İki sayt açan Qulu Məhərrəmliyə məmur və deputatlar zəng etdi

İki sayt açan Qulu Məhərrəmliyə məmur və deputatlar zəng etdi
17:33 21 Oktyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış jurnalist, teletənqidçi Qulu Məhərrəmlinin baş redaktoru olduğu “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılovun rəhbərlik etdiyi Azleks.az və orfoqrafiya.az saytları fəaliyyətə başlayıb.

Qulu Məhərrəmli Publika.az-a açıqlamasında bu saytların dil istifadəçilərinin qarşılaşdığı çətinlikləri aradan qaldırmaları üçün etibarlı mənbə olduğunu bildirib.

Onun sözlərinə görə, son illər dilin işləkliyinin artdığı bir vaxtda elektron lüğətlərə ehtiyac da yüksəkdir. “Son illər yeni saytlar, internet qəzetlər fəaliyyətə başlayıb, kitab nəşri artıb, sosial şəbəkədə Azərbaycan dilinin işləkliyi genişlənib. Bu sahələrin hamısında dil daşıyıcılarının qarşılaşdığı müəyyən çətinliklər olur. Həmin çətinlikləri aradan qaldırmaq üçün jurnalistlər müəyyən mənbə tapır, amma dövlət idarələrində çalışanlar problemi necə həll edəcəklərini bilmirlər. Bundan başqa, dilin işləndiyi sahələrdə, dil-üslub səhvləri, uzlaşmanın olmaması, sözlərin yerində işlənməməsi, yanlış yazılması, teleradioda orfoepiya qaydalarına əməl edilməməsi kimi ciddi nöqsanlar özünü göstərir. Bu məqamda bizə elektron, əl altında olan, istənilən anda qarşılaşdıqları çətinliyi aradan qaldırmaq üçün bir resurs lazım idi. Azleks.az və orfoqrafiya.az saytlarının bu ehtiyacı təmin edəcəyini düşünürəm. Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsində işlədiyim iki ildə hansı problemlərin üzdə olduğunu və onları necə həll edə biləcəyimizi gördüm. Həmin vaxt Dövlət proqramına uyğun olaraq institutda “Qaynar xətt” yarada bildik. Bu zaman ictimaiyyətin qarşılaşdıqları nöqsanlar barədə “Qaynar xətt”ə məlumat verməsi nəzərdə tutulmuşdu. Həmçinin dildən istifadə edənlərin qarşılaşdıqları problemlərlə bağlı da zəng edərək məlumat ala biləcəkdi. Hazırda institutda bu işin necə davam etdirildiyini bilmirəm. Lakin inanıram ki, institutun mütəxəssisləri bu işi uğurla davam etdirir”.

Azleks.az və orfoqrafiya.az saytlarının bu günə qədər yaradılmış elektron lüğətlərdən fərqi və üstün cəhətlərindən danışan Q.Məhərrəmli burada bir neçə lüğətin materialının toplandığını dedi: “Altun” nəşriyyatının rəhbəri Rafiq İsmayılovla birlikdə hazırladığımız lüğətin məqsədi media işçiləri və ümumiyyətlə dildən istifadə edənlərə kömək etməkdir. Əvvəlcə, Azərbaycan dilinin izahlı lüğətinin elektron lüğəti yaratdıq. O çox da effektli olmadı. Bu dəfə proqramı daha geniş müyyənləşdirdik. Sadəcə sözün düzgün yazılışını vermək dar çərçivədir. Lakin onun frazeologiyası, dilin terminologiyası ilə bağlı vəziyyəti daha geniş əks etdirmək üçün “Azleks.az” yaratdıq. Hər hansı sözü lüğətdə axtaranda onun izahlı lüğətdəki izahı, əgər məcazi mənası varsa, frazeologiya lüğətindəki mənası, həmçinin etimoloji mənası verilir. Ayrıca orfoqrafiya lüğəti də var. Burada həm sözlərin düzgün yazılışı, izahı, tələffüzü, vurğusu, həmçinin terminlərin izahını veririk. Böyük bir dövlət qurumunun görə biləcəyi işi, kiçik bir nəşriyyatın bazasında etmişik. Hazırda lüğət işləyir və pulsuzdur. Burada kommersiya məqsədi yoxdur, əsas məqsəd dil istifadəçilərinə kömək etməkdir.

Bu lüğəti hazırlayarkən digər elektron lüğətlərə də baxmışıq. Hesab edirik ki, onlar da bir mərhələdir. Çalışmışıq ki, həmin lüğətlərdəki nöqsanlar burada olmasın. Azleks.az-ın digər bir üstün cəhəti siz səhv sözü yazdığınız halda onun lüğətdə olmadığını demir, əksinə sözün düzgün yazılışını təqdim edir. Düzdür, bu, hələ ideal variant deyil. Ona görə geniş auditoriyaya təqdim etdik ki, həm də nöqsanlar barədə məlumat versinlər. İradları qeydə alıb, aradan qaldırmağa çalışırıq. Hələ ki, ciddi irad yoxdur. Əksinə həmkarlarımız, millət vəkilləri, dövlət qurumlarından təşəkkür zəngləri alırıq”.

Q.Məhərrəmli bildirib ki, hazırda azleks.az-ın bazasının genişlənməsi üzərində iş aparılır. O, lüğətin bundan sonrakı inkişaf mərhələlərindən də danışıb: “Üçdilli və beşdilli lüğət üzərində işləyirik. Bu işə görkəmli mütəxəssislər cəlb olunub. Azərbaycan, rus, ingilis və türk dillərində lüğət hazırlayırıq. Azleks.az-da axtarılan sözün xarici dillərdə deyilişləri veriləcək. Bu işlə bağlı beynəlxalq mütəxəssislərlə müqavilələrimiz var. Onlar da bizə bu işin texnologiyasını yaratmaq baxımdan kömək edirlər. Həmçinin xalq dilində deyimlər və məsəllər lüğətini hazırlayırıq. Müəyyən sözlərin dildə necə yaranması, istifadəsi burada veriləcək. Bu istiqamətdə bir vaxtlar görkəmli dilçi alimlərimiz işləyib. Dilə yeni sözlər, ifadələr gəlir, dil beynəlxalq səviyyəyə çıxır. Ona görə də dilin zənginləşməsi və dilə gələn sözlərin izahını vermək lazımdır”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/173040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR