Uşaqların elektron cihazlara meyillənməsi nələri qaçılmaz edir?

Uşaqların elektron cihazlara meyillənməsi nələri qaçılmaz edir?
22:42 20 Oktyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Alimlərin keçirdiyi araşdırmaların nəticəsində məlum olub ki, uşaqlıq vaxtından televizora baxmağa həddən artıq aludə olan uşaqlar böyüyən zaman sosial təcridə meyilli olurlar. Alimlər qeyd ediblər ki, televizor sosial tərcidin faktorudur. Alimlərin keçirdiyi çoxsaylı araşdırmalarda xeyli sayda uşaq iştirak edib. Nəticədə məlum olub ki, 2-3 yaşından televizor qarşısında vaxt keçirən uşaqlar 12-13 yaşında sosial təcridə məruz qalırlar. Bu uşaqlar həmyaşıdları ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mövzu ilə bağlı psixoloq Vəfa Əkbər deyib ki, bu uşaqlar böyük yaşlarında sosiallaşmayacaq, kütlə qarşısında özünü ifadə edə bilməyəcək: "Əksər valideynlər yaxşı valideyn obrazını əldə saxlamaq üçün öz mobil telefonlarını, və ya digər internetə girişi olan vasitələri uşaqlarına verirlər. Bu həm evdar qadınlarda, həm də işləyən valideynlərdə ciddi olaraq müşahidə edilir. Valideynlər uşaqlarını sakit edib öz işlərini rahat görmək, televiziyaya baxmaq, fərdi işləri ilə məşğul olmaq üçün ən rahat yol olaraq bu yolu seçirlər. Bununla da monitor qarşısında olan cəzbedici rəngarəng həyat uşağın bütün xəyal dünyasını əhatə edir. Bu cür həyat tərzi sürən uşaqlar nitqdə, ünsiyyətdə ciddi problemlər yaşayır. Həmin uşaqları hansısa fəal işə məcbur etdikdə belə çox aqressiv reaksiya verir. Bu da nevrozun əlamətləridir. Hətta elə valideynlər var ki, 3 yaşına qədər olan uşaqların belə əlinə bu texniki vasitələri verməkdən çəkinmirlər. Uşağın kiçik bir reaksiyası onları bu işi təkrar etməyə daha da stimullaşdırır. Amma uşaqlar lap kiçik yaşlarından bu cür vasitələrə alışırlarsa sonradan bunu tələb edəcəklər və onlar bundan məhrum edildikdə qəzəblənir, aqressiv reaksiya verirlər. Bu uşaqlar böyük yaşlarında sosiallaşmayacaq, kütlə qarşısında özünü ifadə edə bilməyəcək. Bu uşaqlarda utanma, özünəqapanma, tez qıcıqlanma halları artacaq. Ən əsası isə bu uşaqlar elmə qarşı soyuyurlar. Məlumdur ki, elmi öyrənmək üçün oxumaq, səy etmək, saatlarla vaxtını kitab qarşısında keçirmək lazımdır. Amma bu uşaqlar bu cür həyat tərzinə alışmayıblar. Elm öyrənmək monotondur və bu onları yoracaq. Son bir-iki ayda bir çox valideyn mənə müraciət edərək deyir ki, orta siniflərdə oxuyan uşaqlar belə məktəbə getmək istəmirlər. Bu əsasən 1-ci siniflərdə anlaşılan olur. Amma 3-7-ci siniflərdə belə uşaqların məktəbə getmək istəməmələri ciddi problemdir. Həmin uşaqlarla ünsiyyət qurduqda məlum olur ki, uşaqlar oyunlara ciddi şəkildə meyilləniblər. Uşaqların əlində bu cür vasitələri aldıqda çox narahat olurlar və ağlayırlar. Sonda da öz istəklərinə nail olurlar. Artıq uşaqlar anlayıb ki, ağlamaqla öz istəklərinə nail ola bilirlər və bu yoldan aktiv şəkildə istifadə edib oyunları ilə məşğul olurlar. Bu gün biz uşaqlara düzgün həyat tərzini öz yaşadığımız həyat tərzi ilə çatdıra bilərik. Uşaq valideynin nə dediyinə deyil, nə etdiyinə baxır. Valideyn əlinə kitab alıb oxumursa və bütün günü sosial şəbəkədədirsə, uşaqdan bunun əksini tələb edə bilməz. Uşaqlar bizim əsərimizdir. Əsərdə nöqsan varsa, problem əsərin sahibindədir. Artıq bu problemlə bağlı SOS həyəcan siqnalını çalmağın vaxtıdır".
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR