Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Hələ mənim zamanım gəlməyib" - FOTO

"Hələ mənim zamanım gəlməyib" - FOTO

Date: 21 October 2016 21:27

Milli.Az kaspi.az-a istinadən Rövşən Almuradlı ilə müsahibəni təqdim edir.

Teatr həyatın aynasıdır. Teatr  elə bir məkandır ki,  həyatımızı canlı şəkildə məhz o səhnədən izləmək imkanı əldə edirik. Bəzən də izlədiyimiz həyat hekayələri bizə o qədər təsir edir ki, uzun müddət onun təsirindən çıxa bilmirik. Son dönəmlər teatr və kino səhnəsində süni ab-havanın olduğu iddia edilir. Rejissorların hazırladıqları tamaşalarda vətəndaş mövqeyinin olmamasından şikayətlənirlər. Bugünkü müsahibimiz isə çəkdiyi filmlərdə və hazırladığı tamaşalarda mütləq şəkildə bir vətəndaş olaraq öz mövqeyini qoyan və onu tamaşaçıya olduğu kimi təqdim edən bir rejissordur. O, rejissor ki, öz dəsti xətti ilə seçilir, sadə insanların həyatını onlara olduğu kimi təqdim etməyə üstünlük verir.

Bəli, müsahibimiz uzun illərdir ki, kino və teatr aləmində külüng çalan Rövşən Almuradlıdır. Bir neçə illik fasilədən sonra onun yenidən teatr səhnəsində tamaşa hazırlayacağı xəbərini eşitdik. Özü də ona doğma olan Azərbaycan Dövlət Sumqayıt Dram Teatrında. Bu səbəbdən, rejissorla əlaqə saxlayıb, hazırladığı tamaşa barədə söhbət etdik. Amma imkan düşmüşkən Rövşən müəllimlə elə milli kinomuzun problemlərindən də danışdıq. 
 
- Eşitdik ki, beş illik fasilədən sonra Sumqayıt Dövlət Dram Teatrında tamaşa hazırlayırsınız.

- Yaradıcı insan üçün fasilə olmur. Bu beş ili mən də bekar qalmamışam. Hazırlıqlar görmüşəm, nəsə etmək istəyində olmuşam. O ki, qaldı Sumqayıt Teatrında tamaşa hazırlamağıma, teatrdan dəvət aldım və məmnuniyyətlə qəbul etdim. İndi burada dövlət sifarişiylə Marsel Bertie Marinyenin "Oğru" əsəri əsasında hazırlanan eyniadlı tamaşada üzərində çalışırıq. Tamaşada əsas rolları əməkdar artist İzaməddin Bağırov, Şəmistan Süleymanlı, Vəfa Qurbanova və İlahə Səfərova oynayacaqlar. Bir aydan çoxdur ki, tamaşanın məşqləri geldir. Gələn ayın əvvəlləri tamaşa təhvil veriləcək. Ümid edirəm ki, bu tamaşa da izləyicilərin zövqündə olacaq.
 
- Bizim rejissorlarımızın qoyduğu tamaşalarda çox zaman vətəndaş mövqeyini görə bilmirik. Bəs  sizn hazırladığınız tamaşada necə, bunu görə biləcəyikmi?

- Dünyada iki cür teatr var. Biri dramatik, biri epik teatr. Dramatik teatr deyir ki, mən ruhlu bir aləm yaradıram, bacarırsansa, gəl mənə qoşul. Etik teatr isə - mən oynamıram, sənə hadisələri göstərirəm, mən yuxarıda durmamışam, elə sənin yanındayam, gəl birlikdə bütün cəmiyyətimizin problemlərini həll edək. Bu iki teatrın hərəsinin minlərcə qolu var. Mən də o epik teatrın qolunun birini özümə istiqamət götürmüşəm və onun yolu ilə gedirəm. Mənim bütün tamaşalarımda vətəndaş mövqeyi mütləq şəkildə olmalıdır. Hazırlamaqda olduğumuz "Oğru" tamaşasında söhbət lotereya oğurluğundan gedir. Təbiətin bütün dəyərləri oğurluq üzərində qurulursa, o ilkin olaraq ailədən başlayır. inşAllah, gəlib görərsiniz. Əslinə qalsa mən əsərin təqdimatı ilə məşğul olmuram. Əsərdən istifadə edib, bu günün ağrısından, dərdindən danışıram. Hadisələri göstərib deyirəm ki, gəl çiyin-çiyinə duraq, baxaq görək nəyimiz var, nəyimiz yoxdur. Nəyi düz edirik, nəyi səhv edirik. Teatr zaman və məkan çərçivəsindədir. 
 
- Bu tamaşada hansı yeniliklərin şahidi olacağıq?

- Çox zaman əsər seçimi rejissorun istəyincə olmur. Hər hansı əsərə müraciət edəndə gərəkdir ki, çalışdığın truppanın, teatrın imkanlarını nəzərə alasan. Bu əsər teatr üçün daha lazımlıdır. Mənim də repertuarımda rahatlıqla hazırlanan bir tamaşadır. Yeniliklərə gəlincə isə bunu tamaşanı izləyəndə biləcəksiniz.  
 
- Teatrın imkanı demişkən, Sumqayıt Teatrı yenicə təmirdən çıxıb. Yəqin ki, sizin üçün orada işləmək daha rahat olar.

- Teatrın imkanı deyəndə onun nə binasını, nə də texniki imkanlarını nəzərdə tutmuram. Teatrın maliyyə imkanları, truppanın iş mexanizmini nəzərdə tuturam. Bu tamaşada cəmi dörd nəfər iştirakçı var. Burada Sumqayıt Teatrının bütün kollektivi əhatə olunmur. Dörd iştirakçı ilə satirik yumor janrında hazırlanan tamaşadır. Həm əyləndirici, həm də düşündürücü bir tamaşadır. Hər zaman mənim hazırlamağa can atdığım iri, monumental əsər deyil. Güman edirəm ki, rejissor üçün bu da lazımdır. Əgər məsləhət görülübsə, deməli belə lazımdır, bunun da öz yeri var. 
 
- Film sahəsində tanınmış rejissorlardansınız. Film sektorunun bu qədər inkişaf etdiyi bir dövrdə nə üçün o meydanda sizi görə bilmirik?

- Təklif olunsa əlbəttə ki, çox böyük məmnuniyyətlə film çəkərdim. Filmdən əlavə serial çəkmək arzusunda da olmuşam. Ancaq bunu mənə həvalə edən olmayıb. Tamaşa elədir ki, onun üçün lazım olan sərmayə çox az olur. Cüzi bir imkanla tamaşa hazırlamaq mümkündür. Filmdə isə nə qədər çox maliyyə ayrılsa, texniki tərəfdən o qədər keyfiyyətli bir iş çıxar ortalığa. İndiki dövrdə serial bazarına girmək, serial çəkmək üçün ya yaxşı əlaqələrin olmalıdır, ya da yaxşı sponsorun. 
 
- Bəs çəkilən serialların keyfiyyətindən necə razısınızmı?

- Çəkilən serialların içərisində razı qaldıqlarım da var, qalmadıqlarım da. Seriallarımızda sanki mövzu qıtlığı yaşanır. Hərdən imkan olduqca ötəri şəkildə onları izləyirəm. İnsanda elə təsəvvür yaranır ki, sanki bizim insanların hamısı villalarda yaşayır, ciplərdə gəzirlər. Camaatın əsas problemi odur ki, bir-birilərinə pul atsınlar, ətrafındakı insanların firmalarını ələ keçirsinlər. Axı torpaqlarımızın 20 faizi işğal altındadır, kəndlərimiz boşalıb, nə qədər ağrılarımız, acılarımız var. Bizim qədim türklərə söykənən şanlı tariximiz, mədəniyyətimiz var. O qədər bədii əsərlərimiz var ki... Onlardan gözəl seriallar çəkmək mümkündür. Ancaq görünür ki, indiki zəmanə başqa şeylər tələb edir. Güman edirəm ki, hələ mənim zamanım gəlməyib. 
 
- Bu gün gənclər film meydanını ələ keçiriblər. Güclü sponsor tapıb film çəkirlər. Siz də sponsor tapıb, onlara əsil filmin necə çəkildiyini göstərə bilərsiniz...

- Heç kimə nəyisə sübut etməyə ehtiyac görmürəm. Əgər tələbat varsa müraciət edəcəklər, yoxdursa... Mən köhnə adamam. Həmin gənclər sponsorla danışa bilirlər, mən danışa bilmirəm. Onların canı suludur - axtarırlar, araşdırırlar, gəzirlər, tapırlar və çəkirlər. Azərbaycan teatrının və kinosunun tamaşaçısı elə bir vəziyyətə düşüb ki, onlara təqdim olunan hər bir layihəni qəbul edir. Tamaşaçıların da keyfiyyətli məhsula baxmağa ehtiyacı var.
 Hüseyn Cavidin "İblis" əsərini film-tamaşa kimi çəkmək istəyirəm və bunu da mətbuat vasitəsi ilə bəyan etmişəm. Görün, biri qarşıya çıxıb deyirmi ki, gəl, çək! Hüseyn Cavidə, Azərbaycan ədəbiyyatına kim vurğundursa bu layihəyə kömək etsin. Ancaq reallıq budur ki, heç kim bu layihəyə razılıq verməyəcək. Cazibədar bir xanım qoltuğunda bir qovlula rəhbərliyin qəbuluna girib üzünə gülümsəsə, onun təklif etdiyi layihəni həməncə qəbul edərlər.  
 
- Rövşən müəllim, danılmaz faktdır ki, bu gün tamaşaçıların əsas tələbatı komediya filmlərinədir. Bu məsələyə münasibətiniz necədir?

- Siz onlara komediya deyirsiniz? 
 
- Bəs nə deyək?

- Onlar boş "hır-hır"lardır. Bu komediya deyil. Mənasız, boş gülüşdən başqa bir şey deyil.  Komediya ilə faciə əkiz bacı kimi bir şeydir. Faciə odur ki, ölümdən başqa heç bir çıxış yolu yoxdur. Komediya odur ki, sənin nə ölməyə, nə də yaşamağa ixtiyarın var. Komediya çox ağır janrdır. Bunu belə yüngül şəkildə tamaşaçıya təqdim etmək olmaz. Onun çəkdiyi ağrılı dərdi faciə çəkə bilməz. Faciədə heç olmasa ölürsən canın qurtarır, komediyada isə ölə də bilmirsən. Komediyanın cəmiyyətdə çəkdiyi yük daha ağırdır. Mən vurdum, sən yıxıldın, o birisi də hırıldadı. Bu heç komediya da deyil. Bəlkə də fikirlərimi bir az kəskin ifadə edirəm, ancaq reallıq budur. Çalışsınlar kimlərisə yamsılasınlar. Biri var ağıllı bir adamın komik bir situasiyaya düşməsini çəkələr, biri də var ki, yüngül bir insan düşükləyir və biz də ona baxıb gülürük.

- Bəlkə siz də komediya janrında bir film çəkəsiniz?

- Hələ zaman o zaman deyil. Qədrimi bilsələr, bəlkə o zaman bir film çəkərəm. 
 
- Yavaş-yavaş yeni teatrlar cücərməyə başlayır. Bunlara münasibətiniz necədir?

- Bir güllə bahar olmaz. Mən bunu müstəqil teatr hesab etmirəm. Kimsə qəbul edir, kimsə etmir. Azərbaycanda müstəqil teatrın yaranmasından ötrü böyük şərait yaratmaq lazımdır. Hələ ki, belə bir imkan və şərait yoxdur. Müstəqil, xeyriyyə, bələdiyyə, prezident, teatrları olmalıdır. Onları birləşdirən gildiyalar formalaşmalı, aktyor əmək birjaları yaradılmalıdır. Böyük bir sistem qurulmalıdır. O sistem də hələ ki, bizdə qurulmayıb. Bilmirsən bu nədir və nəyə xidmət edir. Onun yaşamasından ötrü mühit yoxdur. Elə bil laləni burdan çıxarıb aparıb Sibirdə əkirsən. Ona görə də hələ ki, Azərbaycanda müstəqil teatrın yaranması və inkişaf etməsi mümkün deyil. Teatr incəsənətin ən güclü laboratoriyasıdır, incəsənət mədəniyyətin ən güclü təsiredici vasitəsidir. Teatrı qorumaq lazımdır. Binanı bəzəyib - get, orada işlə deməklə deyil, inkişaf rəqabətdə olur.

Milli.Az







Tags:  Hələ mənim zamanım gəlməyib FOTO

RƏYLƏR


Top news