İSB: Onlayn satış bu sahədə problemləri aradan qaldıracaq

İSB: Onlayn satış bu sahədə problemləri aradan qaldıracaq
10:57 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Noyabrın 1-dən Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart və sərhəd sığorta müqavilələrinin elektron sənəd formasında bağlanılması bu sahədə yaranan narazılıqları aradan qaldıracaq. “Report” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun informasiya sistemi Hökumət Ödəniş Portalının (HÖP) informasiya sisteminə inteqrasiya edilib: “Vətəndaş öz məlumatlarını daxil edərək sığorta məhsulunu onlayn rejimdə sifariş edəcək, biz isə HÖP vasitəsilə ilə həmin məlumatları əldə edəcəyik. Bundan sonra mobil telefona müvafiq kod SMS yolu ilə göndəriləcək, həmin kod əsasında poçt şöbələrində, banklarda, “Expresspay” terminallarında sığorta haqqı ödəniləcək və yalnız bundan sonra icbari sığorta müqaviləsi qüvvəyə minəcək. Halbuki, indiyə qədər vətəndaşın ödədiyi icbari sığorta haqqının vaxtında təyinatı üzrə çatmasında problemlər var idi, bu problemlər yeni sistemin sayəsində aradan qalxmış olacaq”.
E.Quliyev onu da qeyd edib ki, onlayn rejimdə satış həm də sığorta agentlərinin kiminsə adından, məlumatlarından, daha dəqiq desək, şəxsiyyət vəsiqəsinin PİN-kodundan istifadə etməklə başqalarına Bonus-Malus sistemi əsasında sığorta haqqında güzəştlər, endirimlər etməsinin qarşısını alacaq: “Siğorta haqqı tam məbləğdə sığortaçının hesabına oturur, bundan sonra tərəflər arasında münasibətlər müəyyən edilir”.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/i-sb-onlayn-satis-bu-sahede-problemleri-aradan-qaldiracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR