Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünyaya səs salan azərbaycanlı dizayner: “Cibimdə cəmi 400 dollar pulum var idi” - FOTOLAR

Dünyaya səs salan azərbaycanlı dizayner: “Cibimdə cəmi 400 dollar pulum var idi” - FOTOLAR

Date: 19 October 2016 18:48

Jurnalistin ən böyük xoşbəxtliyi ondadır ki, müsahibə almaq istədiyin hər hansı şəxsi yola gətirmək üçün çox dil tökməli olmayasan. Belə müsahiblər isə nadir tapıntıdır. Nədənsə yerli məşhurların (95 faizinin) özünə vurğunluğu o qədər aşıb-daşır ki, bəzən Ancelina Coli, Bred Pitt kimi əlçatmaz olduqlarını düşünürlər. Nəticədə onun dalınca bəzən aylarla qaçmalı olursan. İndi deyəcəksiniz, bütün bunların moda ilə nə əlaqəsi? Əlaqəsi böyükdür. Məsələ ondadır ki, tanınmış dizayner Rüfət İsmayılov yeganə azərbaycanlıdırki, Milan dəb həftəsində kolleksiyası nümayiş olunub. Dizaynerin müştəriləri arasında Murad Boz, Murad Dalkılıç, Sinan Akçıl Tülin Şahin, Krem Cem, hətta varlı ərəblər var. Üstəlik, R.İsmayılovun işləri başında aşır. Bütün bunlara baxmayaraq, sadə həmyerlimiz müsahibəyə dərhal razı oldu.

Publika.az ötən həftə “Pəri nağılı” adlı yeni kolleksiyası ilə İstanbul dəb həftəsinə damğa vuran, şəxsi brendini qurmağa başlayanda cibində 400 dollar olan, özünə geyim almaqdan bezdiyini deyən, ən nəhayət “Afffair” brendinin yaradıcısı Rüfət İsmayılova müsahibəni təqdim edir.

“Mənə paltar hazırla”

- Yeni kolleksiyanız çox uğurlu alınıb. Ümumiyyətlə, hər kolleksiyalarınız maraqla qarşılanır. Uğur düsturunuzu bəlkə bizə də açıqlayasınız…

- Bunun üçün sadəcə işini çox sevmək və çox çalışmaq lazımdır. Bir də Allahın bizə verdiyi şansı qeyd etməmək olmaz. Əgər bundan istifadə etməyi bacarsan və çox çalışsan, onda bütün qapılar sənin üzünə açıq olacaq. Dolayısı ilə də uğur əldə etmiş olacaqsan.

- Səhv etmirəmsə, ilk dəfədir ki dəfilənizdə qadın geyimləri nümayiş olundu. Qadınlar, yoxsa kişilər üçün geyim hazırlamaq daha asandır. Necə düşünürsünüz geyimləriniz qadınları daha füsünkar və cazibədar göstərə biləcək?

- Şəxsi brendimi yaratdıqdan sonra Milanda birinci hazırladığım kişi kolleksiyası nümayiş olunmuşdu. Markam tanınmağa başladıqdan sonra qadınların diqqətini gördüm. “Mənə paltar hazırla” deyən xanımlar çox oldu. Düşündüm ki, niyə də yox? Gələn təklifləri nəzərə alaraq qadın geyimləri üzərində çalışmağa başladım. Aprel ayın payız qış-qış, bu yaxınlarda keçirilən İstanbul dəb həftəsi çərçivəsində isə ikinci qadın kolleksiyamı təqdim etdim.

- Heç bir dizaynerin üslubunu təkrarlamadan, başqasına bənzəmədən unikal olmaq çox çətindir. Siz bu çətin işin öhdəsindən gələ bilirsiniz?

- Bəziləri kişi kolleksiyalarımın “Tom Ford”-a, bəziləri isə “Phillip Lim”-ə bənzəyidiyini söyləyir. Onlarla razı deyiləm, tərzim adını çəkdiyim brendlərin üslubundan kəskin fərqlənir. Ümumiyyətlə, kimi təkrarlamaq mənim üslubum deyil.

- Müasir dövrdə moda dünyasında inqilab etmək mümkündür? Sizin kolleksiyalarınızdakı kişi pencəkləri çox fərqli və orijinaldır. Bunu kiçik nqilab adlandırmaq olar?

- Deməzdim, mən öz fantaziyalarımı klassik pencəklər üzərində həyata keçirirəm.

- Hər bir modelyerin onu ilhamlandıran pərisi olur. Hətta modelyerlər kolleksiyasını ilham aldığı şəxsə həsr edir. Sizin ilham pəriniz varmı? Varsa kimdir və sizi yaradıcılığa nə ruhlandırır?

- İlhamı gözəl insanlar, getdiyim gözəl məkanlardan alıram. İstanbul dəb həftəsində nümayiş olunan kolleksiyam “Pəri nağılı” adlanırdı. Əsas ilham mənbəyim pərilər haqqında nağıllar, əfsanələr və cizgi filmləri idi. Bu kolleksiyada çox incə, güclü və özünə güvənən qadın obrazını yaratmağa çalışmışam.

“Qərb xanımı özünə istənilən dekolteni rahatlıqla icazə verə bilər, şərq xanımı isə...”

- Şərq və qərb modası bir-birindən fərqlənir?

- Sözsüz ki, şərq xanımlarının geyimi daha örtülü, qərb xanımların geyim tərzi isə daha seksual, daha açıq-saçıqdır. Qərb xanımı özünə istənilən dekolteni rahatlıqla icazə verə bilər, şərq xanımı isə bu məsələdə daha həssasdır.

- Çoxları kolleksiyalarında etnik, milli geyimlərin bəzi detallarına müraciət edir. Siz, bizim milli geyimlərdəki hansısa elementlərdən, ornamentlərdən və yaxud naxışlardan istifadə etməyi düşünmürsünüz?

- Mən günə qədər nə öz ölkəmin, nə də hər hansı başqa ölkənin milli naxış və ornamentlərindən istifadə etməmişəm. Amma xarici ölkələrdə yaşayan həmyerlilərimiz üçün “Azərbaycanlı olduğum üçün fəxr edirəm” adlı kolleksiyamı buraxmışam. Növbəti kolleksiyalarda naxışlar barədə düşünə bilərəm.

“Özümlə qürur duyuram”

- Türkiyəli məşhurları artıq sizin geyimlərinizdə görürük. Tanınmışların sizin markanıza müraciət etdiyini görəndə hansı hissi keçirirsiniz?

- Artıq uzun müddətdir ki, Tülin Şahin, Krem Cem, Murad Boz və Murad Dalkılıçla işləyirəm. Çox gözəl hissdir. Başa düşürsən ki, insanların sənin gördüyün işə biganə qalmır, bəyənilir. Və bu insanların, sevilib seçilən, üstəlik dəbdən anlayan simaların olması səni daha da həvəsləndirir. Bu, məni çox xoşbəxt edir və özümlə qürur duyuram.

“Cibimdə 400 dollar pulum var idi”

- Dizaynerin arzularını həyata keçirməsi üçün böyük maliyyə lazımdır. Siz bu sarıdan çətinlik çəkmədiniz ki?

- Təbii ki, hamı kimi mən də, çətinlik çəkirəm, ailəmdə də müəyyən problemlər olur. Ümumiyyətlə, Türkiyəyə gələndə cibimdə cəmi 400 dollar pulum var idi. Amma bunu özümə heç vaxt dərd etmədim, heç vaxt tənbəllik etmədim, gecə-gündüz çalışıb-vuruşub arzularımı həyata keçirməyə nail oldum. Ən vacibi heç vaxt sınmadım, əksinə daha da irəli getdim və “Afffair” şirkətini qurdum. Allahıma buna görə çox şükür edirəm. Türkiyədən, eləcə də Azərbaycandan yeganə dizaynerəm ki, kolleksiyam Milan dəb həftəsində nümayiş olunub.

- Sizin üçün dəb gəlir mənbəyidir, yoxsa, ideya və fantaziyaları həyata keçirməyin, özünü ifadə etməyin bir üsulu?

- Yaradıcı insan üçün dəb ilk növbədə özünü ifadə etməyin bir üsuludur. Mən rahatlığa daha çox önəm verirəm və fantaziyalarımı da bunun üzərində qururam.

“Özümə geyim almaqdan bezmişəm”

- Siz özünüz bahalı brendlərdən geyinməyi sevirsiniz?

- Mənim üçün bahalı olmasının heç bir fərqi yoxdur. Səmimi insanam, ona görə də “Zara”, “Breshka”, “H&M” kimi demokratik brendləri bəyəndiyimi gizlətməyəcəm. Əlbəttə ki, bahalı brendlərdən də nə isə bəyənə bilərəm, amma “Ay gedim özümə “Versace”-dən nə isə alım” və mütləq bahalı mağazalardan geyinməliyəm deyənlərdən deyiləm. Düzü desəm, özümə geyim almaqdan bezmişəm. (Gülür) Başqaları üçün böyük məmnuniyyətlə paltar hazırlayıram, sadəcə özüm üçün nə isə hazırlamağa vaxtım qalmır. Çox vaxt deyirlər ki, “Sən necə dizaynersən? Bu halda dəfiləyə çıxmaq olar. Ən gözəl paltarların öz üzərində olmalıdır”. Son vaxtlarda o qədər başqaları üçün işləyirəm ki, özümə qarşı soyumuşam. Odur ki, qara rəngli şalvar, köynək, pencək və idman ayaqqabıları ilə kifayətlənirəm. Əgər bəyəndiyim hər hansı bahalı paltar o qiymətə dəyərsə, düşünmədən alaram.

- Qadının ən gözəl aksessuarı nədir?

- Çanta və ayaqqabı.

- Bəs kişinin?

- Kəmər və ya saat.

- Nə qadını və ya kişini yaşlı göstərir?

- Qara, qəhvəyi və bənövşəyi kimi tünd rənglər insanı vizual olaraq olduğundan daha yaşlı göstərir.

- Gözəl geyinmiş xanım görəndə onun haqqında nə düşünürsünüz?

- Belə insanlar görəndə xoşbəxt oluram, gözlərim sevinir.

- Sizcə, nə üçün qadının üzünün ifadəsi geyimindən daha vacib hesab olunur?

- İkisi də vacibdir, onları bir-birindən ayırmaq doğru olmazdı. Amma bəzən qadının üzü o qədər gözəl, qüsursuz və nurlu ola bilər ki, pis geyinməsinə baxmayaraq, yanındakı çox bahalı brenddən geyinən qadını kölgədə qoya bilər.

- Bu ilki dəfilədə Rüstəm Cəbrayılovu görmədik. Niyə dəvət etməmişdiniz?

- Rüstəm mənim yaxın dostlarımdan biridir. O, əvvəlki kolleksiyalarımın nümayişlərində iştirak edib. Sadəcə, zamanla brendin yeni və fərqli üzlərə ehtiyacı olur. Lakin növbəti kolleksiyalarımda onunla əməkdaşlığımız istisna olunmur.

- Əgər bir insan xarici görkəmini dəyişmək istəyirsə, nədən başlamalıdır?

- Saç insanı çox dəyişdirir, birinci ondan başlamalıdır. Həm də radikal dəyişikliliyə hazır olmalısan. Məsələn, əvvəllər uzun geyinirdinsə, indi qısa donlar almalısan. Əlbəttə ki, yaraşmaq şərti ilə.

“Qadınlar nə istədiklərini heç özləri də bilmir”

- Qadınların modaya olan ehtirasında sizi bir kişi kimi ən çox nə təəccübləndirir?

- Qadınla mağazaya gedib onunla nə isə seçmək. Çünki qadınlar nə istədiklərini heç özləri də bilmir. Xanımlar mağazaya gələndə 3 saat gəzib, hər yeri dağıdır və iki geyim alır, ya da almayıb çıxırlar. Halbuki o iki geyimi 15 dəqiqənin içində də alıb çıxmaq olar. Mağazama gələn artıq çəkili qadınlar da məni çox təəccübləndirir. Təsəvvür edin ki, 130 kq olan qadın hansısa modelin əynindəki paltarı göstərib ondan istədiyini deyir. Mən bunu ona necə izah edim ki sənə uyğun deyil... Hesab edir ki, onun əynində də eyni effekti verəcək.

- Bakıda butikiniz varmı və ya açmağı düşünürsünüz?

- Bakıda butikim yoxdur. Tək-tük yerlərdə satılır. Lakin Bakıdan tələbat çoxdur. İnşallah çox yaxın gələcəkdə Bakıda da butik açaram.

“Gözəl qadın istədiyini daha asanlıqla əldə edir”

- Qadının gözəlliyi onun uğur qazanacağına zəmanət verir?

- Çirkin deməyək, çünki kiminsə qəlbinə toxuna bilər. Mənim üçün çirkin qadın yoxdur. Hər bir xanımın mütləq gözəl tərəfləri olur. Digəri kimi gözəl olmayan biri gözəl qadın ilə müqayisədə istədiyini daha asanlıqla əldə edir.

- Maraqlıdır sizin üslubunuz nə dərəcədə sizin xasiyyətinizi özündə əks etdirə bilir?

- Gördüyüm işlər xarakterimi göstərmir. Çünki tək özüm üçün işləmirəm, hər kəsin zövqünü nəzərə alıram.

- Deyilənlərə görə, müştərilərinizin çoxu varlı ərəblərdir.

- Bəli, Səudiyyə Ərəbistan, Dohadan, Qatardan, Küveyt, Beyrut və Dubaydan müştərilərim var. Odur ki, kolleksiyaya onların nə bəyəndiyini düşünərək yön verirəm.

- Bunlardan hansı daha vacibdir: Dəb, gözəllik, yoxsa zövq?

- Zövq.

- Moda o qədər şiddətli rüsvayçılıqdır ki, biz onu hər mövsüm dəyişmək məcburiyyətində qalırıq?

- Yayda qış paltarlarını, qışda isə yay paltarlarını geyinə bilmərik. Dəyişməyə məcburuq.

“Xanımı çılpaq görmək istəsəm...”

Sizcə, yazıçı burda nəyi nəzərdə tutub?

- Nəyi demək istədiyini söyləyə bilməyəcəm. Əgər paltar gözəldirsə, mən onu xanımın əynindən görməkdən məmnun olaram. Xanımı çılpaq görmək istəsəm, heç geyindirmərəm. Bu qədər bəsit...

Yalnız onu dəqiq bilirəm ki, qızlar elə qızlar üçün, kişilər isə kişilər üçün geyinir. Kişilər dostlarının paltarını bəyənəndə bunu normal şəkildə bildirir. Qızlar isə həmcinsini ən xırda aksessuarlarına qədər başdan-ayağa süzər.

- Başqa bir rusiyalı yazıçı Arkadi Davidoviç isə “Qadın nə qədər yaxşı geyinibsə, onu soyundurmaq bir o qədər baha başa gəlir” söyləyib. Bu, həqiqətənmi belədir?

- Mənim nəzərimdə belə deyil.

- Amerikalı müğənni Doris Dey isə qadının çox çəkici geyinməsinin günahını kişilərdə görür. O, müsahibələrinin birində bununla bağlı belə söyləmişdi: “Əgər qadın çox çəkici geyinirsə, bunun günahı kişidədir. Çünki kişilərin gözləri, ağlından daha çox inkişaf edib.

- Razılaşa bilərəm, ancaq həddindən artıq qısa geyinmiş qızların kişilərin ona baxmasından şikayət etməsini heç cür anlamıram. Qısa geyinən qızlar “Ay Allah mənə niyə baxırlar” söyləyir. Bunun niyəsi və narazıçılığın heç bir məntiqi izahı yoxdur. Dekoltenin həddini aşsan, bədənin paltardan çox görünsə, əlbəttə ki, onda xanım da, kişi də sənə baxar. Hansı gözlə baxmasının, baxışlarının nə məna verdiyi isə tamam başqa mövzudur. Bütün hallarda gözəl qadınlar qısa ətək geyinərsə, kişi ona baxmadan dayana bilməz və bu, təbii haldır.

Əziz və hörmətli xanımlar sizə kişilərin və ya həmcinslərinin çox diqqətlə baxmasını istəmirsinizsə, onda evdən çıxmazdan əvvəl güzgüyə nəzər salın, çox mini geyinməyin. Vücudunuz buna imkan verirsə, başqalarının yad baxışları sizi narahat etmirsə, onda istədiyinizi geyinməkdə azadsınız.

“Lütfən minimalist olun”

- Bakılı modapərəstlərə məsləhətləriniz...

- Bakının “street style”-ını və yerli dizaynerlərin də işlərini mümkün qədər izləyirəm. Kişilər əvvəl özümə çox fikir vermirdi, bu hal indi müsbət istiqamətdə dəyişib. Zövq duyumu çox incə məsələdir. Çalışsınlar, qəlbinə və zövqünə görə geyinsinlər.

Xanımlar geyimin seçimində mütləq bədən ölçülərini diqqətə alsın. Onun-bunun şəklinə baxıb kimisə təkrarlamağa çalışmasın. Və lütfən minimalist olun.

- Yaraşıqlı və xarizmatik bəysiniz. Sevdiyiniz biri var?

- Bəli.

- Sizin sevdiyiniz, bəyəndiyiniz xanımda hansı xüsusiyyətlərə malik olmalıdır? Yəqin ki, gözəl olmalı və gözəl geyinməsi vacibdir.

- Onun gözəl geyinməsi heç önəmli deyil. Özümüz dizayner deyilik?

Aytən


























Tags:  Dünyaya səs salan azərbaycanlı dizayner Cibimdə cəmi 400 dollar pulum var idi FOTOLAR

RƏYLƏR


Top news