"Komandamız "Qəbələ" ilə oyunda nə edəcəyini yaxşı bilir"

"Komandamız "Qəbələ" ilə oyunda nə edəcəyini yaxşı bilir"
12:05 20 Oktyabr 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

"Qrupun ilk 2 görüşündə vacib xallar qazana bilmişik. İndi bizi "Qəbələ" ilə oyun gözləyir".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Sent-Etyen"in seneqallı futbolçusu Anri Seve deyib.

Fransa klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu bu gün öz meydanında "Qəbələ"yə qarşı keçirəcək.
 
Matçdan öncə keçirilən mətbuat konfransında Seve də iştirak edib. 26 yaşlı yarımmüdafiəçi "qırmızı-qaralar"la baş tutacaq görüş barədə danışıb.
 
O bildirib ki, "Sent-Etyen"in üzvləri "Qəbələ" ilə matçda necə oynayacaqlarını yaxşı bilirlər: "Meydanın vəziyyətinin yaxşı olması yaradıcı oyun sərgiləmək mənasında çox önəmlidir. Komanda "Qəbələ" ilə oyunda nə edəcəyini yaxşı bilir. Odur ki, baş məşqçi Kristof Qaltyenin matçdan öncə bizə nə deyəcəyini təxmin edirik. Oyuna ən yaxşı qaydada hazırlaşmışıq. Xüsusi yanaşmaya ehtiyac yoxdur. Onsuz da, hər kəs öz işini bilir. Qaltye mənim oyunumdan çox şey asılı olacağını deyib. Bu, böyük sözlərdir. Yarımmüdafiə xətti müdafiə və hücum arasında əlaqə yaratmalıdır. Futbol bir nəfərin yox, bütün komandanın oyunudur".
 
Transfer hüququ "Nyukasl"a məxsus olub, "Sent-Etyen"də icarə əsasında çıxış edən Seve matçın çətin olacağını bildirsə də, yalnız qələbəni hədəflədiklərini qeyd edib: "Bu görüşün "Qəbələ" üçün həlledici olduğunu bilirik. Amma təkcə onlar üçün deyil, bizim üçün də vacib oyundur. "Qəbələ"nin qrupdakı şansı az qiymətləndirilə bilər. Lakin biz bilirik ki, avrokuboklarda bütün oyunlar çətin keçir. "Qəbələ" ilə öz meydanımızda qarşılaşmağımız bizdə özünəinam hissini artıracaq. İndi matçla bağlı 1000 sual səsləndirmək olar, amma bütün cavablar meydanda veriləcək".
 
Təcrübəli futbolçu "Qəbələ"yə qalib gəlməyin yollarından da danışıb: ""Qəbələ"yə qarşı çox yaradıcı və qərarlı oyun göstərməliyik. 90 dəqiqə ərzində ağıllı davranmaq lazımdır ki, qələbə qazanmaq mümkün olsun. "Qəbələ" müdafiədə kompakt oynayır. Onlara çətinlik yaradaraq, qalib gəlməliyik. Bu yolla biz Avroliqada uzun yol qət edə bilərik. "Qəbələ" ilə görüşdə qələbədən başqa nəticə bizi qane edə bilməz. İstənilən hesabla da olsa, qalib gəlməliyik".
 
Qeyd edək ki, "Sent-Etyen" - "Qəbələ" matçı Bakı vaxtı ilə 23:05-də start götürəcək.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481295.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR