XİN-dən Nalbandyanın çıxışına REAKSİYA

XİN-dən Nalbandyanın çıxışına REAKSİYA
15:53 21 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın jurnalistlərin ümumerməni forumundakı çıxışına münasibət bildirib.

H. Hacıyev açıqlamasında bildirib ki, Ermənistan xarici işlər nazirinin açıqlaması ötən əsrdə I və II dünya müharibələrinin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin məntiqinə bənzəyir: “Diplomatiya ünsiyyət qurmağı və danışıqlar yolu ilə məsələlərin həllini tələb etsə də, bu açıqlama feodal və faşist təfəkkürlü insanlarla sülh və birgəyaşayış haqqında danışmağın qeyri-mümkünlüyünü bir daha göstərir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni və Azərbaycan icmasının muxtar statusda yenidən birgə yaşaması kimi konstruktiv yanaşmanı “təhdid” kimi dəyərləndirən Ermənistan rejimindən bundan artıq nə gözləmək olar?”

H. Hacıyev deyib ki, Azərbaycanın münaqişəni həlli ilə əlaqədar mövqeyi aydın, qəti və konstruktiv xarakter daşıyır: “Dövlətimizin başçısı tərəfindən “Sputnik” informasiya kanalına verilmiş son müsahibədə bu mövqe bir daha aydın şəkildə ifadə olundu. Münaqişənin həlli ilə əlaqədar Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, Helsinki Yekun Aktı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələrinə əsaslanır. Münaqişənin yeganə və mümkün həlli Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad olunması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və Azərbaycan icmasının ölkəmizin tərkibində muxtar statusda yenidən sülh şəraitində birgə yaşayışıdır. Yalnız Ermənistanın və erməni lobbisinin təsiri altında olan bəzi məhdud dairələr Qarabağın “müstəqilliyi” kimi utopik və cəfəng fikirlərlə Azərbaycana təzyiq göstərməyə çalışır və bunun mümkünsüzlüyünü görərək, Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirirlər. Ermənistan tərəfi ATƏT Minsk Qrupunun həmsədrlərinin bəyanatlarına tez-tez istinad etsə də, hələ onların mahiyyətini dərk etmir. Bu bəyanatlarda birinci addım kimi Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur. Bəyanatlarda istifadə olunan güc tətbiq etməmək və güc tətbiq edərək hədələməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri Helsinki Yekun Aktından irəli gəlir. Helsinki Yekun Aktında isə xalqların öz müqəddəratını təyin etməsi prinsipi ifadəsinin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına xələl gətirməməsi təsbit olunub. Ermənistan xarici işlər nazirinin özünün də etiraf etdiyi kimi, bu prinsiplər tam xarakter daşıyıq və biri-digərinə qarşı ola bilməz. Münaqişənin həlli ilə əlaqədar planlar da hər kəsə çox yaxşı məlumdur. Tragikomik səhnələr, təxribat və bəhanələrlə münaqişənin həllinə maneə olan tərəfin də Ermənistan olduğu hamıya yaxşı məlumdur. Ermənistanın xunta rejiminin münaqişə xofu altında yürütdüyü siyasət nəticəsində Ermənistanın gələcəyi yoxdur. Ölkə əhalisinin 70 faizindən çoxu nəinki yoxsulluq, hətta aclıqdan əziyyət çəkir. İşsizliyin səviyyəsi 50 faizə qədər yüksəlib. 2,5 milyard dollar büdcəsi olan ölkənin xarici borcu 5 milyarda yaxınlaşır. Xarici borcun real gəlirləri üstələməsi Ermənistanın tam defolta yaxınlaşmasının göstəricisidir. Siyasi mənsubiyyətinə və baxışına görə insanların öldürülməsi və terrora məruz qalması, polis və dövlətin nəzarətində olan qeyri-qanuni silahlı qruplaşmaların zorakılığı Ermənistanda insan hüquqlarının dözülməz vəziyyətdə olduğunu göstərir. Ermənistan yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində dünyada yeganə monoetnik tərkibli dövlətdir”.

H. Hacıyevin sözlərinə görə, heç kim qonşuluğunda ac və yoxsul ölkənin olmasını istəmir, o cümlədən Azərbaycan: “Bu kimi ucuz və cəfəng təbliğatla və mif yaradıcılığı ilə məşğul olaraq, öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə Ermənistan rəhbərliyi münaqişənin həlli prosesində konstruktiv addımlar atmalı, işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalı və regionda davamlı sülhün təmin olunmasına çalışmalıdır. Ermənistan rejimi bu reallığı nə qədər tez dərk edərsə, erməni xalqı da bir o qədər tez regiondakı sülh və əməkdaşlıqdan faydalana bilər. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması Azərbaycan xalqının haqlı tələbidir. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü və suverenliyin təmin edəcək”. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR