Prezident İlham Əliyev: "Radikalizmlə mübarizədə əsas məsələ özümüzü kənar fiziki və informasiya təhlükələrindən qorumaqdır"

Prezident İlham Əliyev: "Radikalizmlə mübarizədə əsas məsələ özümüzü kənar fiziki və informasiya təhlükələrindən qorumaqdır"
21:17 19 Oktyabr 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bizim cəmiyyət milli ideya ətrafında sıx birləşib. Bu ideya bizim dəyərlərin prioritetindən, multikulturalizmin inkişafından ibarətdir".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova "Sputnik Azerbaydjan" üçün müsahibəsində deyib.

Ölkə başçısı vurğulayıb ki, bu il Azərbaycanda "Multikulturalizm ili" elan edilib: "Bizim cəmiyyət Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, həmçinin müstəqilliyimizin möhkəmlənməsi, bütün iqtisadi və sosial məsələlərin həlli ideyası ətrafında birləşir. Buna görə də bizdə radikallara yer yoxdur: istər iqtisadi, istərsə də sosial baxımdan bu cür baza yoxdur. Çünki praktiki olaraq yoxsulluq yoxdur. Onlar haradan özlərinə tərəfdarlar toplayır? Onlar əsasən yoxsul təbəqələrdən toplayır. Azərbaycanda savadlılıq yüz faizdir. Yenə də, radikalları haradan toplayırlar? Savadsız kütlədən. Çünki belə mühit yoxdur. Amma bizim ətrafımızda belə deyil. Buna görə bizim üçün əsas məsələ özümüzü mənfi xarici təsirdən, o cümlədən dini ekstremizmin təsirindən qorumaqdır. Bizim cəmiyyət öz köklərinə - həm milli, həm mənəvi, həm dini köklərinə dərindən bağlıdır. Biz ziyarətgahlarımıza ehtiram bəsləyir və bu məsələyə çox qayğı ilə yanaşırıq. Lakin, eyni zamanda, bizim cəmiyyət dünyəvi, müasir cəmiyyətdir. Zənnimcə, Azərbaycanın timsalında müasir dünyəvi müsəlman ölkəsinin nümunəsi hələ yetərincə öyrənilməyib, o, çox ölkələr üçün yaxşı nümunə ola bilərdi".

İlham Əliyev qeyd edib ki, buna görə də radikalizmə qarşı mübarizə baxımından bizim üçün əsas məsələ özümüzü mövcud kənar fiziki və informasiya təhlükələrindən qorumaqdır:

"Lakin bunun üçün müvafiq orqanlar var, onlar ölkəmizin təhlükəsizliyini təmin edirlər və buna görə də Azərbaycan ətrafda gördüklərimizin hamısının fonunda sabitlik, inkişaf və asayiş məkanı kimi qalır. Biz, vətəndaşlarımız bunu çox yüksək dəyərləndiririk. Onlar qaynar nöqtələrdə, Avropa ölkələrində, MDB məkanında, Yaxın Şərqdə nələr baş verdiyini hər gün görürlər. Müharibə, qan, dağıntılar. Bu, bizim cəmiyyətimizi daha sıx birləşdirir. Bu - radikalizmə qarşı ən böyük "peyvənddir". Lakin bütün bunlara baxmayaraq, biz öz siyasətimizin - məhz müasirliyə, dünyəviliyə, Xeyirin Şər üzərində üstünlüyünə yönəlmiş siyasətimizin həyata keçirilməsi üzrə fəaliyyətimizi bir an belə zəiflətməməliyik. Biz mütəmadi olaraq bu istiqamətdə işləyirik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/481184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR