Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tofiq Zülfüqarov: “Yeni həmsədr Fransanın mövqeyinə 10-15 faiz təsir edə bilər”

Tofiq Zülfüqarov: “Yeni həmsədr Fransanın mövqeyinə 10-15 faiz təsir edə bilər”

Date: 21 October 2016 17:38

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədrinin yenisi ilə əvəz olunmasına münasibət bildirib.

T.Zülfüqarov Publika.az-a açıqlamasında deyib ki, həmsədrin dəyişməsi Fransanın Minsk qrupundakı fəaliyyətində böyük dəyişikliyə gətirib çıxarmayacaq:

“Mən bu dəyişikliyin böyük nəticələrə səbəb olacağına inanmıram. Çünki onlar ümumi formatda çalışırlar. Buna görə də hər hansı bir insanın digəri ilə əvəz olunması elə ciddi dəyişiklik yaratmır. Ola bilər ki, bu dəyişiklik Fransanın Minsk qrupundakı mövqeyində 10-15 faiz təsir etsin. Amma bundan artıq dəyişikliyə inanmıram”.

Sabiq nazir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranan son vəziyyəti qiymətləndirib:

“Artıq bəlli oldu ki, aprel əməliyyatlarından sonra da Ermənistan tərəfi heç bir ciddi addım atmaq istəmir. Hətta, bizim Ermənistana qarşı təzyiq ediləcəyini gözləməyimiz də əks nəticə verdi. Yəni, aprel döyüşlərindən sonra Ermənistan Rusiya və ABŞ silahları hesabına özünün müdafiə imkanlarını genişləndirib. Bu baxımdan da Ermənistana təzyiq nəticə verməyib. Baxmayaraq ki, Azərbaycanın hərbi imkanları daha genişdir. Ancaq Ermənistana verilən yeni növ silahlar işğalçı ölkə əhalisində ondan Azərbaycana qarşı istifadə ediləcəyi təəssüratları yarada bilər. Ancaq mən bu silahlardan Ermənistanın Azərbaycana qarşı istifadə edəcəyinə inanmıram. Ermənistanın həmin silahlardan istifadəsi inandırıcı deyil. Ancaq Rusiyanın Ermənistana verdiyi silahlar təkcə Qarabağda deyil, eyni zamanda regionda böyük fəsadlar törədə bilər”.

T.Zülfüqarov qeyd edib ki, işğalçı Ermənistanın silahlanması Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə ziyan gətirən addımlardır:

“Yəni, bu, ilk növbədə Ermənistanın özü üçün təhlükəlidir. Hesab edirəm ki, Azərbaycan tərəfi, xüsusilə də Xarici İşlər Nazirliyi Ermənistanın silahlanmasını dünya ictimaiyyətinin diqqətinə lazımı səviyyədə çatdırmalıdır. Əgər Ermənistan bu silahlardan istifadə etsə, o zaman Azərbaycan da öz silahlarını işə salacaq. Bundan başqa, Ermənistan Azərbaycanın hansısa rayon və şəhərinə raket atsa, Azərbaycan da İrəvan və digər şəhərlərə raket zərbələri endirəcək. Nəzərə alsaq ki, bu gün Ermənistanda terrorçu rejim hakimiyyətdədir, o zaman müharibənin alovlanması riskləri böyükdür. Bütün bunlar isə ilk növbədə beynəlxalq birliyi ciddi narahat etməlidir və işğalçı Ermənistana sülh danışıqlarına gəlməsi üçün təzyiqlər olunmalıdır. Eyni zamanda, Azərbaycan tərəfi bunu ilk növbədə Rusiya tərəfinə bildirməlidir”.

T.Zülfüqarov vurğulayıb ki, bu yaxınlarda Rusiya Kalinqradda oxşar hərbi sistemlər yerləşdirib:

“Şərqi Avropa və Baltikyanı ölkələr, hətta NATO rəhbərliyi Rusiyanın bu addımına kəskin etiraz ediblər. Ancaq Rusiya eyni sistemi gətirib bizim regiona da yerləşdirib. Ancaq nədənsə heç bir dövlət, hətta Azərbaycan da buna görə Rusiyaya etiraz etmir. Hesab edirəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi də bu məsələ ilə bağlı bəyanat yayaraq beynəlxalq təşkilatlara, o cümlədən Rusiyaya etirazını bildirməlidir”.

Keçmiş nazir İraq və Suriyada baş verən hadisələrin Qarabağ münaqişəsinin alovlanmasına təsiri ilə bağlı məsələyə də toxunub:

“Dağlıq Qarabağ münaqişəsinin alovlanmasını Yaxın Şərqdəki proseslərlə əlaqələndirmək doğru olmazdı. Çünki Dağlıq Qarabağla bağlı proseslər daxili və regional çərçivədə gedir. Münaqişə ilə bağlı vəziyyət də bununla bağlı dəyişir”.

Vasif Həsənli


Tags:  Tofiq Zülfüqarov Yeni həmsədr Fransanın mövqeyinə 10-15 faiz təsir edə bilər

RƏYLƏR


Top news