Sevda Sanaliyevadan ŞOK AÇIQLAMA: "Övladım ondan deyil"

Sevda Sanaliyevadan ŞOK AÇIQLAMA: "Övladım ondan deyil"
15:27 21 Oktyabr 2016
1883 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az müğənni Sevda Sanaliyevanın lent.az-a müsahibəsini təqdim edir.

- İkinci övladınız dünyaya gələndən sonra sənətdə daha aktivsiniz. Qızınız sizi yenidən həvəsləndirdi? 

- Birinci uşaqdan sonra sənətimə fasilə vermişdim. Ümumiyyətlə, məndə vaxtaşırı istəmədən fasilələr olur. Ancaq qızım dünyaya gələndən bir həftə sonra işləməyə başladım. Çünki artıq bir yox, iki uşağım var, ailə böyüyür, istədim büdcəmizə mənim də qatqım olsun. Efirlərdən də çox uzaq qaldığım üçün darıxmışdım. Odur ki, aktivləşmək lazım idi.
 
- Qızınız dünyaya gəlməzdən bir neçə gün əvvəl görüşmüşdük, çox həyəcanlı, gərgin, narahat idiniz.
 
- Bunun səbəbi səhhətimdəki problemlər idi. İkinci hamiləliyimi ağır keçirdim, çətin, ağrılı günlərim oldu. Ürəyimdə qorxularım çox idi. Səhhətimdə getdikcə ciddi problemlər yaranmağa başlamışdı. Həyatım təhlükə altında ola bilərdi. Ciddi problemlərim olduğunu dəqiq bilmirdim, amma hiss edirdim. Qızımı dünyaya gətirəcəyim gün həkim məni müayinə edəndən sonra bildik ki, problemlər yaranmağa başlayıb. O da həm mənim, həm də uşağım üçün riskli idi. Amma şükür ki, uşaq sağ-salamat dünyaya gəldi, mən də yaxşılaşmağa başlayıram.
 
- Ailədə qızın və oğlanın olması ideal sayılır. Yəqin ki, oğlandan sonra qız arzulayırdınız. Yeri gəlmişkən, adları nədir?
 
- Oğlumun adı Elgün, qızımın adı Leyladır. Əslində mənim üçün oğlan-qız fərqi yoxdur. Amma hər zaman qızım olmasını istəmişəm. Anaya qız lazımdır. Bunu özümlə anamdan da bilirəm. Oğlumu bu həyatda hər şeydən çox sevirdim. Qızım da oldu. Artıq ikisini hər şeydən çox sevirəm. Qızımın olmasını anam da çox arzulayırdı. Elə onun istədiyi adı da qoyduq. Çox xoşbəxtəm. Mənim üçün dünyanın ən böyük var-dövləti onlardır. Hər şey yalandır, mənim üçün tək gerçək onlardır.
 
- İşə başladığın üçün yəqin ki, iki uşağa baxmaq asan deyil, üstəlik ev işləri də var. Bu işlərdə kim kömək edir?
 
- Oğlum bağçaya gedir. Qızımı da işim olanda, efirə gedəndə dayəyə veririk. Qaldı ki, ev işlərinə, kömək edənimiz var. Lazım olan qədər, bacardıqca özüm də vaxt ayırıram. İndi işləmək lazımdır. Ev işlərində çox yaxşı sayılmıram, bacarmıram. Çünki gözümü açandan, özümü tanıyandan işləməyə başlamışam. Ev işləri mənə bir az yad gəlir.
 
- Yəni Sevdadan evdar xanım alınmadı.
 
- Alınmasa da, həyat yoldaşım "alındı" deyir (gülür). Onun üçün mən idealam, ən yaxşı ev xanımı, ən yaxşı həyat yoldaşıyam, hər şeyi ən yaxşı bacaranam. Əslində elə olmadığını bilirəm. Sadəcə bu, onun mənə verdiyi təsəllidir (gülür).
 
- Sənətdən uzaqlaşdığın müddətdə də mətbəxə vaxt ayırmırdın?
 
- Yemək bişirə bilirəm, amma bişirmirəm. Bu işdə də kömək edənimiz var. Mətbəxə  vaxt ayırmaq, güc sərf etmək lazımdır. Hamiləliyimlə bağlı o işlərə heç vaxt ayıra bilmirdim. Başım səhhətimə, ağrılarıma qarışmışdı. İndi də işə başladığım üçün yemək bişirmirəm. Bundan sonra da inanmıram bişirəm (gülür). Amma vaxt tapanda, məcbur qalanda özüm bişirirəm.
 
- Gənc və tanınmış anasınız. Aktual iki mövzu barədə sizin də fikirləriniz maraqlıdır. Bütün dünya həkimləri qadınları təbii doğuşa səsləyir. Çünki ehtiyac olmaya-olmaya bir çox qadın keysəriyyəyə üstünlük verir. Sizin uşaqlar necə dünyaya gəlib?
 
- İkisi də keysəriyyə ilə dünyaya gəlib. Amma bu, mənim istəyimlə bağlı olmayıb. Oğlumun təbii yolla dünyaya gəlməsini istəyirdim. Çünki normal doğuşa üstünlük verirəm, qadının özü üçün də, uşaq üçün də xeyirlidir. Son günlərə qədər də ona hazırlaşırdım. Lakin bəzi problemlər olduğu üçün həkim icazə vermədi. Həkim icazə vermədikdən sonra mən heç nə deyə bilməzdim. Birinci uşaq keysəriyyə olduğu üçün ikinci də elə oldu. Həm də iki uşaq arasında yaş fərqi az idi. Oğlum olandan il yarım sonra qızım dünyaya gəldi. Ona görə məcburən yenə keysəriyyə etdilər.
 
- Digər mühüm məqamsa uşağın ana südü ilə qidalanmasıdır.
 
- Oğlum iki ay ana südü ilə qidalandı. Amma sonra keçirdiyim stresslərlə bağlı olaraq südüm tamamilə kəsildi. Yenidən süd gəlməsi üçün həkim dərman yazdı, qəbul etdim, müxtəlif çaylar içdim. Ancaq o qədər ağır stress keçirmişdim ki, südüm gəlmədi. Ona görə də məcburən uşaq qidasına başladıq. Düzdür, oğlumda görmə zəifliyi yoxdur, amma kalsium çatışmazlığından bir az əziyyət çəkdi. Bunun da səbəbi ana südü deyildi, mən idim. Məndə də hər zaman kalsium çatışmazlığı olub. Oğlum buna qarşı müalicə aldı, problem keçib getdi. Qızım isə ana südü ilə qidalanır, amma uşaq yeməyi də verirəm. Şükür ki, sağlamdır. Ancaq təbii ki, ana südünü heç nə əvəz edə bilməz.
 
- Süd verən anaların hamiləlikdən öncəki çəkisinə qayıtması çətin olur. Əgər ana səhnə adamıdırsa, vəziyyət daha da qəlizləşir. Bunun öhdəsindən necə gəlirsiz?
 
- İkinci uşaqdan sonra mənim üçün hər şey daha da çətinləşdi. Oğlumda pəhrizimə də diqqət edirdim, ikinci aydan sonra çox ağır olmamaq şərtilə idmana da başladım. Qaçırdım, piyada yeriyirdim, trenajorla məşğul olmurdum. Amma qızımda çətin oldu, hansına baxacağımı bilmədim. Oğlum bağçaya gedəndən sonra vəziyyət bir az qaydasına düşdü. Pəhriz saxlayıram. Amma hərdən sağlam qidalanmıram. Bəzən gün ərzində heç nə yemirəm, başım qarışır, yadımdan çıxır. Bir də görürəm, axşamdır, heç nə yeməmişəm. Yemək yadıma düşmür, ya da qarşıma qoyulmayanadək yemirəm. 13 kilo çəki vermişəm, hələ 11 kilo artıq çəkim qalıb. Pəhriz və idmanla qalan artıq çəkidən də xilas olacam.
 
- Sizi izlədikdə insan düşünür ki, ailə və övladları olmasını həddən artıq arzulayan xanımlar sırasındasız...
 
- Uşaqlıqda ailə görməyən insan hər zaman ailəyə həsrət olur. Mənim üçün ailə həmişə birinci yerdə gəlib. Ailəmi qurdum. Onu itirməmək üçün də əlimdən gələni etməyə çalışıram. Bilirsiniz ki, bizim sənətdə ailəli olmaq çox çətindir. Həyat yoldaşın bu sənətdən deyilsə, ikiqat çətindir. Bəzi şeyləri ona başa salmaq, güzəştə getmək asan deyil. Mən güzəştə getdiyim qədər o da güzəştə gedir. Məsələn, evdə mübahisə düşəcək məsələlərin üstündən keçirəm. Çünki həyat yoldaşım sənət adamı olmadığı üçün bəzi şeylər ona böyük gəlir. Mən də güzəştə gedirəm, onun istəmədiklərini etməməyə, ailəmi möhkəm saxlamağa çalışıram. Uşaqlar da mənim üçün çox vacib idi. Həyatda ən çox istədiyim şey uşaqlarımın olması idi. Allah dualarımı qəbul etdi. Həm yaxşı həyat yoldaşım, həm də sağlam övladlarım var. Mənim üçün ailəm, uşaqlarım birinci yerdədir, ikinci yerdə isə sənətimdir.
 
- İstənilən kişinin qadağaları olur. Bütün qadağalara tabe olan xanımlar da var, yarı-yarıya razılaşanlar da. Sizin ailənizdə bu baxımdan vəziyyət necədir?
 
- Həyat yoldaşımın qadağalarını 100-dən 70-ə endirməyə çalışmışam (gülür). Hərdən bəzi qadağalara görə aramızda mübahisə, söz-söhbət də olur. Bəzi məsələləri başa salmağa çalışıram, amma nəticədə son sözü yenə o deyir. Ənənəvi Azərbaycan kişisidir, onun dediyi olmalıdır. Məni həyat yoldaşım tamamilə dəyişdi. Nə anam məni dəyişdirə bilmişdi, nə də başqa biri. Həyat yoldaşım mənim xasiyyətimi, geyimimi, həyata baxışımı dəyişdirdi. Onun sayəsində artıq həyata başqa cür baxıram. O, mənə qalib gəldi.
 
- Bir neçə il bundan əvvəl Sevda daha çox gündəmdə idi. Sonra birdən-birə sanki gizlinə, qırağa çəkildi və həyatını sirli saxlamağa başladı. Bu, nə ilə bağlı idi?
 
- Bir neçə il əvvəl səhhətimə görə kənara çəkildim. Həvəsdən düşdüm, hər şeydən soyudum. Sənətdən getməmişdim, səhnələrə çıxırdım, sadəcə efirdən uzaqlaşmışdım. Sonra efirlərə qayıtdım, amma ilk övladım dünyaya gələndən sonra yenə uzaqlaşdım. Sonra yenidən qayıtdım və az keçmədi ki, ikinci övladım dünyaya gəldi. Əslində gizlinə çəkilmək deyildi, sadəcə hamilə vaxtlarımda efirlərdə çox görünməməyə çalışdım, insanların gözünü yormaq istəmədim.
 
- Gördüyüm qədərilə həyat yoldaşınız daim yanınızdadır, nəzər-diqqəti üstünüzdədir.
 
-  Elədir. Ondan olsa işə getməz, ya da işə gedəndə məni də özü ilə aparar. Əslində, bu, mənim xoşuma gəlir. Düzdür, hərdən adamı yorur, çünki insan bəzən təkliyə çəkilmək,  bir az tək qalmaq, özünə vaxt ayırmaq istəyir. O, həddən çox qayğıkeş, diqqətlidir, hər zaman - işdə, şəxsi həyatımda, xəstəliyimdə, xoş günümdə yanımdadır. O, məni heç vaxt, heç nədə tək qoymayıb. Ən çətin vaxtlarımda yanımda olduğu, ən ağır vaxtlarımda məni indiki kimi sevdiyi üçün nə deyirsə, onunla razılaşıram.
 
- Bilirik ki, bu, sizin ikinci nikahınızdır. İkinci dəfə evlənməyinizi niyə gizli saxladınız?
 
- Ailə məsələm bir az qarışıq oldu. Bəli, bu, mənim ikinci ailəmdir. Birinci ailəm uğursuz oldu, iki ay çəkmədi heç, ayrıldıq. Ona ailə demək istəmirəm, düzgün verilməmiş uğursuz qərar deyim. Sonra ikinci ailəmi qurdum. Həyat yoldaşımdan olsa toy etmək istəyirdi, mən istəmədim. Gözəl ailə, xoşbəxtlik, mehribanlıq varsa, toy çox da vacib deyil. Amma bilmək olmaz, bəlkə bir ildən sonra toy etdik (gülür). Bizim xasiyyətimiz belədir, beynimizə nəsə gəlsə, edə bilərik. İkinci dəfə ailə qurmağımı gizlətmirdim, amma bu barədə danışmırdım da. Bu haqda ilk dəfə olaraq sizə açıqlama verirəm. İlk evliliyimdə qərar verməkdə tələsmişdim. Buna görə də çox peşmanam.
 
- Tələsik qərarla qurduğunuz ilk evlilikdən övladınız oldumu?
 
- Yox, mən ondan övlad dünyaya gətirməmişəm. Övladlarımın ikisinin də atası indiki həyat yoldaşımdır.
 
- İki ildə iki dəfə evlilik qərarına gəlmək asan deyil. İkinci dəfə ailə qurmaq qərarından da peşman olacağınızdan qorxmadınız?
 
- İkinci dəfə qərar verməyimin səbəbi bilirsiz nədir? İndiki yoldaşımı tanıdım, öyrəndim, arzuladığım xasiyyət, diqqət, qayğı onda cəmlənib. Amma ilk evliliyimdə heç nəyi yoxlamamış, sınaqdan keçirməmiş, sadəcə ailə qurmaq xətrinə ərə getmişdim. Sabahı fikirləşməmiş addım atmışdım, daha yaxşı, daha yaxından tanımadan qərar vermişdim. Amma bu həyat yoldaşım çox qərarlı oldu, məndən əl çəkmədi və məni əldə etdi. Əslində ikinci dəfə ailə qurmaq qərarı vermək asan deyil. Çox fikirləşdim, götür-qoy etdim. Amma yoldaşımın etdiyi hər hərəkət, atdığı hər addım, göstərdiyi diqqət, qayğı hər şeyi tezləşdirdi. İndi deyirəm, nə yaxşı ki, onunla ailə qurmaq qərarı vermişəm. O, ən çətin vaxtlarımda mənim qarşıma çıxdı.
 
- Deməli, hər şeyə rəğmən, sevir...
 
- Əlbəttə. Biz çox çətinliklərdən keçdik, onların hamısına dözə bildiksə, demək, aramızda çox böyük sevgi və inam var. Sevgimizə görə çox şeydən keçdik, çox şeylərə susduq, bir-birimizin əlindən tutduq və buraxmadıq.
 
- Necə tanış olmusunuz?
 
- O, məni heç tanımırdı, yəni müğənni olduğumu bilmirdi. Ümumiyyətlə, Azərbaycan şou-biznesi ilə maraqlanmır. Məni tanıdıqdan sonra sənətçi olduğumu bildi. Sonra araşdırmağa başladı. Bilirsiz niyə o qədər çətinliklərdən keçəndən sonra biz hələ də bir yerdəyik? Çünki bizdə sevgi birdən-birə yaranmadı. Bir-birimizi tədricən sevdik. Mən onu tanımaq istədim. Özü bilmədən onu çox sınaqlardan keçirdim. Tanıdıqca, hərəkətlərini, xasiyyətini, mənə olan qayğı, diqqətini, gücünü, səbrini gördükcə sevdim onu. Belə sevgi qalıcı olur. Amma birdən-birə yaranan sevgi birdən-birə də itir. Necə tanış olmağımız isə sirr qalsın. Həyat yoldaşım bunu danışmağımı istəmir. Bir onu deyim ki, maraqlı və təsadüfi bir tanışlıq oldu. Bizim həyatımızda hər şey maraqlı olub, davalarımız da maraqlıdır. Yenə sevgidən irəli gəlir. Sevgi olan yerdə hər şey olur, güc də, dözüm də, səbir də. Həyat yoldaşım mənə səbir etməyi öyrədib. Mən çox səbirsiz idim. İstədiyimi bu gün almalıydım. Uşaqlar dünyaya gəldikdə, ağrıdığım, çətin günlərimdə mənə səbir öyrətdi. Onda olan səbri, hövsələni heç kəsdə görməmişəm. Ondan öyrənəcəyim çox şeylər var.
 
- Rəqqasə Sevdanı yaddaşlardan silə bilmisiniz?
 
- Rəqqasə Sevdanı yaddaşlardan silməyə çalışmıram, bu, o qədər də vacib deyil. Çünki müğənniliyə rəqqasəliyimə görə keçmişəm. İnsan var necəsə, hansısa bir yolla pul tapır, sərmayə qoyub müğənniliyə başlayır. Mən rəqqasəlikdən qazandığım pulla müğənniliyə keçmişəm. Öz əziyyətimlə, işləyərək qazandığım pulumu müğənniliyə qoymuşam. Hazırda da sizin qarşınızda müğənni kimi müsahibə verirəmsə, demək, rəqqasəlikdən qazandığım pul mənə çox kömək olub. İlk sənətimi danaraq, nankorluq etmirəm. Sadəcə olaraq rəqqasəlik Azərbaycanda yaxşı qarşılanmadığı üçün müğənniliyə keçmək istədim. Bu, kiminsə yox, öz qərarım idi. Yaxşı ki, müğənniliyə keçmişəm. Rəqqasəlikdə necə yaxşıyamsa, sevilmişəmsə, müğənni kimi də yaxşıyam və sevilirəm. Niyə rəqqasə Sevdanı insanların yaddaşından silim ki? Silmək istəmirəm. Rəqqasəlikdə nöqsanım, səhvim yoxdur axı onu gizlətməyə çalışım.
 
- Hərdən rəqs üçün darıxırsınız heç?
 
- Əvvəl evdə rəqs edirdim. İndi vaxtım olmur (gülür). Amma heç vaxt darıxmıram. Çünki sevinə-sevinə rəqqasəlikdən müğənniliyə gəlmişəm. İndi deyirəm ki, kaş müğənniliklə başlayardım, oxuyub-oynayardım. Çoxları elə bilir ki, mən rəqqasəlikdən sonra müğənniliyə keçmişəm. Amma mən "Bənövşə" uşaq xorunda oxumuşam, sonra mədəniyyət evlərində solist kimi fəaliyyət göstərmişəm, uşaq yaşlarımdan konsertlərdə çıxış etmişəm. Sadəcə olaraq maddi çətinliyə görə rəqqasəlik edirdim. Bu, səhv qərar idi. Amma peşman deyiləm. Rəqqasəliyə də, müğənniliyi də öz əziyyətimlə nail olmuşam. Hər ikisi sənətdir.
 
- Sizcə, başqa hansı sahədə yaxşı ola bilərdiniz?
 
- İki fortepiano məktəbi bitirmişəm. İstəsəm, piano müəlliməsi işləyə bilərəm. Mədəniyyət və İncəsənət Universitetinin aktyor-rejissorluq fakültəsini qutarmışam. Bu sənət üzrə də müəllimlik edə bilərəm. Amma seçimim tam başqa olardı. Bəlkə də çoxlarına inandırıcı gəlməz, mən şirniyyat bişirməyi sevirəm və çox yaxşı bacarıram. Ən sevdiyim məşğuliyyətdir. Ən çətin tortları deyin onu bişirim, özü də sevə-sevə, həvəslə. Tortlar, şirniyyatlar üzərində zərgər kimi saatlarla işləyirəm. Əslində, bu sahədə biznesə başlamaq fikrim var. Şirniyyat bişirmək məni sakitləşdirir. Elə bil mənim üçün müalicə üsuludur. Olub ki, gecə səhərədək şirniyyat bişirmişəm. Anam rəhmətə gedəndə şirniyyat bişirməyin mənə yaxşı təsir etdiyini kəşf etdim. Anam hər zaman məndən tort istəyirdi, amma bişirməyə risk etmirdim. O, rəhmətə gedəndən sonra günlərlə ağlayırdım. Bir dəfə qonşumuz bizə gəldi, tort bişirmək təklif etdi. Bişirdim, gördüm özümü yaxşı hiss edirəm. O gecədən sonra başladım bişirməyə. Daha çox öz kəşf etdiyim reseptləri, tortları bişirməyə üstünlük verirəm. Bu işdə gələcəyimi görürəm. Yaxın aylarda bu sahədə fəaliyyətimi genişləndirəcəm. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR