HƏYƏCAN TƏBİLİ: "Sürüşmə sahələrində çox gərgin vəziyyət yaranıb"

HƏYƏCAN TƏBİLİ: "Sürüşmə sahələrində çox gərgin vəziyyət yaranıb"
12:12 20 Oktyabr 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda son bir necə gün ərzində yağan yağışlar nəticəsində sürüşmə sahələrində çox gərgin vəziyyət yaranıb".

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Onun sözlərinə görə, Atlantik okeanı üzərində formalaşan rütubətli hava kütlələrinin Azərbaycan ərazisinə şimal-qərbdən daxil olması nəticəsində ölkədə bu hava kütlələrinin uzunmüddətli hökmran olması baş verib. Nəticədə, ölkənin, demək olar ki, bütün ərazilərində intensiv yağışların yağması nərticəsində son günlər ərzində sürüşmə sahələri xeyli fəallaşıb.

E.Əlizadə qeyd edib ki, sürüşmə sahələrinin fəallaşması özünü daha çox Şamaxı, Ağsu, İsmayıllı rayonlarında, Göyçay çay hövzəsində, İstisu zonasında, Girdimançay hövzəsində, İsmayıllının Basqal kəndindəki və onun ətrafındakı kəndlərdə, o cümlədən də Böyük Qafqazın şimal-şərq yamacında - Xızı, Şabran, Siyəzən rayonlarında, qismən də Quba və Qusarda, xüsusilə son dövrdə daha çox fəallaşan Quba-Xınalıqda göstərib: "Quba-Xınalıq yolunda baş verən sürüşmə-uçqun hadisəsi hətta yolun bağlanmasına səbəb olub. Fəallaşma eyni ilə Lənkəran zonasında da müşahidə edilib. Lənkəran-Lerik yolunun bir çox hissələrində sürüşmə sahələri xeyli - nəzərəçarpacaq qədər fəallaşıb. Daşkəsən-Gədəbəy rayonlarının bir çox kəndlərində və kənd arası yollarında da fəallaşma müşahidə olunmaqdadır".

E.Əlizadə qeyd edib ki, intensiv yağışlar Bakıda da sürüşmə sahələrinin fəallaşmasına səbəb olub: "Xüsusilə gərgin vəziyyət Zığ sürüşmə massivində baş verib. Hazırda Suraxanı rayonunun Günəşli, Qaraçuxur qəsəbələrində, Abşeron rayonunun Masazır qəsəbəsində və digər ərazilərdəki sürüşmə sahələrində xeyli fəallıq var. Bayıl yamacı və Badamdar yamacında nisbi fəallıq müşahidə olunsa da, orada hələ fəal mərhələyə keçməyib".

E.Əlizadə əlavə edib ki, intensiv yağışların yağması nərticəsində bir çox çaylarda hətta daşqına keçən gursululuq hadisələri müşahidə olunub. Bu, xüsusilə Böyük Qafqazın şimal-şərq yamacının çaylarında - Qusarçay, Qudyalçay, Vəlvələçayda, eləcə də cənub yamacında Girdimançay, Dəmiraparançay və digər çaylarda özünü göstərib: "Lənkəran zonasının çaylarında və Kiçik Qafqazın çaylarında hətta daşqına keçən gursululuq baş verib, bir çox yaşayış məntəqələri, xüsusilə Lənkəran-Astara və Quba zonasındakı yaşayış məntəqələri subasmaya məruz qalıb və təsərrüfatlara ziyan dəyib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR