Bu gün səhər saatlarında "Azəravtoyol" ASC-nin Aparat rəhbəri Müşfiq Qurbanovun evində dəhşətli partlayış baş verib.
Hadisə nəticəsində ailənin kiçik qızı 3 yaşlı Banuçiçək Qurbanlı ölüb, digərləri isə 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. Xəbəri eşidən hər kəs yaralılara baş çəkməyə gəlir. Yaxınlarının sözlərinə görə, partlayışa səbəb evdən 40 metr aralıda yerləşən yeraltı qaz xəttindəki sızma olub: "Şəbruz (Müşfiq Qurbanovun xanımı) səhər 6-da namaza duran vaxt işığı yandırıb və həmin an partlayış baş verib. Güclü partlayış 3 yaşlı Banuçiçəyi kənara atıb və valideynləri bir müddət qızı axtarıblar. Bu səbəbdən də ailə güclü yanıq xəsarəti alıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Şəbruz deyib ki, Banuçiçəyi tapmamış evdən çıxan deyil. Daha sonra Müşfiq Qurbanov qızını tapıb maşınla həkimə çatdırıb". Yaxınları daha sonra bildirib ki, faciədə həlak olan 3 yaşlı qızcığaz artıq dəfn olunub: "Banuçiçək babasının məzarının yanında, Yasamalda torpağa tapşırılıb".
Qurbanovların yaxınları onu da qeyd edib ki, hazırda yaralılar üçün Türkiyədən helikopter çağırılıb: "Leylanın (Ailənin böyük qızı) vəziyyəti yaxşıdır, danışa bilir. Müşfiqlə arvadı Türkiyəyə aparılacaq. Şəbruzun qızının ölümündən xəbəri yoxdu..."
Milli.Az