Xorvatiya prezidenti: "Azərbaycanla münasibətlər Avropa üçün xüsusi əhəmiyyət kəsb edir"

Xorvatiya prezidenti: "Azərbaycanla münasibətlər Avropa üçün xüsusi əhəmiyyət kəsb edir"
11:38 21 Oktyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

"Enerji təhlükəsizliyinin təmin olunması da daxil olmaqla, Avropa İttifaqı (Aİ) hazırda bir sıra çağırışlarla üzləşir".

Bunu Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç "Casppian Energy" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu cür məsələlərə sistematik yanaşma lazımdır: "Ukrayna münaqişəsi Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinin zəruriliyini göstərdi. Avropa İttifaqı öz enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində bir sıra addımlar atıb. Söhbət enerji mənbələrinin təhlükəsiz daşınması, o cümlədən onların diversifikayasından gedir. Buna baxmayaraq, Avropa xarici şoklara dayanıqlı deyil. Son geosiyasi hadisələr bu məsələni daha aktual edib. Yeni geosiyasi şərait yeni enerji infrastrukturunun və marşrutlarının yaradılmasını zəruri edib".

Prezident bildirib ki, Xorvatiya bu cür layihələrin yaradılmasında aktiv iştirak edir: "Buna misal olaraq Krk adasında üzən LNG terminalının və İon-Adriatik qaz kəmərinin tikintisini göstərmək olar. Hər iki layihə Avropa İttifaqına üzv olan ölkələrin ümumi maraq dairəsindədir".

Ölkə başçısı əlavə edib ki, Xəzər regionundakı enerji resurslarının Avropaya nəql olunması Avropa İttifaqı üçün olduqca əhəmiyyətlidir. "Azərbaycanla münasibətlər Avropa üçün xüsusi əhəmiyyət kəsb edir. Mən Azərbaycanla strateji əməkdaşlığın qurulmasının vacibliyini dərk edirəm. Xorvatiya Azərbaycanla iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində olduqca maraqlıdır. Biz "Şahdəniz" konsorsiumunun "Cənub Qaz Dəhlizi" layihəsinin tərkib hissəsi olan və Avropanın Cənub-Şərqini qazla təchiz edəcək TAP qaz kəməri ilə bağlı verdiyi qərarından olduqca məmnunuq. Avropa İttifaqı TAP layihəsini ümumi maraqlara xidmət edən və İttifaq ölkələrinin enerji təhlükəsizliyini təmin edən bir layihə kimi qəbul edib", - deyə prezident bildirib.

Onun sözlərinə görə, İon-Adriatik qaz kəmərinin reallaşdırılması üçün "Cənub Qaz Dəhlizi" ilə daha çox qazın nəqli vacibdir: "520 km uzunluğunda olan bu kəmər Xorvatiyanın qaz sistemi ilə TAP-la birləşdirəcək. Xorvatiyadan başqa layihəyə Bosniya və Herseqovina və Monteneqro da qoşulacaq. İon-Adriatik qaz kəməri vasitəsilə Xəzər dənizində hasil olunan qaz avropalı istehlakçılara çatdırılacaq. Krk adasında tikilən üzən LNG terminal vasitəsilə qazı hətta Polşaya da çatdırmaq olar". (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/172984.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR