"Yıxmaq futbolun ayrılmaz hissəsidir"

"Yıxmaq futbolun ayrılmaz hissəsidir"
19:32 21 Oktyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsi çərçivəsində PAOK-la qarşılaşan "Qarabağ" 2:0 hesabı ilə qalib gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qarşılaşmadan sonra keçirilən brifinqdə Ağdam klubunun hücumçusu Dino Ndlovu qələbəni şərh edib.

- Oyundan sonra özünüzü necə hiss edirsiniz? Çox yorulmusunuz?

- Əlbəttə ki, yorğunam, amma özümü xoşbəxt hiss edirəm. Çünki komandam üçün vacib olan 3 xal qazandıq. Təbii ki, bu matçdan sonra çempionatdakı vacib qarşılaşmaya hazırlaşmalıyıq. Elə etməliyik ki, yorğunluq hiss olunmasın. Eyni zamanda "Neftçi"ni də məğlub etməliyik.
 
- Sizcə, hansı komanda daha keyfiyyətli, baxımlı futbol oynayır - "Qarabağ", yoxsa PAOK?

- Rəqib haqda xoş sözlər demək olar. Onların heyətində yaxşı futbolçular yer alıb. Kimsə uduzduğuna görə PAOK-un zəif komanda olduğunu deyə bilməz. Öz komandam haqda da ancaq yaxşı şeylər danışa bilərəm. Həm də bu gün biz daha istəkli idik və bu istək 3 xalı qazandırdı.
 
- Rəqib müdafiəçiləri ilə konflikt yaşamadınız? Çünki oyunun müəyyən anlarında kobudluq, bir-birinizi itələmək kimi hallar olurdu. Bu nəzərə alaraq, aranızda hansısa narazılıq yaşandı, yoxsa dostcasına meydanı tərk etdiniz?

- Bunlar görüşün gedişində normaldı. Elə anlar olurdu ki, onlar mənə qarşı kobudluq edirdilər, bəzən isə mən rəqibi itələyir və ya yıxırdım. Oyun mübarizə deməkdi. İtələmək, yıxmaq futbolun ayrılmaz hissəsidi. Buna görə də hansısa problem yaşamaq, narazılıq etmək düzgün deyil. Aramızda bir problemin olduğunu qəbul etmirəm. Meydanda olan orda qalır. Kənara çıxdıq, hər şeyi unuduruq. Mənim "Qarabağ"la müqaviləm var, deməli, bu komandanın uğur qazanması üçün iş görməliyəm. Rəqib müdafiəçi isə öz komandasına kömək edir.
 
- PAOK-un heyətində tanıdığın və ya dostluq etdiyin futbolçu varmı?

- Var, Eftimis Kolourisdi. Oyundan sonra onunla formamızı dəyişdik.
 
- Bəs söhbət edə bildiniz?

- Oyundan sonra xeyr. Amma matçdan əvvəl görüşümüz olmuşdu. Onunla həm oyun, həm də ötən günlər haqda danışdıq. "Fiorentina" ilə matça baxdığını dedi, qırmızı vərəqəni, görüşün çox hissəsini azlıqda keçirdiyimizi qeyd etdi.
 
- Respublika stadionunda ilk oyununuzu keçirdiniz. Atmosferlə bağlı nə deyə bilərsiniz?

- İlk matçımızı "Dalğa Arena"da keçirmişdik. O arena şəhərdən çox uzaqdı. Bu dəfə şəhərin mərkəzindəki stadionda oynadıq. 25 mindən artıq azarkeş gəlmişdi. Təbii ki, bu qədər insanın qarşısında oynamaq futbolçunu daha da həvəsləndirir.
 
- Cavab görüşü haqda nə düşünürsünüz?

- İndidən nəsə deməkdə çətinlik çəkirəm. PAOK-un çempionatda vacib oyunu var. Onlar bazar günü əsas rəqiblərindən olan "Olimpiakos"la qarşılaşacaqlar. İndi bütün fikirlərini həmin qarşılaşmaya yönəldiblər. Bu matçdan sonra hansı vəziyyətdə olacaqları maraqlıdı. Təbii ki, biz səfərdən də vacib qələbə ilə dönmək istəyirik.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR