Proqnoz: Rusiya və S.Ərəbistanının neft hasilatını azaldacağı gözlənilmir

Proqnoz: Rusiya və S.Ərəbistanının neft hasilatını azaldacağı gözlənilmir
15:42 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Xarici ekspertlər Rusiya və Səudiyyə Ərəbistanının OPEC-in noyabrın 30-da Vyanada (Avstriya) keçiriləcək sammitində hasilatın azaldılması qərarına müsbət yanaşmasına baxmayaraq, bunu real hesab etmirlər. "Report"un "İnvesting.com" saytına istinadən verdiyi xəbərə görə, bu iki iri neft ölkəsi hasilatın azaldılması qərarını dəstəkləyəcəklərini bildirsələr də, istər Rusiya, istərsə də S.Ərəbistanının xarici investisiya proqramları qərarın baş tutmaması ehtimallarını artırıb. Belə ki, Rusiya tərəfi "Rosneft" vasitəsilə Hindistanın "Essar oil" kimi nəhəng neftayırma zavodunu almaq üçün "Trafigura" şirkəti ilə danışıqlar aparır. "Saudi Aramco" isə öz növbəsində son 5-10 il ərzində Çin, Cənubi Koreya və ABŞ bazarlarında neftayırma zavodları və ticarət obyektləri alaraq strateji yatırımlar edib. Bu addımlar hər iki ölkənin hasilatını artıracağı mənasına gəlir.
Bundan başqa, Rusiyanın energetika naziri A.Novak dəfələrlə hasilatın azaldılması qərarını deyil, dondurulması qərarını dəstəkləyəcəklərini bildirib. İstanbulda keçirilən Beynəlxalq Enerji Forumunda Rusiya prezidentinin hasilatı azaltmaq barədə qərara müsbət yanaşması fikri elə həmin gün "Rosneft"in baş direktoru İ.Seçin tərəfindən şirkətinin bu qərara uymayacağı açıqlaması ilə çaşqınlıq yaradıb. Təbii ki, "Rosneft" Rusiya prezidentinin sözünə qarşı çıxmaz. Amma, bu açıqlama onu göstərir ki, "Rosneft"in baş direktoru hasilatın azaldılacağı qərarının qəbul ediləcəyinə inanmır.
Rusiyanın hasilatı azaltmaq barədə OPEC qərarına dəstək verməməsi isə nəticədə razılaşmanın baş tutmayacağı mənasına gəlir. Xatırladaq ki, qarşıdakı iki gündə Rusiya və S.Ərəbistanı arasında neft bazarındakı vəziyyətlə əlaqədar görüşün keçirilməsi gözlənilir.
"Report"un analitik qrupu hesab edir ki, Vyana sammitindən müsbət qərar çıxmasa, dolların qlobal valyuta bazarında möhkəmlənməsi, Çin iqtisadiyyatının yavaşlaması, neft təklifinin artması nəzərə alınmaqla neft qiymətlərinin kəskin azalacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/rusiya-ve-s-erebistaninin-hasilati-azaldacaqlari-gozlenilmir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR