Peşə məktəblərində təqaüd verilməyəcək?

Peşə məktəblərində təqaüd verilməyəcək?
08:42 21 Oktyabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Təhsil Nazirliyi: Yaşlılar üçün peşə məktəblərində ayrı korpuslar olacaq

Təhsil Nazirliyində ilk peşə-ixtisas təhsili müəssisələri ilə bağlı press brifinq keçirilib. Bildirilib ki, peşə təhsil mərkəzlərində əmək bazarının və cəmiyyətin tələblərinə uyğun ömür boyu təhsilin təmin edilməsi üçün yaşlıların təhsili, ixtisasartırma, yenidən hazırlanma kimi təhsil xidmətləri göstərilməklə təhsilin hamı üçün əlçatanlığı təmin ediləcək.

Milli.Az ekspress.az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq Nazirlər Kabineti tərəfindən Bakı və Gəncə şəhərləri üzrə ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı qərar qəbul edilib: "Nəticədə 32 peşə təhsili müəssisəsi rasionallaşdırılaraq 13 peşə təhsili mərkəzi yaradılıb".

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevin sözlərinə görə, rəhbərlik etdiyi agentlik bir neçə aydın fəaliyyətə başlayıb: "Birinci işimiz peşə təhsili sahəsində konsepsiyanın formalaşdırılmasıdır. Peşə təhsili sahəsinin vəzifələri müəyyənləşdirilib. Bu işin Bakı və Gəncə şəhərlərdən başlanılması nəzərdə tutulub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyətə başlamasının məqsədi peşə sahələri üzrə ixtisaslı kadrlara olan tələbatı ödəmək, müxtəlif sahələrdə peşəkar kadları hazırlamaqdır".

Mustafayev bildirib ki, rasionallaşdırma nəticəsində bir sıra strateji istiqamətdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur: "Ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı şaxələnmiş iqtisadiyyatın tələblərinə uyğun müxtəlif peşə istiqamətləri üzrə ixtisaslaşmış dövlət peşə təhsil mərkəzləri yaradılacaq və həmin mərkəzlərdə müasir tələblərə uyğun idarəetmə tətbiq ediləcək. Yeni peşə təhsil mərkəzlərinin fəaliyyəti dövlət-biznes tərəfdaşlığı prinsiplərinə əsaslanaraq əmək bazarının dəyişən tələblərinə uyğun işəgötürənlərlə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçiriləcək".

Dediyinə görə, peşə təhsil mərkəzlərinə təhsil almaq istəyənlərin asan qəbulu ("ASAN peşə" layihəsi) təmin olunacaq və uğurlu nəticələr əldə etmiş məzunların təhsilin varisliyi prinsipinə uyğun olaraq digər təhsil pillələrinə asan keçidi mexanizmi işlənəcək: "Peşə təhsil mərkəzlərində iş tapa bilmədiyi üçün peşəsini dəyişmək istəyən yaşlı insanların da təhsil alması təmin olunacaq".

Onun sözlərinə görə, peşə təhsili sahəsində beynəlxalq təşkilatlarla (BMT, Avropa İttifaqı (Aİ), Avropa Təlim Fondu (ETF), "British Council", Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Koreya İqtisadi Əməkdaşlıq Fondu, Asiya İnkişaf Bankı və s.) birgə mövcud olan qabaqcıl təcrübə öyrənilərək peşə təhsil mərkəzlərinin idarə edilməsi və ixtisaslı kadr hazırlığı prosesinin təşkilində istifadə olunacaq: "Ola bilər ki, gələn ildən təhsil mərkəzlərini bitirən bəzi ixtsas sahiblərinə beynəlxalq sertifikatların alınması ilə müşahidə olunacaq diplomlar verilsin. Bu da həmin insanlara dünyanın müxtəlif ölkələrində iş imkanı yaradacaq".

Agentliyin rəhbəri deyib ki, ölkədə bəzi liseylər Peşə Təhsil Mərkəzi olaraq birləşdirilsə də, ixtisasa uyğun, səriştəsi olan müəllimlər işdən kənarlaşdırılmayacaq: "Bakı və Gəncədə fəaliyyət göstərən peşə təhsil mərkəzlərində çalışan müəllimlərin 52 faizinin yaşı 55-dən yuxarıdır".

O qeyd edib ki, böyük şəhərlərdə inşa ediləcək peşə təhsil mərkəzlərinin yataqxanaları da olacaq: "6 və 9 saylı peşə təhsil məktəbləri birləşdirilir, bunların əvəzində Koreya dövlətinin ayırdığı vəsait hesabına Sənaye və İnnovasiyalar üzrə peşə təhsil mərkəzi yaradılacaq. Bu mərkəzin də həm qızlar, həm də oğlanlar üçün ayrıca şəraiti olan yataqxanalar olacaq".

Peşə məktəblərində oxuyanlara təqaüdlərin dayandırılmasının gündəmdə olmadığını deyən deyil: "Təqaüdün verilməsi bizdə sovet dövründən qalmış məsələdir. Peşə məktəblərində adətən daha imkansız ailələrin övladları təhsil aldığından, onlara təqaüd verilirdi. Təqaüdü konpensasiya edən hansısa yeni mexanizmləri düşünsək, təqaüd verilməyə bilər. Əgər aztəminatlı tələbədirsə, onlara təqaüd əvəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yaxşı oxuduqlarına görə isə Təhsil Nazirliyi tərəfindən veriləcək".

Mustafayevin sözlərinə görə, işsiz qalan adamlarda ixtisasını dəyişmək zərurəti yaranır. Bu səbəbdən də peşə məktəblərində yaşlıların da təhsili təşkil olunur: "Bundan əvvəlki təcrübəyə görə, yaşlı - 50 yaşında olan insanlar 18 yaşlılarla bir arada təhsil alırdı. Amma bundan sonra yaşlılar ayrı korpusda dərs alacaqlar",-deyən agentliyin rəhbəri bildirib ki, bundan başqa, peşə təhsili müəssisələrində təhsil almaq istəyən yaşlı insanlar üçün axşam növbələri yaradılacaq. Yaşlı insanlar da heç bir imtahan vermədən mərkəzlərdə oxuya biləcək. İşini itirən yaşlı insanlar üçün axşam növbəsində saat 4-dən sonra kurslar təşkil olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR