Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əli Ömərov Ayaz Mütəllibova açdığı cinayət işindən DANIŞDI

Əli Ömərov Ayaz Mütəllibova açdığı cinayət işindən DANIŞDI

Date: 20 October 2016 14:38

"Ayaz Mütəllibov ermənilər tərəfindən Xocalı faciəsinin törədilməsində təqsirlidir. Baş prokuror olan zaman biz Xocalı faciəsi ilə bağlı təqsirli bilinən 8 nəfərin adını yazmışdıq. Onlar maddi və mənəvi cinayət törətməkdə ittiham olunurdu. Həmin şəxslərdən biri də Ayaz Mütəllibov idi”.

Bu fikirləri Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, sabiq baş prokuror Əli Ömərov bildirib.

Sabiq baş prokuror vaxtilə Ayaz Mütəllibovun yol verdiyi səhvlərlə bağlı şəxsən onun üzünə fikir söylədiyini deyib:

“Vaxtilə Ayaz Mütəllibov prezident kimi Milli Məclisdə çıxış edirdi. Həmin çıxışında Ayaz Mütəllibov deyirdi ki, bəziləri məni gücsüz prezident hesab edir, ancaq mən yumruq işlətmək istəmirəm, demokratik adamam və sairə. Mən isə çıxıb tribunadan ona cavab verdim ki, Ayaz Mütəllibov, mən İstintaq Komissiyasının məsul katibi kimi bəyan edirəm ki, sizin bu əməlinizdə cinayət tərkibi var. Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi sizin bu əməlinizdə vəzifə səhlənkarlığı maddəsi üzrə cinayət əməli var. Bu isə hərbidə ağır cinayət hesab olunur. Daha sonra dedim ki, siz bütün səlahiyyətlərinizi Rüfət Ağayev (Ayaz Mütəllibovun silahdaşlarından biri, 1990-92-ci illərdə Bakı Şəhər Sovetinin sədri – müəllif) və digər ətrafınızda olan adamlara vermişdiniz. Ona görə də hərə bir yanda ağalıq edirdi”.

Ə.Ömərov qeyd edib ki, prezidentin ciddiliyi olmalıdır, prezident heç kəsə öz səlahiyyətlərini həvalə etməməlidir:

“Mən vaxtilə bütün bunları Ayaz Mütəllibovun üzünə demişəm. Ancaq onun bu gün prezident kimi tanınmaması doğru olmazdı. Bəzi şəxslər bununla bağlı Ayaz Mütəllibov haqqında doğru fikir söyləmir. Çünki Ayaz Mütəllibov bu ölkənin yaxşı-pis prezidenti olub. Ayaz Mütəllibov keçmiş prezident statusuna görə dövlət tərəfindən təmin olunur. Hesab edirəm ki, onlara verilən bu imtiyazlar və səlahiyyətlər ədalətlidir. Mən bunu hüquqşünas kimi deyirəm. İndi onun keçmişdə hansı cinayətləri olub, bu, başqa müzakirənin mövzusudur. Ayaz Mütəllibovun prezidentliyini danmaq mümkün deyil”.

Vasif Həsənli


Tags:  Əli Ömərov Ayaz Mütəllibova açdığı cinayət işindən DANIŞDI

RƏYLƏR


Top news