Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: "Təhlükəsizliyimiz sərhədlərimizin ətrafında təhlükəsizlikdən birbaşa asılıdır"

İlham Əliyev: "Təhlükəsizliyimiz sərhədlərimizin ətrafında təhlükəsizlikdən birbaşa asılıdır"

Date: 19 October 2016 21:12

"İnkişaf üçün yaxşı potensiala malik olan Azərbaycan-İran-Rusiya üçbucağı konstruksiyası gələcəkdə bizim regionda təhlükəsizliyin, əməkdaşlığın möhkəmləndirilməsi işində çox mühüm rol oynayacaq".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova "Sputnik Azerbaydjan" üçün müsahibəsində deyib.

Ölkə başçısı qeyd edib: "Bu ilin əvvəlində mən İranda rəsmi səfərdə oldum və iranlı həmkarım Prezident Ruhani ilə birlikdə İran, Rusiya və Azərbaycan arasında əməkdaşlığın üçtərəfli formatını təşkil etmək ideyasını irəli sürdüm. Bu təklif çox müsbət qarşılandı və mən İrandan qayıdandan sonra Vladimir Vladimiroviç Putinlə zəngləşdim, o da bu ideyanı çox müsbət qarşıladı. Biz bu istiqamətdə fəal işə başladıq, həmin hadisələrdən düz iki ay sonra Bakıda üç ölkənin xarici işlər nazirlərinin görüşü keçirildi. Bu, ilk belə təcrübə idi. Görüş çox uğurlu oldu və sammitə hazırlıq başlandı. Həmin sammit avqustun əvvəlində Bakıda Prezident Putinin, Prezident Ruhaninin və mənim iştirakımla baş tutdu. Hesab edirəm ki, bu, tarixi sammitdir, əvvələn ona görə ki, üç ölkənin rəhbərləri tarixdə ilk dəfə belə formatlı sammitdə görüşürdülər. İkincisi, ona görə ki, biz tarixə qayıdırıq. Bizim regiondakı ölkələr, imperiyalar arasında qarşılıqlı münasibətlərin tarixi sadə olmayıb, bunu hamımız yaxşı bilirik. Lakin bu gün biz görürük ki, xoş məram olduqda, tarixi yaddaş nə qədər ağır olsa da, öz yerini praqmatizmə və əməkdaşlığı möhkəmləndirmək istəyinə verir".

İlham Əliyev əlavə edib ki, Azərbaycan müxtəlif mərhələlərdə İran imperiyasının, Rusiya imperiyasının tərkibində olub: "Buna görə də həmin sammitin Bakıda təşkil olunması bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Biz bunu həm böyük qonşularımızın gördüyümüz işlərə hörməti kimi, həm də əməkdaşlığın yeni formatı kimi qiymətləndiririk. Bu, ciddi geosiyasi addımdır. Əlbəttə ki, biz nəqliyyat təhlükəsizliyi, energetika, investisiya məsələlərini, iqtisadi məsələləri müzakirə etdik. Gündəlik kifayət qədər geniş idi. Lakin ən başlıcası budur ki, biz regional əməkdaşlığın coğrafiyaya əsaslanan yeni formatını yaratdıq. Çünki həm Rusiya, həm də İranla həmsərhəd olan ölkə yalnız Azərbaycandır. Bu format həm də bizim maraqlarımıza əsaslanır. Müstəqil dövlət kimi regionda təhlükəsizliyimiz təmin olunur. Bizim təhlükəsizliyimiz sərhədlərimizin ətrafında təhlükəsizlikdən birbaşa asılıdır. Buna görə də qonşularımız arasında sıx qarşılıqlı əlaqələr, - biz indicə Rusiya-Türkiyə münasibətlərindən danışdıq, eyni sözlər Rusiya-İran münasibətlərinə də aiddir, - bizim milli maraqlarımıza uyğundur. Biz belə bir görüşü təşkil edə bildiyimizə görə sevinirik və qürur duyuruq. Ümid edirik ki, gələcəkdə bu görüşün davamı olacaq".

Milli.Az


Tags:  İlham Əliyev Təhlükəsizliyimiz sərhədlərimizin ətrafında təhlükəsizlikdən birbaşa asılıdır

RƏYLƏR


Top news