Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aygün Bayramova Şövkət Ələkbərova haqqında: “Dedi ki, ondan sonra yaşaya bilmərəm...”

Aygün Bayramova Şövkət Ələkbərova haqqında: “Dedi ki, ondan sonra yaşaya bilmərəm...”

Date: 20 October 2016 09:48

Kiçik yaşlarından musiqi məktəbinin kamança sinfinə gedib. Valideynləri onu yaxşı kaman ustası görmək istəyiblər. O isə tezliklə sübut edib ki, səsi kamanın səsindən də yaxşı çıxır. Qızcığazın bu istedadı isə tam təsadüf nəticəsində aşkarlanıb. Anasının çalışdığı orkestrə gələn balaca qız rəhbərliyin təklifi ilə özfəaliyyət kollektivinə üzv yazılıb. 1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində qalib olub. Hansı ki, nəticələrini Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi görkəmli sənətkarlar qiymətləndirirdi. Həmin müsabiqənin Opera teatrında keçirilən yekun konsertində "Qarabağ şikəstəsi"ni oxuyan, səsi, ifası bəyənilən gənc qız Şövkət Ələkbərova idi.

Bu gün sevilən sənətkarın doğum günüdür.

Publika.az məlahətli səsi və bənzərsiz ifası ilə ruhumuzu oxşayan Şövkət Ələkbərovanı xalq artisti Aygün Bayramova ilə birgə yad edib.

- Xalq artisti, sevilən sənətkar Şövkət Ələkbərovanın yoxluğu ilə bizi 22 illik zaman kəsiyi ayırır. Müəlliminizi necə xatırlayırsınız?

- Əvvəlla, onu deyim ki, Şövkət xanımın tələbəsi olduğuma görə fəxr edirəm. Mən hər zaman müəllimlərimin adını qoşa çəkmişəm. Asəf Zeynallı adına Musiqi Kollecində Şövkət Ələkbərovanın, Konservatoriyada isə Arif Babayevin tələbəsi olmuşam. Hər zaman tələbələrimə də deyirəm ki, ustadlarınızın zəhmətini itirməyin, onların adını uca tutun. Mənim Şövkət xanımla tanışlığım mahnı müsabiqələrində olmuşdu. O vaxt, bilirsiniz ki, müsabiqələr keçirilirdi. Şövkət Ələkbərova və digər sənətkarların təmsil olunduğu münsiflər heyəti istedadlı uşaqları üzə çıxarırdı. Qismət elə gətirdi ki, Asəf Zeynallı adına Musiqi Texnikumuna qəbul olundum və Şövkət xanımın tələbəsi oldum.

- Xaraktercə necə insan idi?

- Şövkət xanım sənətində mükəmməl olduğu qədər, insan kimi də mükəmməl idi. Tələbələrini övladları qədər sevirdi. O vaxt hərəmiz bir rayondan gəlmişdik. Şövkət xanım bizi qəribsəməyə qoymurdu, həmişə qayğımıza qalırdı. O həm texnikumda, həm də evdə bizə dərs keçirdi. Evinə gedən kimi soruşurdu ki, haradan gəlirsiniz? Bilmək istəyirdi ki, yemək yemişik, ya yox. Tələbələrini övladlarından ayırmırdı. Valideynlərimizdən uzaq olduğumuz üçün hər işimizlə maraqlanırdı. Yadımdadır ki, bir dəfə Cəbrayıl rayonundan olan qrup yoldaşımız Gülüzə adlı qız saçlarını boyamışdı. Şövkət xanım onu görən kimi dedi ki, saçlarını niyə bu hala salmısan, get, onu əvvəlki rənginə qaytar. Deməyim budur ki, o, qızlara ana kimi yanaşırdı.

- Gələcəyin müğənnisi kimi, tələbələrinə ən çox nəyi tövsiyə edirdi?

- Şövkət xanım musiqini yaşayaraq ürəkdən oxuyurdu. Buna görə də əksər bəstəkarlar istəyirdilər ki, mahnılarının ilk ifaçısı məhz o olsun. Bilirdilər ki, Şövkət xanım o mahnıları ürəkdən ifa edərək öz möhürünü vuracaq. Doğrudan da, o, oxuduğu bütün mahnılara möhürünü vurdu. Elə özü də hər zaman bizə bunu tövsiyə edirdi. Deyirdi ki, ürəkdən, sevgi ilə oxuyun. Biz onda çox gənc idik və bu sözün fərqinə varmırdıq. Amma yaşa dolduqca, onun sözlərini dərk etməyə başladıq.

- Şövkət xanımdan nəyi örnək götürmüsünüz?

- Səhnə mədəniyyətini, geyinməyi, ifaçılığı… Şövkət xanımın səhnə mədəniyyəti hər kəsə nümunə idi. Hər kəs ona baxıb öyrənirdi. Çox kübar, xanım-xatın geyinərdi.

- Paxıllığını çəkənlər vardı?

- O qədər. Sənət adamı olasan, paxıllığını çəkməyələr? Təbii ki, Şövkət xanım çox məşhur idi və hər kəs onu sevirdi. Bu da yəqin ki, onu istəməyənlərin xoşuna gəlmirdi.

- Elələrinə qarşı münasibəti necə olurdu?

- Şövkət xanım pisliyə pisliklə cavab verən xanım deyildi. Ümumiyyətlə, o xanımın ifası kimi xarakteri də yumşaq idi. Bir kimsəyə acı söz deyib xətrinə dəyməzdi. Hətta ona pislik edən insana belə yaxşılıqla cavab verib qarşısındakını utandırardı. Şövkət xanım əsl ziyalı, kübar qadın idi.

- Küsülü olduğu həmkarları vardı?

- Bəlkə də olub, deyə bilmərəm. Amma onu bilirəm ki, Şövkət xanımın dostluq etdiyi həmkarları çox idi.

- Məsələn, kimlərlə dostluq edirdi?

- Bilirəm ki, Sara Qədimova ilə yaxın rəfiqə idi. Bütün tədbirlərdə, məclislərdə bərabər olurdular.

- Onunla son görüşünüzü xatırlayırsınız?

- Ömrünün son illərində tez-tez xəstə olurdu. Şəkəri vardı, bir yandan da təzyiq onu əldən salmışdı. Həmin müddətdə çox sevdiyi qızı da xəstəlikdən dünyasını dəyişdi. Qızının gənc ikən ölümü ona pis təsir etmişdi. Bu dəhşətli hadisəni unuda bilmirdi. Şövkət xanımın xəstə yatdığı vaxtlarda evinə getmişdim. Mənə dedi ki, Aygün, Natelladan sonra mən yaşamaram. Həqiqətən də elə oldu.Üstündən bir il keçmədi ki, dünyasını dəyişdi.

- Deyəsən, qızından sonra heç oxumurdu da?

- Tədbirlərə, məclislərə sadəcə qonaq kimi gedirdi. Özü də demişdi ki, daha oxumayacam.

- Bu gün müəlliminizin yoxluğunu daha çox hansı məqamlarda hiss edirsiniz?

- Elə hər məqamda. Mən Şövkət xanımı həmişə xatırlayıram. Fəxri Xiyabana gedib məzarını ziyarət edəcəm. Xoşbəxtəm ki, həyatımda belə gözəl sənətkar olub.

Cəvahir Səlimqızı







Tags:  Aygün Bayramova Şövkət Ələkbərova haqqında Dedi ondan sonra yaşaya bilmərəm

RƏYLƏR


Top news