Həlledici məqam: Ya danışıqlarda irəliləyiş olacaq, ya da müharibə...

Həlledici məqam: Ya danışıqlarda irəliləyiş olacaq, ya da müharibə...
07:17 21 Oktyabr 2016
868 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağ probleminin həlli ilə bağlı indi vəziyyət elədir ki, sülh danışıqları həm nəticə verə bilər, həm də yenidən dalana dirənə bilər. Yəni məsələ indi həlledici məqamdadır.

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, bu mərhələ uzun müddət davam etməyəcək: "Yəni, doğrudan da, danışıqlarda irəliləyiş olmalıdır. Prezident İlham Əliyevin də son olaraq "Sputnik Azerbaydjan"a verdiyi müsahibəsindəki fikirləri bu irəliləyiş üçün müəyyən zəmin yaradır. Əgər heç bir irəliləyiş olmasa, tamamilə aydındır ki, müharibə qaçılmazdır. Prezident Adminstrasiyasının rəhbərinin müavini Novruz Məmmədov də, digərləri də, mən də demişik ki, danışıqlar yenə də dalana dirənsə, mütləq müharibə olacaq".

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova "Sputnik Azerbaydjan" üçün verdiyi müsahibəsində bildirib:

Prezident İlham Əliyev: "Razılığa gəlsək, Dağlıq Qarabağ gələcəkdə muxtar respublika ola bilər"

"Biz münaqişənin həllini necə görürük: əlbəttə, Azərbaycanın ərazi bütövlüyü diskussiya mövzusu deyil və ola da bilməz. Biz Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin ağlabatan kompromis mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan tərəfindən investisiya layihələrinin həyata keçirilməsi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənardakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında dinc qarşılıqlı fəaliyyət - biz münaqişənin nizamlanmasına belə görürük. Bu, bizim hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə həmahəngdir. Lakin münaqişənin nəyə görə nizamlanmamasının əsas səbəbi odur ki, Ermənistan artıq 24 ildir, Minsk qrupu yaradıldığı andan danışıqlar prosesinin azacıq da olsa irəliləməsinə müxtəlif yollarla mane olur".

Bundan əlavə dövlət başçısı deyib: "Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz, lakin yerli özünüidarə, Dağlıq Qarabağın özünüidarəsi məsələlərinə dair kompromis ola bilər. Əgər razılığa gəlsək, bu, gələcəkdə muxtar respublika ola bilər. Ermənistan rəhbərliyi bunu çox yaxşı bilir, sadəcə onlar ictimai rəylə manipulyasiya edir, düşmən obrazı yaradır, danışıqlar prosesinin mahiyyətini təhrif edir, məsələni elə təqdim edirlər ki, guya Azərbaycan erməni əhalini az qala məhv etmək və ya qovmaq istəyir. Bu, belə deyil".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/481418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR