Elmar Məmmədyarov: "Ermənistan bu reallığı nə qədər tez dərk etsə..."

Elmar Məmmədyarov: "Ermənistan bu reallığı nə qədər tez dərk etsə..."
18:17 19 Oktyabr 2016
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Xoş niyyətlə danışıqlar aparmaq əvəzinə, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlik bütün cəhdləri açıq şəkildə pozur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun "25 illik müstəqillik dövrünə baxış və xarici siyasətimizin çağdaş proritetləri" adlı məqaləsində deyilir.

E.Məmmədyarov bildirib ki, BMT Təhlükəsizlik Şurasının tələblərinə tamamilə məhəl qoymayan və beynəlxalq hüququ kobud şəkildə pozan Ermənistan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edir, zor gücünə məcburi köçkünə çevrilmiş yüz minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarına geri qayıtmasının qarşısını alır və işğal olunmuş ərazilərin fiziki, demoqrafik və mədəni xarakterini dəyişdirməklə mövcud status-kvonu daha da gücləndirməyə çalışır:

"Bu narahatlıq doğuran faktlar ATƏT-in faktaraşdırıcı missiyası tərəfindən bir daha təsdiq edilib. Bundan başqa, Ermənistan diqqəti sülh prosesinin əsas və substantiv məsələlərindən atəşkəsin texniki aspektlərinə yönəltməklə diqqəti yayındırmağa çalışaraq vaxtaşırı hərbi təxribatlar törədir. Ən son olaraq bu il aprel ayının əvvəlində Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı genişmiqyaslı hücumlar həyata keçirdi. Əhalinin sıx məskunlaşdığı Azərbaycan əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerləri ağır artilleriya və iriçaplı silahlardan intensiv atəşə tutuldu. Ermənistanın məsuliyyətsiz hücumları nəticəsində uşaqlar, qadınlar və qocalar da daxil olmaqla, çoxsaylı azərbaycanlı mülki şəxslər həlak oldu və ciddi yaralandı. Vaxtında səmərəli mülki müdafiə tədbirləri görülməsəydi, əhali arasında itkilərin sayı daha çox ola bilərdi. Ermənistan həlak olmuş Azərbaycan əsgərlərinin cənazələrini eybəcər hala salıb".

Nazir bildirib ki, bu hücumlar zamanı Azərbaycanın 34 şəhər və kəndi ağır dağıntılara məruz qalıb:

"Mülki əhəmiyyətli infrastruktur da daxil olmaqla özəl və ictimai mülkiyyət xeyli dərəcədə ziyan çəkib. Yüzlərlə mülki təyinatlı bina, xüsusilə, yaşayış evləri, məktəblər, uşaq bağçaları, mədəni mərkəzlər və digər mülki obyektlər dağıdılıb.

Azərbaycan aprel döyüşlərindən sonra danışıqların substantiv əsaslarla davam etdirilməsinin tərəfdarı olduğunu açıq şəkildə bildirib. Substantiv danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status-kvonun dəyişdirilməsi və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnməlidir. Lakin Ermənistan yenə də təxribatçı əməlləri ilə danışıqlar prosesini pozmağa çalışır. Aprel hadisələri bir daha göstərdi ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu gərginliyin yaranmasının əsas səbəbidir".

E.Məmmədyarov bildirib ki, Ermənistanın işğalçı siyasəti heç zaman uğurla nəticələnə bilməz: "Dağlıq Qarabağ regionu Azərbaycanın ayrılmaz hissəsi olub, hissəsidir və həmişə də belə olacaq. Möhkəm və davamlı həllə nail olmağın və iki qonşu dövlət arasında sivil münasibətlər qurmağın yeganə yolu Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi və qaçqın və məcburi köçkünlərin ayrılmaz hüquqlarına riayət edərək onların öz doğma yurdlarına qayıtmasının təmin olunmasıdır. Beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının müvafiq qətnamələri də elə bunları tələb edir.

Ermənistan bu reallığı nə qədər tez dərk etsə və silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarsa, münaqişə bir o qədər tez həll ediləcək, habelə Ermənistan və onun əhalisi əməkdaşlığın perspektivləri, eləcə də iqtisadi inkişafdan faydalanacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/481156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR