Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Sevdiyim adam rəfiqəmlə...” - “Vicdan haqqı”nın “Larisa”sı SİRLƏRİNİ AÇDI - FOTOLAR

“Sevdiyim adam rəfiqəmlə...” - “Vicdan haqqı”nın “Larisa”sı SİRLƏRİNİ AÇDI - FOTOLAR

Date: 20 October 2016 17:18

Cazibədar xanımdır. Elə rejissorların da diqqətini ilk olaraq zahiri görünüşü ilə cəlb edib. Amma sonradan, rolunu elə oynayıb ki, sanki peşəkar aktrisadır. ATV kanalında yayımlanan və reytinqləri qıran “Vicdan haqqı” serialının ən maraqlı qəhrəmanlarından olan Larisanı canlandıran Çimnaz Sultanovanı deyirəm.

Rusiyadan evli kişiyə - Kamilə qoşulub Bakıya gələn, onun isti yuvasını dağıtmağa cəhd edən Larisanın - Cimnaz Sultanovanın Publika.az-a müsahibəsini təqdim edirik.

- İlk dəfə aktrisa kimi özümü Xəzər Televiziyasında çəkilən “Sənə inanıram” serialında sınamışam. Tanınmış rejissor Rövşən İsax məni həmin serialda görüb, “Vicdan haqqı” serialına dəvət etdi. Mən sonralar ondan soruşdum ki, Larisa roluna niyə məhz məni seçdiniz? Cavab verdi ki, bu obraz üçün çox aktrisa axtarmışam, amma istəyirdim ki, Larisa roluna çəkilən aktrisa çox gözəl olsun. O qədər gözəl olsun ki, serialdakı Kamili heç kim qınamasın. Hətta kişilər belə desin ki, Kamil neyləsin, Larisa kimi gözəldən əl çəkmək olar? Rövşən müəllim mənim xasiyyətimlə də maraqlanıb. Ona deyiblər ki, xasiyyəti qızıldır. Həqiqətən də mən çəkiliş meydançasında rejissora tabe olan aktrisayam. Onun sözü mənim üçün qanundur. Yəni kaprizli aktrisa deyiləm.

- Serialda evdağıdan, yuvayıxan bir qadınsınız. Rusiyadan evli kişiyə qoşulub, bir uşaqla Bakıya onun evinə gəlmisiniz. Bu rolunuza görə sizi qınadılarmı?

- Mən seriala çəkiləndən sonra getdiyim bütün yerlərdə mənə deyirdilər ki, məramınız pis olsa da, özünüz gözəlsiniz. Sizə bir söz deyim, qadın qadına hər şeyi bağışlayar, gözəllikdən başqa. Obraza gəlincə, Larisa olmasaydı, Kamili Rusiyada öldürərdilər. Larisanı Kamilin ailəsini dağıtmağa görə qınamırlar, onun məhz rus qadınla evləndiyinə görə qınayırlar. Əslinə qalsa, Azərbaycanda o qədər qadınlar var ki, əri rəfiqəsi ilə ona xəyanət edib. Hətta elə kişi var, arvadının bacısı ilə xanımına xəyanət edir. Heç onları qınamırlar. Amma bir rus qadının azərbaycanlı kişi ilə evlənməsini əllərində bayraq edirlər.

- Niyə, elə onları da qınayırlar. Bu obrazla aranızda bir bənzərlik varmı?

- Mən şəxsi həyatım barədə danışmağı sevmirəm, amma ilk dəfə bu sirri sizə açacağam. Mən həyatda serialda ailəsini dağıtdığım Dilarənin taleyini yaşamışam. Sevdiyim insandan zərbə almışam. Deyir ağlayanın bir dərdi, gülənin min dərdi. Hamı məni pozitiv, şən qadın kimi tanıyır, amma göz yaşlarımı hamıdan gizləyirəm.

- Necə oldu ki, sevdiyiniz insandan zərbə aldınız? Oxu atıb, yayı gizlətməyin, axıradək danışın...

- Mən bütün qadınlara məsləhət görərdim ki, qısqandıqlarını sevdiyi kişiyə bildirməsinlər. Telefonunu qurdalamasınlar. Birdən orda onun hansısa xanımla yazışmasını görsələr, o saat qalmaqal başlanacaq. Sevdiyinin sənə xəyanət etdiyini bilirsənsə, iki yolun var. Ya gərək göz yumasan, özünü bilməməzliyə qoyasan, ya da çıxıb gedəsən, onu birdəfəlik atasan. Ailəni qorumaq istəyirsənsə, gəzdiyini kişinin heç üzünə də vurma. Bunu da bacarmaq lazımdır.

- Belə anladım ki, siz bacarmadınız?

- Bəli. Sevdiyim insan həmişə mənim üçün nömrə bir olub. Amma biləndə ki, mənə xəyanət edib, ondan aralandım.

- Hardan bildiniz ki, xəyanət edib?

- Rəfiqəm mənə dedi ki, sevdiyin adam restoranda rəfiqəlik etdiyin qızla əylənirdi.

- Bəlkə yalan deyirdi?

- Yox o qıza inanırdım, bu yalan deyildi.

- Sevdiyinizdən nəsə soruşdunuz. Yəni bunu dəqiqləşdirmədiniz?

- Yox, heç üzünə də vurmadım. Elə şərait yaratdım ki, o mənə nifrət eləsin. Axırda ona dedim ki, mən bunu qəsdən elədim.

- Bağışlamağı bacarmadınız demək?

- Əvvəllər bağışlamırdım, amma yaşla əlaqədar bağışlamağı bacarıram. Amma sizə onu da deyim ki, bir dəfə bağışlayırsan, həmin adam yenidən eyni səhvi təkrarlayır.

- Gözəl qadınsınız, başqaları sizə həsəd aparır. Sizcə, o qadın hansı üstünlüyünə görə sevdiyiniz insanı cəlb edə bilmişdi?

- İstəmirəm dərinliyə gedim. Söz yox ki, mən onu yataqda tutmamışam, telefonunda yazışmalarını görməmişəm. Dediyim kimi, tanıdığım bir rəfiqəm mənə dedi ki, onu restoranda rəfiqənlə gördüm. Bu mənə kifayət elədi ki, ondan ayrılım. Bəlkə də bir neçə il keçər ona deyərəm, hələ ki, ona ayrılmağımızın səbəbini deməmişəm.

- Niyə?

- Nə mənası var. Onsuz da o hərəkətinə görə gözümdən düşmüşdü. Heç nə dəyişəsi deyildi. Yüz dəfə peşman olduğunu söyləsə də.

- Bəs özünüz necə, bu ayrılığa görə əzab çəkdiniz, peşman oldunuz?

- Düz bir həftə yataqdan qalxmadım, iki həftə ərzində 10 kilo arıqladım. Göz yaşım qurumadı.

- Dəyərdimi?

- Hər halda, ağrılı oldu. Yeri gəlmişkən, bu serialdan sonra hamı mənə yazdı ki, yəqin həyatda da evdağıdan olub, ona görə rolunu məharətlə yaradır. Amma bilmirlər ki, mənim özümün başıma belə bir oyun gətiriblər.

- Bu müsahibədən sonra biləcəklər. O insan barışmağa cəhd eləmədi?

- Nömrəmi, ünvanımı dəyişdim, hər şeyə nöqtə qoydum. Bitdisə, bitdi. Amma onu da deyim ki, o insan olmasaydı, bu hadisə başıma gəlməsəydi, mən aktrisa olmazdım. Onu da deyim ki, canlandırdığım Larisa da sevgi qurbanıdır.

- İndi həyatınızda kimsə var?

- Yox, tənhayam. Amma özümü xoşbəxt sayıram.

- Onunla evlənmişdiniz?

- Bu barədə danışmaq istəmirəm.

- Sosial şəbəkədə heç sizinlə tanış olmaq istəyən, evlilik təklifi edən kişilər olur?

- O qədər... Mən heç onların yazdıqlarını oxumuram.

- Bəs qadınlar sizə nə yazır, yəqin söyürlər?

- Yooox, qadınlar soruşurlar bu paltarı hansı mağazadan almısan, hansı salona gedirsən, hansı kosmetikadan istifadə edirsən, gözəllik sirlərimlə maraqlanırlar.

- Peşəkar aktrisa olmasanız da, peşəkarlardan geri qalmırsınız. Mənə maraqlıdır, serialda özünüz ağlayırsınız, yoxsa, gözyaşardıcı vasitələrdən istifadə edirsiniz?

- Mən uzun müddət qürbətdə yaşamışam və serialda bəzi yaşantılar mənə çox yaxındır. Larisa da qürbətdən gəlib, mən də o hissləri yaşamışam. Buna görə serialda ağlamaq mənə çətin olmur. Təbii şəkildə təsirlənirəm və ağlayıram. Onu da deyim ki, Rövşən İsax mənim aktrisa kimi yetişməyimdə çox böyük rol oynayır. O, çox istedadlıdır. Larisanın Kamillə görüşəndə ağlama səhnəsi vardı. Mən o səhnəni başqa cür oynamaq istəyirdim. Rövşən müəllim mənə dedi ki, sakit-sakit ağla, qoy tamaşaçı səni daha da çox sevsin. Mən orda isterika nümayiş etdirsəydim, bəlkə də tamaşaçımın gözündən düşərdim. Hətta bu səhnədən sonra qadınlar mənə yazdılar ki, Larisa necə ağıllı qadınsınız, bir kurs açın, bizə məsləhətlər verin. Mən dedim ki, qoy Rövşən İsax kurs açsın, mənə də məsləhətləri o verir. Rövşən müəllim mənə dedi ki, Larisa - o da mənə obrazımın adıyla müraciət edir - səni indiyə qədər gözəlliyinə görə seriala çəkiblər, amma bu serialdan sonra 60-70 yaşın olsa da, sənə tələbat olacaq. Deyir, bu obrazla özünün bütün istedadını üzə çıxardın.

- Aktrisa deyilsiniz, bəs hansı peşənin sahibisiniz?

- Almaniyada Beynəlxalq Münasibətlər fakültəsini bitirmişəm. Aktrisalıq məndə hobbi kimi başlasa da, artıq indi həyat tərzimə çevrilib. Bu il Mədəniyyət və İncəsənət Universitetinə qəbul oldum.

- Bəyəndiyiniz aktrisalardan kimlərin adını çəkərdiniz?

- İrina Alferova, Culya Roberts. Ancelina Colini bəyənirəm, amma sovet məktəbindən çıxan aktrisaları daha çox sevirəm.

- Yaşla bağlı kompleksiniz varmı?

- Koko Şanelin gözəl bir sözü var, qadın 25 yaşında gözəl deyilsə, bu, genetikdir, amma 25 yaşdan sonra gözəl deyilsə, deməli ağıllı deyil. Elə qadın var, ağzını açanda yanından qaçmaq istəyirsən. Qadın daxilən də gözəl olmalıdır. Elə qadın var, 50 yaşındadır, amma uzağı 30 yaş vermək olur. Elə qadın da var ki, 25 yaşında 45 yaşlı qadın kimi görünür. Uşaqla gedir, bilmirsən uşağın anasıdır, yoxsa, nənəsi. Qadın üçün yaşın neçə olması şərt deyil. Bəzən qadınlar botoks vurdurur. Bu, ilandan alınan zəhərdir. Botoks vuran adam səhnədə ola bilməz, çünki botoks mimikanı öldürür. Özünə baxan qadın həmişə baxacaq. İdmanla məşğul olmaq dəbdədir. Amma pilləkəni piyada qalx, olsun sənə idman. Ana olmaqla qadının işi bitmir. Qadın yanan bir şamdır. Yanmayan şama pərvanələr dolanmaz. Bunun üçün də daxildən işıq olmalıdır.

- Demək qocalmaqdan qorxmursunuz?

- Hər yaşın öz ləzzəti var. Vaxtanq Kikabidzenin sözüdür: “Mənim yaşım mənim var-dövlətimdir”.

- Öyündüyünüz xüsusi bir bacarığınız varmı?

- Yemək bişirməkdə müsabiqə keçirilsə, birinci olaram. Yeni il və Novruzda masada nə varsa, özüm hazırlayıram. Amma ömrümdə əlimə iynə-sap götürməmişəm. Qab-qacaq, paltar yumaqdan zəhləm gedir, hətta onları maşına belə atmıram. Bu işlə köməkçim məşğul olur.

- Zinət əşyaları ilə aranız necədir?

- Merilin Monronun sözləri ilə cavab versəm, qadının ən gözəl dostları brilliantlardır. Cavan xanımın bəzəyi sadəlikdir, yaşlı qadınınkı isə brilliant.

- Olan yerdən...

- Ayağı yorğana görə uzatmaq lazımdır. Olana şükür. Sapfil və zümrüddən xoşum gəlir, amma məndə zümrüd yoxdur. Hədiyyə verən də yoxdur. Yaşıl, mavi rəngli daş-qaşı sevirəm. Bir də xəzləri çox sevirəm. Xəzə görə mütəxəssisəm, bir baxışla müəyyənləşdirirəm bu xəz keyfiyyətlidir, ya yox.

- Qadının sirri sizcə nədədir?

- Müxtəlif ola bilər. Hərdən qapalı geyim daha cəlbedicidir. Sənin qəlbin sənin sirrindir. Tez oxunan kitab maraqsız olur.

- Qarderobunuzda qısa, yoxsa uzun ətəklər çoxdur?

- Bəzən alış-veriş məkanlarında olanda deyirlər ki, bu sizin stilinizdir, alın. Əhvalıma uyğun geyinirəm. Qarderobum da rəngarəngdir. Ümumiyyətlə, geyimə tutqulu insan deyiləm.

- Kiminsə zövqü ilə hesablaşırsınız?

- Heç kimin. Özüm seçirəm.

- Birdən hansısa paltarınıza irad tutub dedilər ki, bu sizə yaraşmır. Reaksiyanız necə olur? Dəyişirsiniz o paltarı?

- Fikir vermirəm, dollar deyiləm ki, hamının xoşuna gəlim.

- Ən zəif nöqtənizi də bilmək maraqlı olardı?

- Çox mərhəmətliyəm. Mənə zərbə vuran insan qapımı döysə, yenə üzünə açaram. Yaxşılıq və pislik bumeranq kimi adama qayıdır. Hətta pislik görsən də, yaxşılıq etməkdə davam et. Çünki nə vaxtsa, özünə olmasa da, əzizlərindən birinə qayıdacaq.

- Ana olmaq istərdinizmi?

- Dedim axı, şəxsi həyatım barədə dərinə getməyin.

- Gücünüz nədədir?

- Qadının gücü onun gücsüzlüyündədir.

- Tez ruhdan düşürsünüz?

- Qətiyyən ruhdan düşmürəm. Ölümdən başqa hər şeyin çarəsi var.

- Fobiyalarınız varmı?

- İnanın səmimiyyətimə, “06”, “07” markalı Jiquli avtomobilləri görəndə dayanıb, onlara yol verirəm. Onlardan qorxuram.

- Necə sürücüsünüz?

- Kim mənimlə yola çıxırsa, deyir mükəmməl sürücüsən. Müəlliməmə borcluyam.

- Cərimələriniz çox olur?

- İndiyə qədər cəriməm olmayıb. 2001-ci ildən maşın idarə edirəm, cərimə ödəməmişəm.

- Bahalı, ya ucuz avtomobil - sizin üçün fərqi var?

- Kredit ödəməkdənsə, normal marka maşın sürmək daha yaxşıdır. Meşşanlığı sevmirəm. Adam var, telefonu ilə öyünür. Deyir səndə 100 manatlıqdır, məndə 1000 manatlıq. Var-dövlət bu gün var, sabah olmaya bilər. Süleymana qalmayan dünya sənə də qalmayacaq. Bir gün heç nəsiz qala bilərsən.

- Tamaşaçının sizə marağının sönməməsi üçün neyniyirsiniz?

- Sirli qalmağa çalışıram. Aktyor, aktrisa həmişə tamaşaçısı üçün maraqlı qalmalıdır. Mən uşaq vaxtı “Zoluşka” filminə həsədlə baxırdım. Biləndə ki, 16 yaşlı Zoluşkanı 36 yaşlı qadın səsləndirir, daha o film mənə maraqlı gəlmədi. Mel Qibsonu dəlicəsinə sevirdim, amma biləndə ki, qadına əl qaldırır gözümdən düşdü. Coni Depi aktyor kimi çox sevirdim, o modellə evləndi, həmin qadın başına oyun açdı, gözümdən düşdü. Enrike İqlesiasın müsahibəsini eşitdim, dedim ki, kaş o müsahibəni eşitməyəydim. Çünki eşitdiklərim ona marağımı söndürdü. Sənətçi kumir kimi həmişə maraqlı qalmalıdır.

- Xanımlara nə məsləhət verərdiniz?

- Kişi bir ovçudur, qadın maral. Ovçu maralı tutdusa, o maral artıq marağını itirəcək. Qadın əlçatmaz olmalıdır. Kişiyə yox, özünə fikir verməlidir. Qadın var kişini güdür. Ondansa, özünə fikir ver, kişi də sənə dəyər verər. Öz qədrini bilən qadına kişi də qiymət verir. Qadın daxilən xoşbəxt deyilsə, lap Alen Delon da gəlsə, səni xoşbəxt edə bilməz. Daxilən zəngin, dolu olan qadınlar həmişə kişinin diqqətini özünə cəlb edə bilir.

- Sonda aktrisa kimi arzunuzu bilmək istərdik. Hansı obrazı oynamaq arzusundasınız?

- Elə bir rejissor tapılsın ki, məni əcnəbi qadın roluna yox, milli obraza çəksin.

- Xoşbəxtliyin reseptini bilirsiniz?

- Adam var avtomobil sürür, deyir ki, kaş təyyarə sürəydim. Adam var, balkonda oturub gəzən insanlara baxır və deyir ki, kaş ayaqlarım olardı, yeriyə bilərdim. Xoşbəxtlyin resepti yoxdur. İnsan şükran olmalıdır, əlində olanın qədrini bilməlidir.

Cəvahir

Foto: Elçin Murad






























Tags:  Sevdiyim adam rəfiqəmlə Vicdan haqqının Larisası SİRLƏRİNİ AÇDI FOTOLAR

RƏYLƏR


Top news