Fransa həmsədrini dəyişdi - münaqişənin həllinə yanaşma isə dəyişməz qalır

Fransa həmsədrini dəyişdi - münaqişənin həllinə yanaşma isə dəyişməz qalır
13:37 21 Oktyabr 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Fransa ATƏT-in Minsk qrupundakı həmsədr dəyişdirilib. Diplomat Pyer Andryönü Stefan Viskonti əvəz edib.
S.Viskonti əvvəl Fransanın Latviyadakı səfiri olub.
Qeyd edək ki, Minsk qrupu Azərbaycanıın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu, danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış missiyadır. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci il martın 24-də Helsinkidə keçirilmiş görüşündə yaradılıb.
Azərbaycan, ABŞ, Almaniya, Belarus, Rusiya, Fransa, Polşa, Türkiyə, Finlandiya, İsveç və Ermənistan Minsk qrupun üzvləridirlər.
1996-cı ilin dekabrından isə ABŞ, Fransa və Rusiya diplomatlarından ibarət həmsədrlik yaradılıb.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik, Rusiya təmsilçisi isə İqor Popovdur. Yeri gəlmişkən, C.Uorlik 2013-cü ilin avqustundan, İqor Popov isə 2011-ci ildən bu vəzifəni daşıyırlar.
Minsk qrupunda fransalı həmsədri başqa bir fransız diplomatın əvəzləməsinin Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsinə heç bir təsir göstərməyəcəyini qəti şəkildə bildirmək olar. Çünki münaqişənin həllində əsas söz sahibi onlar deyil. Sadəcə olaraq, bu əvəzləmə Dağlıq Qarabağın işğal altında olduğunu, onun azad edilməsinin vacibliyini bir daha xatırlamaq və baş verənlər haqda bir neçə kəlmə demək üçün imkan yaradıb.
Bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ABŞ və Rusiya rəsmilərinin dediklərini xatırlatmaq istərdik.
ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və “Atlantik” həftəlik dərgisinin təşkil etdiyi 8-ci illik forumda deyib: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün şərait hələlik yaranmayıb. Müasir dünyada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə var və onların nizamlanması hazırda mümkünsüz görünür".
Problemin həlli ilə bağlı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib: "Moskva Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll oluna biləcəyini düşünmür və bu məsələnin yaxın gələcəkdə həllində böyük nikbinliyin olduğunu da deməzdim. Ancaq Rusiya münaqişənin sona çatması üçün səylərini əsirgəməyəcək. Biz tərəfdaşlarımızla əməkdaşlıq şəklində Bakı və Yerevanla işləməyə davam edəcəyik".
Azərbaycan Prezidenti İlham Əliyev Con Kerrinin bəyanatına münasibət bildirərək deyib: "Bu, yumşaq desək, təəccüb doğuran bir bəyanatdır. Azərbaycanı münaqişənin həll olunmamasında günahlandırmaq ən azı insafsızlıqdır. Digər tərəfdən, bax, bu bəyanat o biri bəyanatlarla necə uzlaşır?! Axı, Amerika, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri bir tezis var: “Status-kvo qəbuledilməzdir”. Biz bunu alqışlayırıq. Düzdür, bu sözdən sonra heç bir praktik iş aparılmır. Amma hər halda bu sözün artıq ortaya çıxması bizim böyük uğurumuzdur. Belə bir ciddi bəyanat ola-ola, “hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir” demək sadəcə olaraq Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir. Bunun başqa izahı ola bilməz. Düzdür, indi müxtəlif bəyanatlar verilir ki, bu ifadələr kontekstdən çıxarılıb, düzgün başa düşülməyib. Biz hər şeyi yaxşı başa düşürük və bu gün internet dövründə yaşayırıq. Haradasa bir kəlmə deyilirsə, dərhal onun əks-sədası olur. Biz belə bəyanatları qəbul etmirik. Hesab edirik ki, tezliklə bu ifadələrə ən yüksək səviyyədə düzəliş edilməlidir. Əks təqdirdə, burada vasitəçilik missiyası şübhə altına düşə bilər. Bu, ancaq rəsmi qaydada səslənən bir tezis idi. Amma bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin. Biz indi bunları açıqlamırıq. Çünki diplomatiyanın öz qaydaları var. Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada “beşinci kolon”a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu, heç vaxt, olmayacaq".
İki həmsədr ölkə təmsilçisinin belə çıxışı ATƏT-in Minsk qrupunun əhəmiyyətsiz olduğunu bir daha sübut edir. Çünki onun həmsədrləri münaqişənin həlli ilə bağlı öz məsuliyyətlərini yerinə yetirməkdən, işğalçının - Ermənistanın Azərbaycan torpaqlarından çıxmasına nail olmaqdansa, müxtəlif bəhanələrlə vəziyyətdən çıxmağa, mövcud status-kvonu uzatmağa çalışırlar. Digər tərəfdən isə hadisələrin gedişindən məlum oldu ki, Vaşinqton və Moskva bir-birinə qarşı hikkəsini Dağlıq Qarabağ məsələsində nümayiş etdirirlər.
Azərbaycanın bir haqlı tələbi var: Ermənistan işğal altında saxladığı torpaqlardan qoşunlarını çıxarsın. Minsk qrupu həmsədrləri isə bu istiqamətində fəaliyyət göstərməkdənsə, atəşkəsdən və s. münaqişənin həllinə ciddi təsir göstərməyən bu sayaq aidiyyəti olmayan işlərlə məşğul olur, bəyanatlar verməklə işlərini bitmiş sayırlar.
Bu baxımdan, 1915-ci ildə Osmanlı dövlətində ermənilərlə bağlı baş verən hadisəni "erməni soyqırımı" kimi tanıyan Fransadan da fərqli nəsə gözləmək doğru olmaz. Çünki Paris Moskva və Vaşinqtonun ağzına, erməni lobbisinin isə əlinə baxır. ATƏT-in Minsk qrupundakı fransalı yeni həmsədr də öz sələfindən heç nə ilə seçilməyəcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/analitika/fransa-hemsedrini-deyisdi-munaqisenin-helline-yanasma-ise-deyismez-qalir-serh

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR