Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

30 illik yol keçən 3 yaşlı Axar.az – FOTOLAR

30 illik yol keçən 3 yaşlı Axar.az – FOTOLAR

Date: 19 October 2016 19:48

Bu gün Axar.az saytının üç yaşı tamam olur. 2013-cü ilin oktyabrında Azərbaycan mediasına qədəm qoyan sayt özəl materiallarının axarlılığı ilə mətbuata yeni nəfəs, üslub, xəbər mənbəyi gətirdi.

Publika.az olaraq biz də həmkarlarımızın qonağı olaraq saytın rəhbəri və əməkdaşları ilə söhbətləşərək, arzu və diləklərini məhz öz dillərindən eşitmək istədik.

Saytın baş redaktoru Anar Niftəliyev elektron kütləvi informasiya vasitələrinin bolluğu şəraitində heç də hər saytın media sferasında rəqabətə davam gətirə bilmədiyini vurğulayaraq, Axar.az-ın bu uğurlarının onun peşəkar kollektivinin gərgin əməyi sayəsində qazanıldığını qeyd etdi: “Oxucunu əldə saxlamaq çətindir. Onlayn media o qədər sürətlə inkişaf edir ki, onunla ayaqlaşmaq üçün vaxtaşırı özün də yenilənməlisən. Amma tək buna görə yox, ümumiyyətlə sayt yenilənməlidir. Yaxın zamanda yeni layihəmiz təqdim olunacaq.

Bir az yerində sayan kimi, arxayın olan kimi oxucu dərhal bunu hiss eləyir və küsüb gedir. Mən saytda bir az geriləmə olan kimi deyirəm, bu dəqiqə oxucuları küsdürəcəksiniz, gedəcəklər. Həm də özüm istəyirəm ki, yeniliklərdən geri qalmayım, gücümüz, pulumuz çatan qədərini reallaşdıraq”.

Saytla bağlı arzularının çoxluğunu vurğulayan baş redaktor bu istiqamətdə çalışdıqlarını bildirdi: “On il əvvəlkindən fərqli olaraq, indi bütün dünya az qala informasiyayla idarə olunur. İndiki informasiya təzyiqində, güvəndiyimiz xəbər agentliklərinin, portallarının informasiya manipulyasiyasına xidmət etdiyini, haqqımızda yanlış rəy yaratmağa çalışdığını görəndə adam daha ehtiyatlı olmağa başlayır. Hər bir sayta hər saat yeni gözlə baxmaq lazımdır. Xəbər təzyiqinə dözməli, bəzi məqamlarda isə xəbər təzyiqini özümüz göstərməliyik”.

Siyasi yazar Anar Əhmədov qeyd etdi ki, Axar.az əvvəllər çalışdığı mətbu orqanlardan bir sıra dəyərləri, özünəməxsus xüsusiyyətləri ilə seçilir: “Bu günü adi iş qaydasında başa vurduq. Heç kim işdən qalmadı, hər kəs iş başında idi. Sayta çoxlu yeniliklər, uğurlar arzulayıram. Yeni-yeni nailiyyətlərə imza atmağımızı diləyirəm”.

Yazar Ruslan Qasımov deyir ki, müasir dövrdə kiçik yubanma media orqanının öz oxucularını itirməsi deməkdir. Buna görə də Axar.az daim yeniliklər axtarışındadır: “Bu gün bayram əhval-ruhiyyəsi ilə adi iş günü oldu. İş rejimini xoş bayram əhval-ruhiyyəsi ilə davam etdirdik. Çox istərdim, Axar.az daim inkişafda olsun, heç zaman geri qalmasın. Daha böyük güclə irəli atılsın. Çünki saytımız buna layiqdir. Arzu edirəm uğurlarımızın miqyası genişlənsin”.

Yazar Günay Əliyeva 3 yaşlı Axarın 30 yaşını görmək arzusundadır: “Axar.az yaranan gündən burada çalışıram. Bir neçə dəfə başqa saytlardan əməkdaşlıq təklifləri olub. Amma Axar.az-dan ayrıla bilməmişəm. Çünki bura mənim üçün doğmalaşıb. Hərdən özüm də fikirləşirəm ki, görəsən məni bura cəlb edən nədir?

Saytımıza 30 illik fəaliyyət arzulayıram. Təbrik tortumuz gəldi və onunla çay süfrəsi ətrafında ad günümüzü qeyd etdik. Çox xoş bir gün oldu.

Saytın ad günü münasibətilə həmkarlarımı təbrik edirəm. Şükür Allaha, burada hər şey yaxşıdır, çox gözəl kollektivimiz, iş şəraitimiz var. Axar.az Azərbaycan mediasında hər zaman öz sözünü deyib və bundan sonra da deyəcək. Arzu edirəm ki, uğurlarımız daha da bol olsun. Üç yaşının olmasına baxmayaraq Axar.az artıq qaçır və çoxlarını geridə qoyub”.

Şou-biznes yazarı Dilarə Zamanova deyir ki, bu kollektivə sonuncu qoşulanlardan olsa da, iş rejiminə və yolaşlarına qısa zamanda alışıb: “Noyabrın 4-də Axar.az-da çalışmağımın 1 ili tamam olacaq. Bir sıra çətinliklərlə üz-üzə gəldik. Amma maneələri dəf etdik. Ad gününü əla, həmişəki kimi qeyd etdik. Səmimi, mehriban kollektivimiz var. Kollektivdən, rəhbərimiz Anar Niftəliyev çox razıyam. Sevinirəm ki, ən yaxın dostum Aqşin Evrənlə bir yerdə çalışıram. Anar müəllim ad günümüzü təbrik etdi, səmimi arzularını çatdırdı”.

Siyasi-iqtisadi yazar Aygün Yusipova jurnalist fəaliyyətini burada inkişaf etdirir: “Axar.az mənim ilk iş yerimdir. Artıq 3 ildir burada işləyirəm. Jurnalistikada gənc olmağıma baxmayaraq bu sənətin sirlərinə qısa zamanda nail oldum. Çünki peşəkar kollektivin qayğısı ilə əhatə olunmuşam.

Ad günümüzü həmişəki kimi qeyd etdik. Doğma kollektivimizlə toplaşıb, iş fəaliyyəti ilə bağlı xatirələri yada saldıq. Özümüz üçün kiçik məclis düzəltdik. Arzu edirəm ki, saytımız 10 yaşını qeyd etsin. Yazılarımız daim axarlı olsun”.

Siyasi yazar Şəmsəddin Həsənov söhbətə zarafatla başladı: “Ad günümüzdə bir tort kəsdilər, başımızı bununla aldatdılar (gülür). Zarafat bir yana, arzu edirəm ki, Axar.az bundan da uca zirvələrə qalxsın”.

İlkin Həsənov da saytı bundan daha hündür zirvədə görməyi arzulayır: “Axar.az-a bol-bol şans, uğurlar arzulayıram. Arzu edirəm ki, saytımızın xarici ölkələrdə filialları olsun. Xəbərlərimizə xarici ölkələrdə istinad etsinlər”.

Saytın ədəbiyyat yazarı Aqşin Evrən deyir ki, Axar.az kənardan yalnız siyasi sayt təsiri bağışlasa da, əslində universal saytdır: “Gün ərzində burada bütün sahələrə aid ən maraqlı yazılarla qarşılaşmaq mümkündür. Tibb, idmana aid yazılar böyük maraqla qarşılanır. Arzum budur ki, Axar.az-ın yenilikləri davamlı olsun və auditoriyamız daha da genişlənsin, bu universallıq bir qədər də inkişaf etsin”.

Axar.az-ın ingilis versiyasının yazarı Rəfiqə Əlisəfa saytın daha da populyarlaşmasını arzulayır: “Bu gün bizimçün əsl bayram oldu. Şənliyimiz şənliyimizə qarışdı. Mehriban, peşəkar kollektiv, əla iş şəraiti – yaradıcılıq üçün jurnalistə daha nə lazımdır?

Arzu edirəm Axar.az daha da məşhurluq qazansın və Azərbaycanın ən birinci saytına çevrilsin. Kollektivimizi qoruyub saxlamağı arzu edirəm. Heç kim heç yerə getməsin. Kaş saytın ingilis versiyası Azərbaycan versiyası kimi inkişaf etsin”.

Saytın ingilis versiyasının digər yazarı Valeh Məmmədli isə saytın xarici ölkələrdə populyarlaşmasını istəyir: “Çox istərdim Axar.az-ın ingilis versiyası təkcə Azərbaycanda deyil, bütün dünyada ən çox oxunan sayt olsun. Uğurlarımız davamlı olsun”.

Publika.az kollektivi olaraq biz də Axar.az-ı 3 yaşının tamam olması münasibətilə təbrik edirik. Uğurlarınız bol olsun!

Anar Tağıyev,

Fotolar müəllifindir












Tags:  illik yol keçən yaşlı Axaraz FOTOLAR

RƏYLƏR


Top news