Bu qədər önəmli tarixi unutmaq, millətinə, milli kimliyinə biganəliyin nəticəsidi.

Bir məqamı da qeyd edək, heç bir qanunda hansısa bir təşkilatın, qurumun bayram günlərində rəsmi saytları vasitəsi ilə təbrik yayımlaması tələb olunmur. Bu sadəcə vətəndaşlıq borcudu. Təbrik mesajı yayımlamaq əvəzinə bu önəmli günlə bağlı hər hansı bir tədbir keçirmək, insanları marifləndirmək və bu tədbirlər barədə məlumat yayıb ictimaiyyəti məlumatlandırmaq daha səmərəli fəaliyyət olar. Elə Gənclər və İdman Nazirliyi kimi. Nazirlik son günlər bu günlə bağlı bir sıra tədbirlər keçirib və bu barədə məlumatları rəsmi saytında yerləşdirib. Yaxşı olar ki, AFFA-dakılar, adlarını çəkdiyimiz digər federasiyalardakılar arada oturduqları binadan başlarını çıxarıb ətrafa boylansınlar...

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mustqiliyimizi-tanmayan-azrbaycan-federasiyalar-t53451.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR