Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Siçanın yoxsulluqdan xilas etdiyi milyonçu - FOTOLAR

Siçanın yoxsulluqdan xilas etdiyi milyonçu - FOTOLAR

Date: 20 October 2016 15:03

O, siçana tamaşa edib milyonçu olan şəxs kimi tanınır. Bir zamanlar Çikaqonun palçıqlı küçələrində necə dolanacağını, nə iş görəcəyini düşünürmüş. Lakin anbardakı siçana baxıb yaratdığı personaj onun həyatını xilas edir. Söhbət Uolter Disneydən gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində dünyanın ən böyük şirkətlərindən birinin yaradıcısı Uolter Disneyi haqqında yazını təqdim edir.

Üç millətin birləşməsindən törəyir

Uolter Disney Elias və Flora Disneylərin ailəsində 1901-ci ildə Çikaqoda dünyaya göz açıb. İrland, ingilis və alman əsillidir. Disneylərin Uolterdən başqa üç oğlu və bir qızı olur. Ailənin vəziyyətinə gəlincə, Elias Disneyin iş həyatında bəxti heç vaxt gətirmədiyindən despotik xarakterli insana çevrilir. Çörək pulu qazanmaq üçün Amerikanın bir ştatından digərinə köçür. Hər dəfə də planları fiaskoya uğrayır. Məsələn, Uolterin 5 yaşındaykən ailə Missuri ştatına köçür və fermer təsərrüfatı ilə məşğul olmağa başlayır. Bununla belə dolana bilmirlər, o qədər kasıb olurlar ki, qarınlarını doydurmaq üçün ailənin hər bir fərdi işləyir.

Təhsili əngəlləyən kasıblıq

Kasıblıq Uolter Disneyin təhsil almasını əngəlləyir. Amma oxuyub, yaza bilir, hətta rəsm belə çəkir. Çox vaxt çəkdiyi rəsmləri qonşulara satırdı. Onun rəssamlıq fəaliyyəti 8 yaşında başa çatır. Belə ki, atası Uolteri yanına kuriyer kimi işə götürür. İş şərtləri isə 8 yaşlı uşağa görə ağır olur. Uolter qışın sərt soyuğunda, yağışlı havada ala qaranlıqda yuxudan qalxmalı məktub, reklam daşımalı idi. Aldığı pulu isə təbii ki, qəpiyinə qədər atasına verməliydi. 10 yaşı olanda atası tif xəstəliyinə tutulur. Bir müddət sonra atası özünə gəlir və Amerikadakı əksər kasıb ailələr kimi onlar iş tapmaq üçün Kanzas Sitiyə köçürlər. Yeni məkanda böyük malikanələr, varlıların uşaqları üçün yaratdıqları oyun məkanları Uolterdə gələcəyə dair stimul yaradır. Və o nə zamansa özünə böyük bir ev alacağına, orada oyun yerləri düzəldəcəyinə dair söz verir. 1918-ci ildə hərbi xidmətə getmək istəyir. Lakin yaşı az olduğundan onu Qırmızı Xaç Cəmiyyətində sürücü kimi işə qəbul edirlər. Uolter 1 il təcili yardım sürücüsü işləyir. Xidmət bitir o, yenə işsiz-gücsüz qalır. Bir dəfə küçələri dolaşdığı zaman yol kənarındakı kitab dükanına girir və kitab alır. Hansı ki, kitabın arxasında “Kanzas Siti Sənət İnstitutu sizi ödənişsiz kurslara dəvət edir” reklamı yazılırdı. Uolter fürsəti dəyərləndirir və kursda qeydiyyatdan keçir. Məhz orada gələcək iş ortağı Ub İverks ilə tanış olur. Kursu bitirdikdən sonra ona reklam agentliyində karikatura çəkmək təklif olunur. Həftəlik 50 dollar maaş verilməsinə baxmayaraq razılaşır. Bir gün İverksdən teleqraf alır. Ub onu birgə iş görmək üçün Kanzas Sitiyə dəvət edirdi. Uolter yola çıxır. Birlikdə bir agentlik üçün kiçik rəsmlər hazırlayılar. 1920-ci ildə o daha bir yoldaşı ilə “Laugh-O-Gram” şirkətini yaradır. Lakin işləri istədikləri kimi getmədiyindən, filmlər elə də çox pul qazandırmadığından şirkəti bağlamaq məcburiyyətində qalırlar. Uolter bu dəfə qardaşı Royla birgə iş qurur. Qardaşlar Hollivuda gedirlər. Rəsm çəkib film şirkətlərinə təqdim edirlər, amma işləri bəyənilmir. Uolter şəkil çəkib küçələrdə satmağı qərar verir. Studiya kimi evin arxa tərəfindəki anbardan istifadə etdir. Burada isə həyatını xilas edən siçanla qarşılaşır.

Məşhur Mikki Maus

Yazılanlara inansaq, Uolter bir gün dalğın-dalğın gələcəyi ilə bağlı düşünüb rəsm çəkərkən sağ tərəfdə bir şeyin tərpəndiyini sezir. Başını o tərəfə çevirir və balaca bir siçanın taxtanın üzərində oynadığının fərqinə varır. İşini-gücünü bir yana qoyub siçanı seyr etməyə başlayır. Zaman keçdikcə hətta dostlaşırlar. Balaca siçan Disneyin stolunun üstünə belə çıxmağa başlayır. Uolterin ağlına bu siçanın rəsmini çəkmək gəlir. Hansı ki, həmin rəsm onu film dünyasında ən çox izlənən sənətçi ünvanına qovuşdurur, böyük sərvətin sahibinə çevirir. Bu barədə bir qədər sonra...

Siçan Uolterdə cizgi filmi sənətinin üzərində yenidən işləmək həvəsi yaradır. O, beynində daha fərqli layihələr quraraq yenidən Hollivuda qayıdır. Roy və İverksi tapıb ideyalarını onlara danışır. Üçlük yeni cizgi filmi yaratmağa qərar verir. Saatlarla söhbətdən sonra, nəhayət, Uolter Disney cizgi filmini çəkəcək şirkətin adını tapır və onu “Walt Disney Company” adlandırır. Siçana gəlincə, İverks personajın “Mortimer Mouse” adlandırılmasını irəli sürür. Uolterin həyat yoldaşı Lillian Boundsun bu ad xoşuna gəlmir. “Lillian siçanın Mikki adlandırılmasını təklif edir və mən belə bir kiçik məsələdə ona etiraz edə bilmərəm”, - deyə bildirir. Beləliklə məşhur “Mikki Maus” yaranır. Ancaq “Mikki Maus”un iştirakı ilə çəkilən iki cizgi filminin satışı fiaskoya uğrayır. Çünki film səssiz idi, kinoteatrlarda isə artıq səsli filmlər nümayiş etdirilirdi. Disneyin üçüncü filmi səsli olur. Bu film 1928-ci ilin 18 noyabrında ekranlara çıxır. Bununla da “Mikki-Maus” erası başlayır.

Növbəti uğurlar

1932-ci ildə Disney “Mikki Maus” personajının yaradılmasına görə "Oskar" mükafatına layiq görülür. XX əsrin 30-cu illərinin əvvəllərində Disneyin rəssamlıq metodları daha da inkişaf edir və bu, orta amerikanların psixologiyasına güclü təsir göstərir. Xüsusən heyvanlar üzərində yaradılan personajlar daha çox maraq obyektinə çevrilir.

Sonrakı illərdə sərvətinin hamısını rəngli, səsli, demək olar ki, 6 saat davam edəcək, dünyanın ilk uzun cizgi filminə xərcləməyə qərar verir. Belə bir yüksək xərc tələb edən film hazırlayacağını söyləyəndə Roy və İverks onu fikirdən daşındırmağa çalışırlar, “Nəyin var, nəyin yox, hamısını uduzarsan. Biz də pərişan olarıq. Bir daha da sahib olduğumuz bu rifahı qazana bilmərik”, - deyirlər, lakin Uolter fikrindən dönmür. Film tam 3 ilə başa gəlir. Ümumi xərcləri isə 1,5 milyon dolları ötür. Uolter dünyanın ən bahalı cizgi filmini - "Ağbəniz və yeddi cırtdan" filmini çəkməyə nail olur. Əvəzində 8 milyon dollar qazanır. “Ağbəniz" filminin uğurundan sonra 1939-cu ildə "Pinokkio"nu yaradır. 1940-cı ildə eksperimental film sayılan "Fantaziya", 1941-ci ildə "Dambo" və xüsusən 1942-ci ildə maral balası haqqında poetik "Bembi" hazırlanır. İkinci dünya müharibəsindən sonra Disney studiyası sifariş edilmiş filmlər çəkirdi və o, qısametrajlı filmləri çəkməyə davam edirdi; "Göyçək Fatma" (1950-ci ildə Venesiya Beynəlxalq festivalının mükafatçısı), "Alisa möcüzələr ölkəsində" (1951), "Piter Pen" (1953), "Xanım və avara" (1955), "Yatmış gözəl" (1959), "Yüz bir dalmatin" (1961), "Meri Poppins" (1964-cü ildə əsasən aktyor və cizgilərin köməyi ilə yaradılıb) və "Cəngəllik kitabı" (1967-ci ildə Disneyin ölümündən sonra bitirilib). 50-60-cı illərin sonlarında Disney studiyası yeni sənədli filmlərin çəkilməsinə başlayır. Bunlara "İnsanlar və ölkələr", "Həyatdan macəra" (burada heyvanların həyatına diqqət yetirilirdi) və oyun üçün nəzərdə tutulmuş kommersiya filmləri daxil edilmişdi.

Uolterin daha bir layihəsi Kanzas Sitiyə gəldiyi zaman uşaqlar üçün oyun ərazisinin düzəldilməsi ilə bağlı özünə verdiyi sözü reallaşdırmaq olur. 1955-ci ildə Kaliforniya ştatında ilk Disneyləndin tikintisinə başlanılır. Layihəyə nə az, nə çox 17 milyon dollar xərclənir. Yeri gəlmişkən, birinci Disneyləndin açılışı ilə bağlı xəbəri televiziyada Amerikanın gələcək prezidenti Ronald Reyqan təqdim edir. Uolter Disneyin növbəti ciddi addımı Kaliforniya İncəsənət İnstitutunu yaratmaq olur.

Walt Disney Company

1966-cı ildə Uolter Disney ağciyər xərçəngindən vəfat edir. Şirkətdə onun yerinə qardaşı Roy Disney keçir. O, qardaşından qalan animasiya studiyasını böyüdərək Hollivud studiyasına çevirir. Roy 1971-ci ilə qədər şirkət idarə edir. Roy elə həmin il insultdan dünyasını dəyişir.

Bundan sonra onun yerinə Disney qardaşlarının əvvəlcədən hazırladıqları üç nəfər – Kard Uoker, Donn Teytum, Ron Miller keçir.

Bu arada, Ron Miller Uolterin doğma qızı Diananın əri olur.

Hazırda şirkətin prezidenti şirkətin prezidenti Robert Ayqerdir. Disney ailəsindən Royun oğlu Roy Edvard Disney atasının və əmisinin işini bir müddət davam etdirir. Uzun illər şirkətin rəhbəri (ölümünə qədər isə şirkətin 16 milyon dollarlıq səhmlərinə sahib olur) olur. Bu gün Walt Disney Company American Broadcasting Company (ABC) və ESPN (Entertainment and Sports Programming Network) kimi iki iri müəssisənin sahibidir. 2013-cü ildə şirkətin bazar kapiralizasiyası 122 milyard dollar təşkil edib. Walt Disney Company-nin sənaye indeksi Dou-Cons indeksinə (Dow Jones indeksi dünyada ən qədim və ən məşhur birja indeksidir. 30 ən böyük sənaye şirkətinin səhmlərini ehtiva edir) daxil edilir. 2015-ci ildə şirkətin aktivlərinin dəyəri 87 milyard dollar olub. 2013-cü ildə şirkətin xalis gəliri 6,136 milyard dollar, dövriyyəsi 45,041 milyard dollar təşkil edib. “Forbes”in qiymətləndirməsinə görə, Walt Disney Company dünyanın ən böyük 2000 şirkətinin siyahısında 71-ci sırada yer alır.

Qeyd edək ki, Uolter Disney özünə varis seçmir. Uolterin ölümündən sonra ailəsinə Disney telekanalı, bir neçə çap orqanı, dünyanın müxtəlif ölkələrində 530-a yaxın firma mağazalar, beysbol və hokkey komandası, Yaponiya, Cin və Fransada Disneylənd miras qalır. Ailənin bütün üzləri bu gəlir mənbələrindən illik faiz alırlar. Konkretləşdirsək, Disneylərin sərvəti onların nəvələrindədir. Tamara Şir, Coanna Patrik, Ronald Miller, Mişel və Brend Lud , Viktoriya Braun və Cennifer Miller Qolf bu sıradadır.

Uolter Disneyin şəxsi həyatı

Uolter Disney 1925-ci ildə öz işçisi – çəkdiyi personajları rəngləyən Lillian Baundsla evlənir. Uzun illər onların övladları olmur. Nəhayət 8 ildən sonra Lilliana yenə hamilə qalır. Bu zaman artıq Uolterin ona qarşı hisləri dəyişmişdi. Anasına göndərdiyi məktubda o, belə yazırdı: “Lilliana yenə hamilədir. Ona heç bir diqqət göstərmirəm. Çünki yenə də xəyal qırıqlığı yaşamaq istəmirəm”.

1933-cü ildə Uolterlə Lillianın qızı – Diana Meri dünyaya gəlir. Bu xəbər “Mikki Mausun qızı dünyaya gəldi” deyə qəzetlərin manşetlərini bəzəyir.

Dianadan sonra Lilliana bir dəfə də hamilə qalır. Lakin bu hamiləlik də daha əvvəlkilər kimi uğursuz olur. Beləliklə onlar övladlığa uşaq götürməyi qərara alırlar. Buna baxmayaraq, övladlıq məsələsi Uolterin elə də ürəyincə olmur. O, əvvəlcədən özünün bir ata kimi uşağın tərbiyəsində heç bir rol oynamayacağını bəyan edir. 1937-ci ildə Uolter və Lilliana bir qız uşağını övladlığa götürürlər. Onu Şeron Mey Disney adlandırırlar.

Ögey və doğma bacı

Uolter vəfat etdikdən sonra Şeron da Diana kimi şirkətin gəlirlərindən pay alır. Lakin Diana ilə Şeronun münasibətlərinin elə də yaxşı olmadığı yazılır. Hətta onların bu çəkişməsi şirkətə qədər gedib çıxır. Şirkətin rəhbərliyində Şeronu və Diananı dəstəkləyən qruplaşmalar yaranır.

Model fəaliyyəti ilə məşğul olan Şeron Hollivudda bir neçə filmə də çəkilir. O, 1993-cü ildə vəfat edir.

Doğma qızları Diana Meri isə 2013-cü ildə dünyadan köçür. Yeddi uşaq anası olan Diana eyni zamanda Uolter Disneyin bioqrafiyasını qələmə alaraq tarixə düşür. O, ölümünə qədər “The Walt Disney Company”nin rəhbərliyində təmsil olunub.

Onun ölümündən sonra sərvəti yeddi övladı arasında bölündü.

Disney milli təhlükəsizlik orqanlarına işləyirmiş

Uolter Disneyin şəxsi keyfiyyətlərindən ən başlıcası çox işləməsi olub. Səkkiz dəfə iflas etməsinə baxmayaraq, geri çəkilməyib, bəzən studiyada qalmaq bahasına da olsa müvəffəqiyyətə nail olub. 37 Oskara sahib olub (bu rekordu hələ də üstələyən yoxdur). Uolter ən məşhur siçan personajını yaratsa da, özü siçandan bərk qorxub.

Onunla bağlı daha bir fakt kommunistlərə qarşı nifrətidir. Hətta kommunistlərə qarşı uzun illər Federal Təhqiqat Bürosu ilə əməkdaşlıq edir. İşi əsasən Hollivuddakı həmkarlarından danons yazmaq olur. Müharibədən sonra o, aktiv şəkildə anti-Amerika fəaliyyəti göstərənlərə qarşı komissiyanın işində iştirak edir. Dünya kinosunda gizli kommunistlərin aşkara çıxarılmasına yardım göstərir.

Leyla Əliyeva


Tags:  Siçanın yoxsulluqdan xilas etdiyi milyonçu FOTOLAR


RƏYLƏR


Top news