Tbilisidə onkoloji xəstəliklərin müalicəsinə həsr olunan beynəlxalq simpozium keçirilir

Tbilisidə onkoloji xəstəliklərin müalicəsinə həsr olunan beynəlxalq simpozium keçirilir
13:37 20 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Tbilisi. 20 oktyabr. REPORT.AZ/ Gürcüstan paytaxtı Tbilisidə dünya onkoloqlarının beynəlxalq simpoziumu keçirilir.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirin əsas məqsədi dünyada sürətlə yayılmaqda olan onkoloji xəstəliklərin vaxtında aşkarlanması, müayinə və müalicəsi sahəsində təcrübə mübadiləsi aparmaq, bu cür xəstəliklərlə mübarizə sahəsində aparıcı dövlətlərin hazırladıqları və qəbul etdikləri proqramlar, eləcə də, bu sahə üzrə ixtisaslaşmış alimlərin kəşfləri ilə tanış olmaqdır.
Dünya Səhiyyə Təşkilatının təşəbbüsü, “Em-em-te hospital” təşkilatının rəhbərliyi ilə keçirilən tədbirdə azərbaycanlı alim, Azərbaycan Milli Onkologiya Mərkəzinin direktor müavini Fuad Quliyev çıxış edərək ölkədə onkoloji xəstəliklərin vaxtında müəyyən olunması və bu cür xəstəliklərə qarşı mübarizə sahəsində görülən işlər barədə məlumat verib. 
F.Quliyev “Report”a müsahibəsində deyib ki, onkoloji xəstəliklərin, xüsusən də prostat vəzin xərçənginin yayılması bu gün dünya alimlərini ciddi narahat edir: "Bəzi dövlətlər, eləcə də Azərbaycan bu xəstəliklərlə mübarizəyə dair xüsusi proqram hazırlayıblar. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə onkoloji xəstəliklərin müalicəsi dövlət tərəfindən pulsuz həyata keçrilir. Bir sıra dövlətlər Azərbaycanın bu təcrübəsini öyrənirlər və belə bir təcrübədən yararlanmaq niyyətindədirlər”.
F. Quliyevin sözlərinə görə, azərbaycanlı alimlərin onkoloji xəstəliklərə qarşı mübarizə sahəsində əldə etdikləri uğurlar da xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. 
Tədbirin əsas təşkilatçılarından olan professor Quram Karazanaşvili isə deyib ki, uroloji xəstəliklərin vaxtında aşkarlanması, onkoloji xəstəliklərin, xüsusən prostat vəzin xərçənginin effektiv müalicəsi sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və təcrübə mübadiləsi çox vacibdir: "Bu tədbirdə onkoloji xəstəliklərə qarşı mübarizə sahəsində birgə əməkdaşlıq məsələləri diqqət mərkəzində olacaq. İnanırıq ki, bu sahədə əməkdaşlıq imkanlarını genişləndirə biləcəyik". 
Simpozium oktyabrın 21-də başa çatacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/tbiliside-onkoloji-xesteliklerin-mualicesine-hesr-olunan-beynelxalq-simpozium-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR