Dolma haqqında ağı, xəngəl görməmişliyi

Dolma haqqında ağı, xəngəl görməmişliyi
21:52 21 Oktyabr 2016
167 Ölkə
Ölkə mətbuatı
A- A+

Deyilənə görə, insan aşiq olanda qarnında kəpənəklərin uçuşu hissiyatına qapılır. Bu aşiqliyin sonu xəyal qırıqlığı ilə bitəndə isə qarnında iki ovuc ölü kəpənək hissi ilə qarşı-qarşıya qalır. Təxmin etməyə çalışıram, yəqin ki, pis hissdir. Qarında kəpənək... Həm də ölü kəpənək...

Elə qarından danışaq. Yemək də, içmək də aşiqlik tələb edir. Sevmədiyi yeməklə qidalanmaq dəhşətlidir. Bu, sadəcə, qarın doyurmaqdır, doymaq deyil. 

Kaş ki, yer üzündəki bütün canlılar sevdikləri ilə, sevdiyi yeməklərlə doysalar. Başın, qarnın, ürəyin başını aldada-aldada yaşamasalar. 

Qarında həmişə diri və ya ölü kəpənək olmur. Qarında həm də qurbağa olur. 

Bizimkilər qurbağa yemir, əvəzində yeyən xalqları ələ salır. Bizimkilər ilbiz, böcək qızartması, it əti yeyənləri harada tutsalar, qabaqlarına qoyub danlayır. Üzlərinə qaytarırlar. Məncə, mətbəxində qarın qutabı, qarın qovurması olan xalq qurbağa əti ilə məzələnməz. Ayıbına qısılar. Dəhşətlidir. Mal-heyvan qarnını səhərdən axşama kimi nəcisdən təmizlə, sonra da bişir, ye. Bu, nə əzabdır? Bu, nə zülmdür?!

Hansısa yemək bir xalqın tarixində təsadüfən yaranıb ərsəyə gəlmir. Bunun üçün mütləq münbit şərait, tarixi hadisələr lazımdır. Məsələn, çinlilər xoş gündən, keflərindən yosun salatı, it ətini mətbəxlərinə gətirməyib. Bu xalq 45-75 milyon insanını aclığa qurban verib. İnsanlar aclıqdan, ailələrinin gözünün qarşısında bir tikə çörəyə görə can verməyinə baxa-baxa ürək tutmasından həyatlarını itirib. Çin mətbəxi 1928-1949-cu illərdə hərbi rejim dövründə və 1943-1976 kommunizm illərində "zənginləşib".

İnsanlar bu dəyişikliklərə alışıb. Onları aclıqdan qurtaran ənənələri dünyaya mətbəx kimi təqdim edib. Çin neft tullantılarından istehsal etdiyi tekstil məhsullarını bütün dünyaya sırıdığı kimi, mətbəxini də brendə çevirə bilib. Pisləyə-pisləyə, deyinə-deyinə Çin istehsalı olan malları bir-iki dövləti çıxmaq şərti ilə bütün dünya öz ölkəsinə buraxır.

Mətbəxlə tekstilin arasındakı fərq isə ondan ibarətdir ki, qıyıq gözlü, gülərüzlü çinlinin tikdiyini başqa seçimi olmayan kasıb geyinir, bişirdiyini isə görməmiş varlı yeyir. Kredit verən bankların sayəsində artıq bahalı maşınla, bahalı mobil telefonla özünü gözə soxmaq mümkün deyil. İndi dəb qurbağa əti, tarakan qızartmasıdır. Adamlar var ki, iyrəndiyi halda Çin mətbəxinə gedir. Çəngəlində qurbağa budu olan şəkil çəkdirsin deyə sarılıq xəstəliyinə də tutulur.

Ümumiyyətlə, biz hər şeyin xəmirini, suyunu çıxarmağa meyilliyik. Azərbaycanda sosial şəbəkə istifadəçiləri çaydandan qalxan buxarı yağış zənn edən kimi sosial şəbəkədə xəngəl şəkli paylaşır. 

Xəngəl görməmişliyi

Deyilənə görə, İbrahim Xəlil xan Kür qırağı boyunca səyahətə çıxıbmış. Uzun müddət qaldıqdan sonra əhali başa düşür ki, qoşunun yeməyini çatdıra bilmir. Gücü xəmirə verir. İndi hər külək əsən kimi paylaşdığınız xəngəl əslində "xangəldi" olub. Xanın qoşununun qarnını doyurmaq üçün əhali unu və soğançanı yeməyə çevirib. 

Əvvəldə dediyim kimi, heç bir yemək xalqın həyatında təsadüfən yaranmır. Xəngəl zövqdən, zənginlikdən çox, qarın doyurmağa, aclığı yatırmağa hesablanıb. Maksimum 5 manatlıq xərclə böyük bir ailənin qarnını doyuran yemək heç bir formada rifahdan, xoşhallıqdan xəbər verə bilməz. Hazırkı xəngəl görməmişliyinin səbəbi də məhz, doymaq istəyidir. Acından belə eləyirlər...

Dolma haqqında ağı

Azərbaycanda keçirilən dolma festivalında qalib İndoneziya oldu. Yəni, yarpağa ət bükmək adəti bir çox millətlərdə var, eləcə də bizdə. Buna görə mübahisə eləmək vaxt itkisidir. Yaxşı mətbəxi ilə fəxr etmək üçün əvvəlcə millət özünü dünyaya vacib olduğunu sübut etməlidir. Mətbəxlə, adət-ənənə ilə fəxr etmək üçün dünya üçün vacib dövlətin vətəndaşı olmaq bəs edir. Sən dünyaya maraqlısansa, hər şeyinlə maraqlı olacaqsan. 

Almanlar bu sahədə bəxtəvərdir. Mətbəxləri o qədər kasaddır ki, sosisə heykəl qoyurlar. Ət soyutması, ət qaxacından başqa dişə dəyəsi nələrisə yoxdur. Mətbəxin yerinə yüksək infrastrukturlu şəhərləri, təmiz küçələri, normal ictimai nəqliyyatı var. Almanlar praqmatikliyə meyillidirlər, 1 yemək üçün 5 saat plitə qabağında dayanmaqda yox. Almanların üstündə qan töküləsi mətbəxləri yoxdur. Bu səbəbdəndir ki, təhsilin inkişafı ağız sulandırır. Berlinli tələbə soyutma yumurtasını yeyin, yüksək səviyyəli təhsil almaq üçün hər səhər evindən çıxır. 

Ölkənin yarısı diabet və kardioloji xəstədir. Mətbəximiz isə ətdən və yağdan ibarətdir. Heyvani yağların zərərli olmağı haqqında danışan həkimə qazana atdığımız iç piyi və quyruğu göstərsək, özü ikitərəfli infarkt keçirər.

Mətbəximizdə sulu yemək azdır. Quru xörəkdən əvvəl sulunun süfrəyə verilməsi adəti yoxdur. Bizdə qonağın qabağına sup qoysaq, bir də evimizə gəlməz. Odur ki, qastroenterelogiya kabinetlərinin ağzında həmişə növbədir.

Mətbəximizin tayı yoxdur, mükəmməldir, bizim yeməklərdən heç yerdə yoxdur nağıllarından azad olun. Var! Dəfələrlə gözəl mətbəxi olan xalqlar var. Onlar belə şeylərə sevinib, bayram eləmirlər. Olanı yedirtməyə çalışırlar. Bəyənən, bəyənər... Bəyənməyənin də gözünü çıxarmağa ehtiyac yoxdur.

Mətbəxlə fəxr etmək istəyi, komplekslərindən azad olmaq lazımdır. Daha vacib işlərimiz var. Məsələn, yaxşı texnoloq, dequstator yetişdirən universitetlərə. Bu ixtisaslar çoxdan haqqın dərgahına qovuşub. Düyüdən 80 cür aş süzən Tahir Əmiraslanovla Azərbaycan mətbəxi uzaqbaşı qadın proqramının tamaşaçılarına tanınacaq.

P.S: Əsas yemək deyil, əsas necə yeməkdir.

Günay Arda
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR