Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

" Ronaldinyo mənim ən çox sevdiyim futbolçulardan biridir" - Tale Heydərov

" Ronaldinyo mənim ən çox sevdiyim futbolçulardan biridir" -  Tale Heydərov

Date: 20 October 2016 22:37

"Bir müddətdir ki, Ronaldinyonun Bakıya səfərini planlaşdırırdıq. O, mənim ən çox sevdiyim futbolçulardan biridir".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bunu "Qəbələ" klubunun prezidenti Tale Heydərov deyib.
 
Əfsanəvi braziliyalı futbolçu Ronaldinyonun Bakı səfəri ilə bağlı təşkil edilən mətbuat konfransında çıxış edən klub rəhbəri, bunları deyib: "Qəbələdə bir neçə ildir ki, futbol akademiyası fəaliyyət göstərir. Amma Bakının nüfuzuna və digər səbəblərə görə yeni akademiya Bakıda fəaliyyət göstərəcək. Ümid edirik ki, Ronaldinyonun adını daşıyacaq akademiya gənclərdə futbola marağı artıracaq. Ronaldinyo öz şəxsi heyəti ilə akademiyanın fəlsəfəsini quracaq, onun inkişafında özü iştirak edəcək. Sual verə bilərsiniz ki, "Bəs akademiya harada yerləşəcək". Bu, hələ məlum deyil. Danışıqlar gedir. Yaxın zamanlarda bəlli olacaq. Amma yüz faiz Bakıda olacaq. Bu layihədə bizə göstərəcəyi dəstəyə görə AFFA-ya da təşəkkür edirik".

T.Heydərov daha sonra jurnalistlərin suallarını cavablandırıb.
 
- Ronaldinyonun razılığını almaq çətin oldu?

- Özünə də demişəm, Ronaldinyo mənim ən çox sevdiyim futbolçulardan biridir. Onun gəlişi mövzusu yox idi. Amma elə oldu ki, danışıqlara başladıq. Onun akademiyasının bir neçə ölkədə fəaliyyət göstərdiyini bilirdik. "Qəbələ"nin uşaq futboluna göstərdiyi diqqəti nəzərə alaraq, bu danışıq baş tutdu.
 
- "Qəbələ" bu gün "Sent-Etyen"lə qarşılaşacaq. Nə gözləyirsiniz?

- Məcburən oyunu Fransada izləyə bilməyəcəm. Yəqin ki, bunu başa düşərlər. Çox vacib oyundur. Xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çətin olacaq. Amma futbolçular və məşqçilər söz veriblər ki, bütün bacarıqlarını ortaya qoyacaqlar. Onlardan yaxşı oyun gözləyirik.
 
- Ronaldinyonun "Qarabağ"-PAOK oyununda iştirakı baş tutacaqmı?

- Hər şey proqramdan asılı olacaq. Buna çalışacağıq.
 
- Ronaldinyo "Qəbələ"də oynasa, stadiona minlərlə azarkeş gələr. Bunu nəzər alıb, onu komandada saxlamaq istəmirsiniz?

- Ronaldinyonun Bakıya gəlişinə marağın olacağını gözləyirdik. Ümid edirik ki, uşaqlar futbola daha çox maraq göstərərlər. O ki, qaldı onun "Qəbələ"də oynamasına, bu sualı özünə versəniz yaxşı olar. Təbii ki, ulduz futbolçunun Azərbaycanda oynaması gözəl olardı.
 
- Yeni tikiləcək akademiyanın Qəbələdə fəaliyyət göstərməsi ehtimalı varmı?

- Qəbələdə buna ehtiyac yoxdur. Çünki orada akademiya var. Qəbələdə bunun üçün infrastruktur olsa da, orada gəlib yaşamaq çətindir. Bakıda ona görə edirik ki, uşaqlar məşqdən sonra evlərinə qayıda bilsinlər. Ailələrindən kənarda qalmaq uşaqlar üçün çətindir. İstərdik ki, müxtəlif yaş qruplarından, U-11-dən başlayaraq, hamısı ölkə çempionatında iştirak etsin. Bizim akademiyaya rəqib tapmaq çətindir. Ona görə də istərdik ki, yeni akademiyanın uşaqları ayrı klub kimi çempionatda iştirak etsinlər.
 
- Bəlkə akademiyanın açılışı elə Bakı Olimpiya Stadionunda olsun?

- Yaxşı fikirdir. Amma bunun üçün bir neçə meydança lazımdır. Çətin olsa da, bu barədə danışmaq olar.

Milli.Az


Tags:  Ronaldinyo mənim çox sevdiyim futbolçulardan biridir Tale Heydərov

RƏYLƏR


Top news