İƏT Gömrük Xidməti Rəhbərləri Şurasının növbəti iclası keçirilib

İƏT Gömrük Xidməti Rəhbərləri Şurasının növbəti iclası keçirilib
16:27 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün İranın paytaxtı Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərləri Şurasının 7-ci iclası keçirilib. 
Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
Məlumata görə, tədbirə Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistan gömrük xidmətlərinin nümayəndələri qatılıblar.
İclasda Azərbaycanı DGK-nin sədri Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Toplantının açılış mərasimində İranın İqtisadi Məsələlər və Maliyyə naziri Əli Tayebnia, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xəlil İbrahim Akça, Ümumdünya Gömrük Təşkilatı Baş katibinin müavini Sergio Mujika və İran hökumətinin yüksək vəzifəli nümayəndələri iştirak ediblər.
Mərasimdə gömrük xidmətlərinin üzləşdiyi problemlərin həllində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gömrük xidmətləri arasında əməkdaşlığın rolu vurğulanıb, eləcə də gömrük məlumatlarının mübadiləsinin və potensialın gücləndirilməsinin əhəmiyyətinə toxunulub.
Sonra iclasda nümayəndə heyəti rəhbərlərinin ölkə hesabatları dinlənilib.
A.Əliyev çıxış edərək son dövrlərdə Azərbaycanda gömrük sahəsində müxtəlif istiqamətlərdə aparılan islahatlar barədə məlumat verib.
Komitə sədri qeyd edib ki, bu il mayın 4-dən etibarən ölkənin gömrük sərhədindən keçirilən bütün mal və nəqliyyat vasitələri üçün elektron bəyannamə tətbiq edilir. Bundan başqa, fiziki şəxslər tərəfindən ölkəyə gətirilən malların bəyanetmə prosedurlarının sadələşdirildiyi və “Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə” xidməti tətbiq olunaraq bu xidmət növünün Elektron Hökumət Portalına inteqrasiya edildiyi diqqətə çatdırılıb.
Komitə sədri çıxışında “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqindən də bəhs edərək, bu sistemlərin tətbiqi sayəsində idxal-ixrac əməliyyatlarının sadələşdirildiyini, bunun da öz növbəsində ticarətin asanlaşdırılması və tranzit yüklərin daşınmasının sürətləndirilməsində mühüm rol oynadığını bildirib.
Sonra iclasda qaçaqmalçılıqla mübarizə sahəsində İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazasının yaradılması, “Gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında” Saziş və bir sıra digər məsələlər müzakirə olunub.
Daha sonra İƏT Gömrük Ekspertləri Alt Komitəsinin hesabatına baxılıb.
İclas çərçivəsində DGK və İranın Gömrük İdarəsi arasında “Məlumat mübadiləsi sistemi” üzrə Texniki Təminat Sənədi imzalanıb. Sənədi Azərbaycan tərəfdən A. Əliyev və İran tərəfdən isə İslam Respublikasının Gömrük İdarəsinin prezidenti Masoud Karbasian imzalayıblar.
Bundan başqa, iclas zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri ÜGT Baş katibinin müavini Sergio Mujika, İƏT-in Baş katibi Xəlil İbrahim Akça, eləcə də Qazaxıstan, İran və bir sıra iştirakçı ölkələrin gömrük xidmətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə gömrük sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinin, əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/i-et-gomruk-xidmeti-rehberleri-surasinin-novbeti-iclasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR