...1939-cu ilin isti yay günləri idi. Günortadan xeyli
keçməsinə baxmayaraq, havanın bürküsündən nəfəs almaq olmurdu.
Dağlı Məhəlləsi şəhərin qərb ucqarında - Çəmbərəkəndlə “Həmşəri
palanı” arasındakı təpədə, tozanağın at çapdığı yerdə
yerləşirdi.
Dağlı məhəlləsi 1939-cu ildə Bakıdan çox, Xızının bir məhəlləsini
andırırdı. Fərq ondaydı ki, burada nə göy çəmənli otlaqlar, nə
yaşıl meşə, nə də soyuq su çeşməsi vardı. Çeşməni hələ iki ay
bundan əvvəl yağmış yağış suyu toplanan üfunətli çalalar, çəmənliyi
məhəllədən bir qədər aralıdakı dəvətikanı kolluqları, meşəni isə
qəbiristanlıq əvəz edirdi. Daş binaların qır damları gündüzlər
qızar, səhərədək öz istiliyini evlərin içinə üfürərdi.
Dağlı məhəlləsində Təkdəst Məhərrəmin evinin qarşısındakı səkidə
iki cavan ayaq üstə dayanıb, söhbət edirdi. On üç-on dörd yaşlı
uşaqsa səkidə oturub altdan-yuxarı maraqla onların söhbətini
dinləyir, gah məsum təbəssümlə gülümsəyir, gah da ciddiləşərək nə
isə demək istəyirmiş kimi, əlini tərpədirdi.
- Gedey, elə "Qız qalası"ndan bir az yuxarıda çimey, - deyə
hündürboy, enlikürək Ağayar cibindən dəsmal çıxarıb tərləmiş üzünü,
boynunu sildi. - Bu arvad yəqin ki, gəlmiyejey.
- Bir az da gözləyək. Düz saat beşin yarısında düşərik aşağı. On
dəqiqə də səbr eləginən, - Şahmurad şalvarının qarşısındakı kiçik
cibindən (pistonçik) çıxardığı dördkünc qızıl saata baxıb, balaca
qardaşı Xeyrullaya sarı dönərək: - Sən dur, getginən evə. Biz gec
gələcəyik, - dedi. Dur, dur.
- Qədeş, sən mənim canım, məni də dənizə aparun, - deyə
yalvardı.
- Alə, nöşün and verirsən? Böyügün sözünə belə baxarlar?
- Şahqədeş, Vallah, bir kom çimib qeyidərəm. Həri? Sən mənim canım,
- Xeyrulla oturduğu yerdən qalxdı, iki barmağı ilə xirtdəyinin
dərisindən yapışıb, bu dəfə yalvarış dolu nəzərlərini Ağayara
zillədi. Sanki: "Alə, bir kəlmə deginən də..." - sözləri yazılmışdı
sifətində.
- Evə getginən, sabah səni Xızıya aparıceyəm. Bu gün işimiz var, -
Şahmurad çevrilib, uzaqdan görünən qarıya sarı addımladı və
gedə-gedə cibindən bir dəstə pul çıxarıb, ovcunun içində sıxdı.
- Salam, Sarıgül bibi... Necəsən? Nəvələrün necədü? Day nə qalıb?
Allah qoysa, beş-altı aydan sonra oğlun buraxılıb gələr, hər şey
qaydasına düşər. Gələ bu pulları, bir kisə un, bir az da uşaqlarçun
pal-paltar alginən. Dünən balaca nəvövü görmüşəm. Maşallah, yaxşıca
böyüyüb, lap atası Muradxana oxşayır.
- Allah səni Tuğ dağına döndərsin ay bala, inşallah, Muradxan
çıxar, yaxşılığuvun əvəzini qeytərər, - qarı ucadan səsləndi və
əlindəki pullara baxaraq: - Munun hamısını götürmərəm, çoxdur...-
dedi. - Özüvüz bir çətən külfətsüz. Yarısı bəsimdü, oğul.
- Yox, yox, hamısını götürginən. Uşaqlara əyin-baş alginən, -
Şahmurad qadının sümükləri çıxmış çiynini qucaqladı, nəmlənmiş
gözlərini ondan gizlətmək üçün geri döndü. - Hə, gedey,
uşaqlar.
- Şahqədeş, sən mənim canın - Xeyrulla yenə əlini boğazına sarı
uzatdı və qardaşının qolunun qaldırdığını görüb, onun qoltuğuna
girərək böyrünə qısıldı. - Bilirdim ki, razılaşacaqsan.
Dağlı məhəlləsindən enib, "Goburnat bağı"na gəldilər. "Kazino"nun
yanından ötəndə:
- Ey, Şahmurad, buralarda nə qayırırsan? - deyən səsi eşidib
ayaq saxladılar. - Salam, intillegent.
- Edik? Bəs deyirdün, Qara dəniz sahillərinə istirahətə
gedirsüz.
- Yox, ora gedəsi olmadıq, Şuşaya gedəcəyik. İki həftəliyə, oradan
da Yerevana. Bəs sən?
- Mən sabah Xızıya gedirəm, dağlara, - çoban çadırlarına.
Edik rişxəndlə gülümsünərək:
- İntillegent..., çoban? Beləsini eşitməmişdim.
- Alə, Şahqədeş, alə, rədd elə munu, gedey çimməyimizə, - deyə
Ağayar Edikə nifrətlə nəzər salıb, dostunun çiyiniə toxundu. -
Görmürsən, yağlı qoğala oxşuyur, neyiynən danışırsan, alə,
munun?..
- Mənim sinif yoldaşımdu, hirslənmə Ağa, tanış olun. Prokuror
Şahnazarovun oğludur...
- Nəyimə lazımdır, alə? Gəl çıxaq gedey, düdüyün biridü ki, bu...-
Ağayar sanki dava axtarırmış kimi Edikə tərəf bir addım
atdı.
Edik başını aşağı dikib, Nikolayevski küçəsini keçdi, dönüb bayaq
Şahmuradla dayandığı yerə baxdı. Yox idilər orada. Ancaq
Şahmuradgil getməmişdilər. Bir qədər aşağı getdikdən sonra Şahmurad
Ağayara tərəf dönərək:
- Ağa, gəl elə prokurorun evini aparaq, nə deyirsən?.. -
pıçıldadı. - Mən onların evində olmuşam. Bax, üçünücü mərtəbə
onlarınkıdır. Kiçicik bir risq eləyək? - Üçüncü mərtəbədəki qırmızı
pərdəli mənzili görürsən? Prokurorundu.
Xeyrulla gözlərini geniş açaraq, gah qardaşına, gah Ağayara, gah da
qırmızı pərdəli mənzilə baxırdı.
Onlar İçərişəhərdən, Xan sarayının yanından üzüaşağı düşüb, Qız
qalasının yanından çıxdılar. Naberejni küçəni də keçib, dəniz
sahilinə gəldilər. Çimirdi camaat.
- Mən onların evində olmuşam. Mətbəx, dəhliz... və üç otaq. Biri
Edikin atasının kabinetidir. Biri yataq otağı, biri də qonaq-qara
qarşılamaq üçün. Edikin ad günündə böyüklər kabinetdə, biz uşaqlar
isə qonaq otağında oturmuşduq. Sonra tort kəsdi mərasimi oldu... -
Şahmurad gözlərini bir neçə dəfə suya cumsa da, balıq tuta bilməyən
qağayıdan ayırmadan pıçıldayırdı. - Onda mən fikir verdim.
Bağırovun şəkli bir qədər əyri dayanırdı. Niyə? Yəqin kim isə həmin
gün onu tərpətmişdi. Niyə həmin gün? Pul lazım olmuşdu. O vaxtdan
düz üç il keçir, amma demək olar ki, həmin şəkli hər gecə yuxuda
görürəm. Bağırovun əyri dayanmış şəkili... Şəklin arxasında məncə,
dərin seyf var. Nə isə, oranı, Şahnəzərovun evini aparmalıyıq.
Səhəri gün Şahmuradla Ağayar "Kazino"nun qarşısında dayanıb söhbət
edirdilər.
- Əgər onlar bu gün gedəcəklərsə, hansı marşrutu seçə bilərlər?
Qatarla Yevlaxacan, oradan maşınla, yoxsa elə Şahnazarovun "M-1"
"tısbağa"sına doluşacaqlar? Bax, bunu fikirləşmişəm səhərəcən, -
deyə Şahmurad əllərini cibinə soxub, ağaca söykənərək, biganə
baxışlarla ətrafı seyr edən Ağayardan soruşdu.
- Şahqədeş, nahaq narahat olursan ey. Təki onlar rədd olub
getsinlər, ekspromtom bir şey fikirləşib taparuq. Nədir bəgəm, bir
dəqiqəyə açıceyəm qapını, on-on beş dəqiqəyə süpürəceyik otaqları,
vəssalam. Alə, bir bax, Xeyrulla qaça-qaça gəlir. Allah eləməsin
ki, bir qəza, xəta üz vermiş olsun, - deyə Ağayar başı ilə küçənin
o biri səkisini göstərdi.
Xeyrulla təngnəfəs yaxınlaşıb, Şahmuradın qənşərində dayandı:
- Şahqədeş, Şahqədeş, mən bir şey fikirləşmişəm. Bəlkə küçənün
elə bu üzündən məni sallayasuz kəndirlə?
- Nə danışırsan, alə? Çıx ged evə... Allah eləməmiş, ələ keçsək,
ataya nə cavab verərəm... - Şahmurad Xeyrullanın başını iki ovcu
içinə alıb saçlarından, alnından öpdü. - Sən burada olsan, fikrim
elə sənin yanunda olıcey, heç nə düşünə bilmiyəcəm. Get evə!
Xeyrulla küskün nəzərlərini bir an qardaşının üzündə saxlayıb,
kəskin hərəkətlə geri döndü, ayaqlarını sürüyə-sürüyə bir neçə
addım atıb:
- Yaxşı-yaxşı fikirləş, intellegent, mən sənə qardaş kimi yox,
podelnik kimi deyirəm: mənim planım yaxşıdır, - deyə iki əlini də
birdən silkələyərək qışqırdı.
- Alə, bir az sakit! - deyə Ağayar barmağını dodaqları üzərində
çarpazlayıb Xeyrullaya tərəf addımları. - Bir deyinən görey, sən nə
istəyirsən?
Hündür boylu, dolu bədənli Ağayar əyilərək qulağını uşağın
dodaqları səviyyəsində saxlayaraq dinləyir, yumruğunun baş
barmağını qaldıraraq "əla, əla" deyə başını tərpədir, altdan-altdan
Şahmurada göz vururdu. Nəhayət, o, belini düzəldib gərnəşdi,
sinəsinə bir neçə dəfə vurduqdan sonra səbirsizliklə gah ona, gah
da Şahmurada baxan Xeyrullaya:
- Sənün fikirləşdüyüvü heç Firon da ağlına gətirə bilməzdi. Aləm
ideyadu. Ancaq indi sən bizə mane olursan, adamların diqqətini cəlb
edirsən. Özü də hələ bilinmir prokuror bu axşam, yoxsa sabah səhər
köç edəcey. Sən getginən evə, istirahət eləginən. Klyanus, klyanus,
klyanus, lazım olsa, sənün ardunca özüm gəliceyəm.
Xeyrulla parıldayan gözlərini Şahmurada zillədi, baxışlarında: "Sən
nə deyirsən?" sualı oxunurdu.
- Ağa danışan yerdə mən susuram. O, bir söz deyibsə, deməli,
fikirləşib, sonra ağzından çıxarıb. Get evə, ürəgüvü buz kimi
saxla, lazım olsan, arxanca gəliceyik.
Gündüz saat birdə "tısbağa" - "Moskviç" Nikolayevski küçəsində
göründü və Şahnazarovun evi qarşısındakı girişdə dayandı. Həmin an
günəş şüalaraı altında parlayan maşının ətrafına çoxsaylı uşaq
dəstəsi toplandı.
- Hə, çəkilin, çəkilin - deyə maşından düşən prokuror gülümsəyərək
bir-iki uşağın başını tumarlayıb yuxarı qalxdı. Maşının içində
sürücü və bir milis nəfəri qaldı. Milis nəfəri yarım saat
gözlədikdən sonra "Moskviç"dən düşüb girişdə yox oldu və az sonra
iki çamodanla geri qayıtdı. Sonra daha bir dəfə üçüncü mərtəbəyə
qalxıb-düşən qırmızıpoqonlu bu dəfə iki zənbil gətirdi və yenə
yuxarı qalxdı. Çıxışda üzündə sevinc, qürur təbəssümü cilvələnən
Edik göründü. Şəstlə sürücünün yanındakı oturacaqda əyləşib, zərblə
qapını çırpdı. Şahnazarov da övrətinin qolundan tutaraq, nə isə
danışa-danışa maşına yaxınlaşdılar, Edikin mamaşası şaqqanaq
çəkərək güldü və iri, ətli əndamını maşına salanda "Moskviç"in bir
tərəfi xeyli aşağı yatdı.
Şahnazarov "M-1"-in qapısından tutaraq nə isə fikirləşirdi və
birdən əlin şalvarının cibinə salaraq, bir dəstə "beşlik" çıxardı,
"Moskviç"in ətrafına toplaşmış uşaqlardan yaxında olanına: - Al,
götür, Məşədi Dursunun budkəsində qazlı su içərsən, sən də gəl, sən
də... - Hamısına pul payladı. - Hə, uşaqlar, buna "salamatı"
deyərlər. A nu, Surencan, troqay, s boqom! - deyə bərkdən
səsləndi.
Bir qədər sonrna Şahmurad sarımtıl çesuça kitelinin cibindən
dairəvi gözlükləri olan eynəyini çıxarıb, dəsmal ilə adi şüşədən
olan "linza"ları silib təmizlədi və saçlarına sığal çəkdi, ciddi
halda "na razvedku" deyə pıçıldadı.
Enli pilləkənlərlə yuxarı qalxdıqca addımlarını sayırdı. Hiss
edirdi ki, gicgahlarında qan zərblə vurur. Sanki ayaqlarından ağır
yüklər asılmışdı.
Üçüncü mərtəbənin qapıları ağzında stul qoyaraq oturmuş milis
əməkdaşı addım səsləri eşidərək ayağa qalxdı və əlində tutduğu
kağızı oxuyaraq yuxarı qalxan eynəkli, ağbəniz, qara saçları
sığallanaraq proborlanmış oğlanı görəndə yenidən öz yerinə qayıtdı.
Şahmurad milis işçisinə heç fikir vermədən dördüncü mərtəbəyə
qalxdı, bir qədər gözlədikdən sonra geri qayıtdı.
- Orada ment oturub və yəqin ki, prokuror qayıdanacan mənzili
qoruyacaqlar, - deyə Şahmurad Ağayara bildirdi. - Binanın damına
yol axtarmaq lazımdır. Məni sallayarsan kəndirlə.
- Xeyrullanın planı ilə işləyəcəyik? Pəncərədən içəri girmək mümkün
deyil. Şüşələr çox böyükdür sındırmaq olmaz, amma fortoçkadan...
bu, daha ağlabatandır. Xeyrullanı götürmək lazımdır, cin kimi
uşaqdır...
- Yox, yox. Mən özüm nəfəslikdən içəri girəcəyəm.
- Neyçün mübahisə edirsən, Şahqədeş? Özün də bilirsən ki, bu,
baştutan məsələ döyül. Sənün bədənün oradan keçməz axı. Həm də
Xeyrullanı kəndirlə sallamaq daha asan olar bizimçün.
...Bürkülü bir gecə idi. Dairəvi Ayın solğun işığında iki kölgənin
əyilərək, asta-asta yaxınlaşdığına baxırdı Şahmurad. Damın üstündə
onların ancaq əyilmiş belləri görünürdü. Onlar lazım olan nöqtədən
iki metr də ötdülər və Ağayar uca boyunu qaldıraraq, "Kazino"nun
qarşısına baxdı.
Şahmurad ağacların kölgəsindən çıxıb, əlini yellədərək "geriyə,
geriyə" işarəsi verdi, onların düz nəfəsliklə eyni xətt kəsiyində
dayandığını görcək, qolunu şaquli vəziyyətdə saxladı və yenidən
ağacın gövdəsinə sığındı.
Bir dəqiqə sonra belindən bağlanmış kəndiri yana itələyən
Xeyrullanın cılız, arıq bədəni damın kənarında göründü. O,
tullanmağa hazırlaşmış pişik kimi yığışaraq, dizləri üstə
dayanmışdı. Başını irəli uzadaraq aşağı baxdı. Dərinlikdə
Nikolayevski küçəsinin asfaltı qaralırdı. Ağayar kəndiri biləyinə
dolayıb, hazır dayanmışdı və hiss edirdi ki, bədəni bir qədər
titrəyir. Uşaq isə sakit, soyuqqanlı nəzərlərlə "Kazino"nun
qarşısındakı meydançaya baxır, Şahmuradı axtarırdı. O, ayaqlarını
aşağı sallayaraq, damın kənarlarından tutdu, Ağayara baxıb
gülümsündü və barmaqlarını açaraq qaranlıq uçuruma yuvarlandı.
Üfüqi vəziyyətdə, bədənini qacırdaraq həm yellənir, həm də
fırlanırdı Xeyrulla. Üzü pəncərənin nəfəsliyinə doğru dayananda
əllərini irəli uzatdı. On-beş, iyirmi santimetr çatmırdı oraya.
Ağayar da damın üstündə uzanmışdı... Bədəni yarıyadək damdan kənara
çıxmışdı. Aşağıda əlayaqlarını tər-pədərək, özünü pəncərəyə
çatdırmağa çalışan Xeyrulla çabalayırdı. Az sonra onun cılız bədəni
kiçik dördkünc qaranlıqda gözdən itdi.
Bir qədər sonra uşaq qara rəngli geyim paltarların içinə doldurduğu
pulları nəfəslikdən bayıra atırdı. Şahmurad asfalt üstünə dəyib
cırılan kitellərin içindən bayıra sıçrayan pul bağlamalarını yığıb
ağacın yanına gətirir, yenidən küçənin ortasına qaçaraq, üçüncü
mərtəbədən uçan bağlamaları tutmağa çalışırdı.
Axırıncı bağlama da yerə dəyib parçalandı. Ətrafa səpələnən pul
dəstələrinin sonunjusunu götürməyə əyiləndə bir əl ondan daha tez
yığışdırırdı paçkanı. Şahmurad belini düzəldib, oradakı tapançanı
çıxardı. Qarşısında dayanan İçərişəhərli Maruxa idi...
Maruxa başı ilə pənjərəyə tərəf işarə edərək:
- Klasnaya rabota, Şaxmurad, xoroşiy kuş i xoroşiy u tebya zmeyış
(nəfəslikdən, fortoçkadan içəri girən uşaqlara deyirlər). Na
qolubyanike kto? - deyib əlində tutduğu pulu ona uzatdı.
Şahmuradın üzünü fərəhdən doğan təbəssüm bürüdü, nazik bığları
dartınıb uzandı.
- Borc verə bilərəm, bratok. Götürginən yarısını, imkanun olanda
qeytərərsən...
- Tı çto brat, menya za frayera şitayeş? S takim trudom obrabotal
xatu... Nastoyaşiy intelleqent! Nedarom tebe vılepili etu kliçku...
Spasibo!
...Bir saat sonra iki dost çay içir, iri, qatı açılmamış
pul dəstələrini bir-birinin üzərinə yığırdılar. Düz səksən iki min
manat idi...
... Onlar axşamadək əlli səkkiz mindən bir qədər çox pul
paylamışdılar. Dağlı məhəlləsində, Kubinkada, Sovetskidə yaşayan
bütün məhbus ailələrinə bu paydan
çatmışdı./azvision.az/
(Mövzunun davamı olacaq)