Şans var: "Qarabağ" qrupdan çıxa biləcəkmi?

Şans var: "Qarabağ" qrupdan çıxa biləcəkmi?
11:47 21 Oktyabr 2016
38 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" PAOK-la Avropa Liqasının 3-cü turunda - xüsusən də ikinci hissədə oynadığı futbolla öz "dişini" göstərdi.

Sən qalib gəlirsənsə, bu o demək deyil ki, hesabı qorumaq üçün müdafiə futboluna keçməlisən. Bu, ötən axşam bir daha öz təsdiqini tapdı. Yəqin ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Reynaldo və Miçelsiz qalib gəldiyi bu oyundan sonra PAOK-dan zəif olan "Viktoriya" səddini keçə bilməməkdə "böyük əməyi" olduğunu anlayıb!

Bəs bu qələbədən sonra "Qarabağ"ın qrupdan çıxma şansları nə qədərdir?

"Slovan"dan fərqli olaraq müdafiədə bir o qədər də sıx oyuna üstünlük verməyən PAOK-a səfərdə qol vurmaq mümkünsüzə bənzəmir. Nəzərə alsaq ki, Yunanıstan klubu qrupdakı mövqeyini itirməmək üçün doğma azarkeşləri önündə qol vurmaq üçün hücum futbolu oynayacaq, o zaman rəqibin müdafiəsində yaranacaq boşluqlar qol şanslarımızı daha artıracaq. Zədədən sonra heyətə qayıdan Bədavinin yenidən optimal formasını yığmaq üzrə olduğuna diqqət çəksək və ən pis halda Rəşadın oyunu buraxmalı olacağı təqdirdə belə (zədə səbəbindən) Maksimin millimizin son oyunlarında mərkəz müdafiəçisi mövqeyindəki uğurlu çıxışına baxsaq, o zaman "Qarabağ"ın "Fiorentina" ilə müdafiədə buraxdığı səhvləri təkrarlayacağı inandırıcı görünmür. O zaman daha da aqressivləşəcək yunanıstanlı oyunçuların kobud oyuna üstünlük verəcəyi qaçılmaz olacaq. Bu isə rəqibin meydanda azlıqda qalmasına səbəb ola bilər. PAOK-un çılğın azarkeşlər önündə başıaşağı qalmamaq üçün açıq futbol oynayacağını deyə bilərəm. Bununla da PAOK nəinki öz qapısında qollar görə bilər, hətta növbəti mərhələ arzularının üstündən xətt çəkmiş olacaq.

Qrupda növbəti mərhələ məsələsinin 70%-ni həll edən "Fiorentina" ilə doğma azarkeşlər önündə oynayacaq "Qarabağ"dan gözləntilərim böyükdür.

Bu komanda ilə ilk oyuna nəzər salaq: Oyunun ilk 23-24-cü dəqiqəsinə kimi - Elvin Yunuszadənin qırmızı kart epizoduna qədər - "Qarabağ" rəqib qapısında artıq 3-4 real qol vəziyyəti yaratmışdı. Florensiyalılar meydanın "Qarabağ"a aid hissəsinə keçməkdə əməlli-başlı çətinlik çəkirdilər. Məğlubiyyətimizin səbəbi və günahkar haqda danışmaq fikrində deyiləm. Amma ümidvaram ki, Bakıdakı oyunda Qurban Qurbanov döyüşkən heyət meydana buraxacaq və səfərdəki ilk hissənin 24-cü dəqiqəsinə kimi komandamızın timsalında gördüyümüz o pressinqli, topa nəzarət və kəsərli hücumlarla zəngin oyuna yerli azarkeşlərimiz 90 dəqiqə ərzində şahidlik edəcəklər. Bu oyundan alacağımız üç xal isə növbəti mərhələ arzularımızı reallaşdıra bilər.

Yeni oyunçuların, zədəlilərin komandanın heyətinə qatılması və yay transfer dönəmindən sonra "Slovan"la ilk belə ağır oyunlarından birini keçirən "Qarabağ" komandada kompektləşmənin hələ başa çatmadığı səbəbi ilə doğma azarkeşlər önündə özünə xas olmayan oyun sərgilədi. Lakin "Qarabağ"ın azərbaycan futbolunun klub səviyyəsində də gücünü çexlərə səfərdəki matçda sübut edəcəyinə ümidlər böyükdür.

Təhməz Təkin

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR