Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

2020-ci ilədək əhalinin 99,9%-i elektrik enerjisindən istifadə edəcək

2020-ci ilədək əhalinin 99,9%-i elektrik enerjisindən istifadə edəcək

Date: 20 October 2016 11:28

“Elektrik stansiyalarının hər adambaşına düşən qoyuluş istehsal gücü Rusiyada 1,35 kVt, Qazaxıstanda - 1,25 kVt, Avropa İttifaqında - 1,3-3 kVt olduğu halda, Azərbaycanda bu göstərici 0,75 kVt-dır. Deməli, yaxın gələcəkdə Azərbaycanın bu göstərici üzrə dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatması üçün yeni tikiləcək elektrik stansiyalarının hesabına energetika sisteminin ümumi gücü 10 000 MVt-dan yüksək həddə çatdırılmalıdır. Nəticədə ölkədə adambaşına düşən elektrik enerjisinin həcmi Avropanın inkişaf etmiş ölkələrinin göstəricisi səviyyəsinə qədər yüksələrək, 3600 kVt saatdan artıq olacaqdır”.

Publika.az xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyevin "Respublika" qəzetində dərc olunan məqaləsində deyilir. Nazir bildirir ki, ölkədə elektrifikasiya səviyyəsi yüksək olsa da, hələ ki, 100% deyil: “İqtisadi inkişaf səviyyəsinə görə Azərbaycandan geridə qalan əksər ölkələr innovativ qanunvericilik və qiymət yanaşmalarından istifadə etməklə, özəl sektoru səfərbər edərək ucqar bölgələrin enerji ilə təminatı üçün optimal yollar tapmışdır. Azərbaycanda da regionların enerjiyə çıxışının tam optimallaşdırılması məqsədilə 6 region üzrə 4 hissədən ibarət "İnkişaf və yenidənqurma proqramı" hazırlanmışdır. Artıq icrasına başlanılmış proqramın birinci hissəsini elektrik şəbəkələrinin reabilitasiyasını əhatə edən tədbirlər təşkil edir. Bu da regionlardakı istehlakçıların, ilk növbədə, əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına, kənd təsərrüfatının inkişafı üçün suvarma sistemlərinin elektrik təminatının yenidən qurulmasına, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının etibarlılığının yüksəldilməsinə kömək göstərəcəkdir. Proqramın ikinci hissəsini növbəti 3 il müddətində bütün regional elektrik şəbəkələrinin modernləşməsinə yönələn və “2013-2025-ci illər üzrə Azərbaycan Enerji Sektorunun Baş Planı”nda nəzərdə tutulmuş təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi təşkil edir. Bunun da nəticəsində regionlarda olan istehlakçıların elektrik enerjisi təchizatı tam həllini tapacaqdır".

Son illər enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafının xüsusi aktuallıq kəsb ediyini vurğulayan nazir bildirib ki, Avropa İttifaqı ölkələri 2020-ci ilə qədər enerjiyə 20% qənaət etmək, daha az CO2 emissiyası və 20% alternativ və bərpa olunan enerji resurslarından istifadəyə nail olmaq məqsədini qarşıya qoyublar.

Nazirin sözlərinə görə, enerjiyə tələbatın azaldılmasında ondan səmərəli istifadə mühüm rol oynayır: "Eyni zamanda, artan təmiz enerji ehtiyatları neft və qaz kimi ənənəvi enerji resurslarından geniş istifadəni də məhdudlaşdırır. Enerji resurslarından səmərəli istifadənin təminatı üçün, ilk növbədə, enerji təchizatı prosesinə iqtisadi təsir tədbirlərinin bazası kimi iqtisadiyyatın bütün sahələrində enerjitutumlu texnoloji proseslər və məhsul növləri üçün enerji resurslarının xüsusi sərfi üzrə dövlət standartları və normaları sisteminin hazırlanması vacibdir".

N. Əliyev əlavə edib ki, bununla yanaşı, enerji resurslarından səmərəli istifadəni təmin edən dövlət tarif və qiymətlər siyasətinin mütəmadi təkmilləşdirilməsi və enerji resurslarından səmərəli istifadəyə görə onların normativlərdən artıq sərfindən asılı olaraq, qüvvədə olan qiymət və tariflərə müxtəlif faizli əlavələr şəklində ödəmələrin tətbiq edilməsi də böyük əhəmiyyət kəsb edir: "Bu tədbirlər nəticəsində, 2020-ci ilədək Azərbaycanda adambaşına düşən ÜDM-in həcminin iki dəfə artmaqla təxminən 13000 ABŞ dolları səviyyəsinə çatması perspektivini nəzərə alaraq, 2020-ci ilədək əhalinin 99,9%-in elektrik enerjisindən istifadəsi mümkün olacaq və adambaşına elektrik enerjisinin istehsalı 2018-ci ildə 2500 kVt saata qədər artacaqdır".

İqtisadiyyat şöbəsi


Tags:  2020-ci ilədək əhalinin 99 9-i elektrik enerjisindən istifadə edəcək


RƏYLƏR


Top news