Azərbaycanın ilk kukla rəssamı vəfat etdi

Azərbaycanın ilk kukla rəssamı vəfat etdi
13:57 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, bu gün səhər saatlarında Azərbaycanın ilk kukla rəssamı, əməkdar rəssamı Solmaz Musayeva 89 yaşında vəfat edib.

Solmaz Qurban qızı Musayeva 1928-ci il aprel ayının 10-da tanınmış ziyalı, yazıçı Qurban Musayevin (xalq yazıçısı Qılman İlkinin böyük qardaşı) ailəsində dünyaya göz açmışdır. 1947-52-ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almışdır. Təhsilini Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbinin dekorativ-tətbiqi sənət fakültəsində davam etdirmişdir (1953-55-ci illər). 1965-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

1987-ci ildən etibarən fərdi yaradıcılıqla məşğul olan Solmaz xanımın yaratdığı 4000-dən artıq etnoqrafik suvenir kuklalar (Azərbaycanın müxtəlif bölgələrinə aid geyimlərdə) muzeylərdə, Azərbaycanda və xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

Rəssamın 25 kukladan ibarət zəngin koloritli "Azərbaycan qadın toyu" kompozisiyası S.Bəhlulzadə adına salonda Novruz sərgisində (1995) nümayiş etdirilən zaman sərgidə iştirak edən ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymət alıb. Həmin əsər Avstraliyada keçirilən Spartakiada zamanı da ekspozisiya olunub. 2006-cı ildə 8 mart Qadınlar bayramı münasibətilə yaratdığı kompozisiya seçilərək YUNESKO Baş qərargahında sərgilənib. Rəssamın yaratdığı kuklalar 1993-cü ildə Pakistanda keçirilən Şərq ölkələrinin tətbiqi sənət üzrə festival-müsabiqəsinin laureatı olub.

2007-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq görülüb.

Mərhum sabah Mərdəkan qəbristanlığında vəsiyyətinə əsasən atası Qurban Musayevin yanında dəfn ediləcək.

Allah rəhmət eləsin!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/481763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR