Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Yarım saat efirdə olmaq..." - FOTO

"Yarım saat efirdə olmaq..." - FOTO

Date: 21 October 2016 22:32

"Xaricdə bəzən rejissor öz qəhrəmanını küçədən tapır, bizimkilər isə öz qohum-əqrəbalarına üstünlük verirlər" 

Milli.Az kaspi.az-a istinadən aktyor, parodiyaçı, aparıcı Elcan Rəsulovla müsahibəni təqdim edir.

Müsahibimiz son dönəmlər film və serial aləminin tanınmış siması olan aktyor, parodiyaçı, aparıcı Elcan Rəsulovdur. O, bizimlə söhbətində bir çox məsələlərə toxundu.

Özünü şou-biznes nümayəndəsi hesab etməyən E.Rəsulov sadəliyin hər zaman insanlara gözəllik bəxş etdiyini deyir. 
 
- Elcan bəy, istərdik, son dönəmlər ən çox sevilən filmlər sırasında yer alan "Oğlan evi" haqqında danışaq. Necə oldu ki, iranlı bir obraz yaratmaq təklifi aldınız?

- Çalışdığım Bakı Estrada Teatrının yaradıcı heyəti ilə birlikdə kanalların birində çəkilişimiz var idi. Səhnəciklərin içərisində tiblə bağlı veriliş də yer almışdı.  Fikirləşdim ki, o səhnəcikdə iranlı həkim obrazını canlandırım. Bildiyiniz kimi, insanlarımız bir az İran təbabətinə meyillidir. Bu səhnəciyi "Youtube" sosial şəbəkəsində yerləşdirdilər. Prodüser, rejissor İlham Qasımov bu videonu izlədikdən sonra mənimlə görüşdü və bildirdi ki, "Oğlan evi" adlı belə bir film çəkmək istəyir. Məni də belə bir obrazda görür. Mən də təklifini qəbul etdim. 
 
- Bildiyimiz qədər ilə, "Oğlan evi-2" çəkilir.

- Elədir. Artıq çəkilişlər yekunlaşıb. Dekabrın sonlarına yaxın film kinoteatrlarda yer alacaq. Birinci hissənin adı "Azərbaycan sayağı  qarət" idi. İkinci hissənin isə "Oğlan evi-2. Hekayəti baba quldurbasan"-dır.
 
- Bəs filmin ikinci hissəsində nə kimi hadisələr cərəyan edəcək?

- Filmin birinci hissəsində hadisələr ev üzərində cərəyan edirdi. İkinci hissəsində isə maşın oğurluğu ilə bağlı olacaq. Bir-birinə yaxın bir mövzudur. Bu dəfə filmin keyfiyyətinə daha çox üstünlük verildi. DJ Fateh bizə bildirdi ki, əgər ikinci hissə birinci filmdən keyfiyyətcə aşağı olsa, onu kinoteatrlarda verməyəcəyik. Baxmayaraq ki bu filmə kifayət qədər büdcə xərclənib. 
 
- Bir aktyor kimi həmin filmə özünüzdən əlavələr etmişdinizmi?

- Əslində obrazımın davamlı olaraq filmdə yer almasının özü bir əlavə idi. Canlandırdığım elə bir obraz idi ki, nə rejissor, nə də ssenarist demədilər ki, bunu düz demədin və yaxud da ki, bunu əyri etdin. İranlı obrazını canlandırmaq üçün İran futbollarına baxırdım ki, oradakı ləhcəni götürüm. Və həmin verilişlərin sayəsində Cənubi Azərbaycan ləhcəsi beynimə yansımışdı. Cənubi azərbaycanlı tanışlarla ünsiyyətdə olurdum ki, onlardan da nəsə öyrənim. Ancaq fikir versəniz, görərsiniz ki, filmdə tam da cənubi azərbaycanlılar kimi danışmamışam. Onu əsas gətirmişəm ki, aktyor çoxdan buradadır, artıq Azərbaycan dilini mənimsəyib. 
 
- 5 aya yaxındır ki, ATV-də yayımlanan "Ər və arvad" sitkomuna da çəkilirsiniz. Həmin sitkomun türklərdən götürüldüyü iddia edilir.

- Bu, lisenziyalı bir layihədir. Ssenarimiz Türkiyədən gəlir, biz sadəcə onu redaktə edirik. Hal-hazırda rejissorumuz Aqil M.Quliyev Türkiyədədir. Bu işlərlə məşğuldur. Bu layihə Kanada, Fransa, Rusiya, Türkiyə və Azərbaycanda mövcuddur. İstəyirik ki, gələn il türklərin "Erkek və kadın" layihəsi ilə bərabər bir seriya çəkək. Ya da onlar gəlib burada çəkilsinlər. Tamaşaçılar daha əmin olsunlar ki, bizim özümüzün də xəbərimiz var, nə işlə məşğuluq. 
 
- Bu sitkomda siz Azərbaycan kişilərini bir növ onlara təqdim edirsiniz. Bəzən qısqanc, bəzən komik, zarafatcıl, ciddi, əyləncəli...

- Yarım saat efirdə olmaq, insanlara yumor təqdim etmək çox çətin bir şeydir. Əslində efirdə tək bir obrazı yaratmaq daha asandır. Bir də var ki, hər həftə müxtəlif xarakterli bir insanı oynayasan. Sitkomda bir nəfər kişi var. Məcbursan ki, həm pul yığan, qazanan, yemək bişirən, işgüzar kişini canlandırasan. 
 
- Bəs bu sitkoma necə, özünüzdən nələrisə əlavə etmisinizmi?

- Əlbəttə, elə serialda "sonuncu zərbələrin" 80 faizi mənə məxsusdur. Mən bir az ssenariyə uyğunlaşan aktyor deyiləm. Ssenarini götürüb əzbərləyib, oynayan aktyora xoşbəxt aktyor kimi baxıram. Ssenari ilə tanış oluram, ancaq onu əzbərləyə bilmirəm. Ssenariyə baxıram və orada baş verənləri yerində təqdim edirəm. 
 
- Elcan bəy, uzun müddət efirdə olmadınız. Yəqin ki, bu müddət ərzində dostunuzu və düşməninizi tanıma imkanı əldə etdiniz...

- Əlbəttə, hətta elə bir vəziyyətə düşdüm ki, bu sahədən uzaqlaşmaq qərarına gəlmişdim. Hər şeyə nifrət edirdim. Efirdə olmadığım müddətdə təkliflər gəlirdi, heç birini qəbul etmirdim.
 
- Səbəb nə idi?

- Birdən-birə telekanaldan uzaqlaşdım və dost-tanışlarımın sayı azaldı, hətta sıfır dərəcəsinə düşdü. Hansı ki, mən gündəlik olaraq onlarla danışır, zəng əlindən yata bilmirdim, evə gecə saat 5-də gəlirdim. Ancaq bekar olandan sonra onların hamısını tanıdım. Düşünürdüm ki, bundan sonra başqa sahədə çalışacağam, imkan əldə edib "dostlar"ıma Elcanın kim olduğunu sübut edəcəyəm.

- Şou-biznes nümayəndələri də sizinlə əlaqə saxlamadı?

- Mənim şou-biznes nümayəndələri ilə nə münasibətim, nə də dostluğum var. Onların salam verdiyi formada salamı alıb, geri qaytarıram. Hesab edirəm ki, şou-biznes nümayəndələrinin əksəriyyəti sünidir. Bir obraz yaradırlar və həmin obrazı yaşamağa çalışırlar. Mən belə insan deyiləm, sadə insanların içərisindən çıxmışam. Sadə insanlarla ünsiyyət qururam. Özümü şou-biznes insanı hesab etmirəm. Baxmayaraq ki, mənim tanınma və sevilmə dərəcəm onlardan da yüksəkdir. Hər gün ora-bura pul xərcləyirlər ki, tanınsınlar, mahnıları tutsun, seriala çəkilsinlər. Bizim xarakterlərimiz fərqlidir. Düzgünlüyü sevən insanam. Söz verdinsə, ona əməl etməlisən. Şou-biznes nümayəndələri söz verdiyi tədbirlərə gələ bilməməyi normal qarşılayırlar. Ancaq mən söz verdimsə, onun məsuliyyətini daşıyıram. 
 
- Həmin dostlarınızla indi münasibət saxlayırsınızmı?

- İndi çox adamla münasibət saxlamıram, hər kəslə özüm arasında sərhəd qoyuram. Ürəyim kimi istəyirsə, o insanlarla münasibət qururam. O "dostlarım" "qardaşım" sözünü elə deyirlər ki, adam öz doğma qardaşına etibar etməyib onlara inanmaq istəyir. Onlar pul, şöhrət qazanmaq istəyən insanlardır. Nə pulun, nə də şöhrətin dalınca qaçmıram. 
 
- Qeyd etdiniz ki, başqa bir sahəyə getmək istəyirdiniz? Necə oldu ki, yenidən bu sahəyə qayıtdınız?

- Başqa işlərlə məşğul olurdum. Borcum çox idi, biznesdə batırmışdım, evin böyük övladıyam, çətinliklərim günü-gündən artırdı. Belə ki, atam dünyasını dəyişmişdi, ailəyə mən baxmalı idim, bacımın toyu olmalı idi, qardaşım uşaq idi, işdən çıxmışdım. Maşınımı satdım. Yaxşı dostlar sağ olsunlar, mənə çox kömək etdilər. O dostlarımın birinin xeyir işində rejissor Vüqar Əbilov mənə yaxınlaşıb Bakı Estrada Teatrında işləməyi təklif etdi. Mən də dedim ki, əgər məni sıxmayacaqsansa, teatr səhnəsinə çıxmaq istəyərəm. Gəldim, bir neçə tamaşaya baxdım və həmin səhnədə yer aldım. Sonra sıfırdan addım-addım qalxmağa başladım. 
 
- Nə üçün seriallarda sizi görmürük?

- Nə zaman keyfiyyətli film olarsa, o zaman çəkiləcəyəm. Mən bu işin içindəyəm, görürəm ki, burda keyfiyyət var, yoxsa yoxdur. Əgər keyfiyyətli bir serial çəkilərsə, məni çağırmasalar belə, özüm müraciət edərəm. Onları da qınamıram. Hansı sponsor serialın bir seriyasına 50 min pul verər? Bizdə serialın büdcəsi çox azdır. Allah onların işlərini avand etsin. Mən ancaq onlara kömək edə bilərəm. Hərənin öz kaprizi var, hərə bir səhv axtarır. "Oğlan evi" filmindən sonra bir müddət boş qaldım. 30-a yaxın film təklifi aldım, hətta baş rol təklifi də var idi. Ancaq onların uğuruna inanmadığım üçün getmirdim. Mən heç ucuz qiymətə də çəkilmirəm. Sıfırlanıb təzədən bu sahəyə qayıdan insan üçün bu çox çətindir. Mənim bugünkü qiymətlərim ən baha qiymətlərdən biridir. Buna görə də bir çox prodakşnlarla razılaşa bilmirik.

"Oğlan evi" ilə paralel bir filmə çəkilirdim. Həmin filmdə çox hörmətli bir xalq artisti də oynayırdı. Xalq artistinə yaxınlaşıb üzrxahlıq etdim və bildirdim ki, mən sizdən yaşca çox balacayam, sizə deməyim düzgün deyil, ancaq bu obrazı belə oynasanız, daha yaxşı olar. Mənim bu fikrimi çox müsbət qarşıladı. Dedi ki, mən yaxşı-pisi ayıran adamam, sən bunu mənim üçün edirsən. O gündən sonra harada nə edirəmsə, hətta balaca uşağın da fikrini öyrənirəm. 
 
- Biz tənqidə çox meyilli bir xalqıq...

- Əslində bu çox yaxşı bir xüsusiyyətdir. Gör indi bizim yetişdirdiyimiz insanlar dünyada nələr edəcəklər. Misal üçün, mən aktyoram. Xalq məni tənqid edə-edə yetişdirir. Mən sabah dünya arenasına çıxanda, artıq bütün tənqidləri görmüş bir insan kimi orada özümü sübut edəcəyəm. Bir amerikalı üçün hazır bir material olacağam. Ancaq bu o demək deyil ki, tənqidlə təhqiri səhv salmalıdırlar. Təhqiri qəbul etmirəm. Hətta təhqir edənləri döymək dərəcəsinə belə gəlib çatıram. Sosial şəbəkələrdə danışığını bilməyən, təhqir edən birini tapıb məsələni yoluna qoyuram. Çünki mən onun fikirləşdiyi şou-biznes nümayəndəsi deyiləm ki, təhqir edib, özünü reklam etsin. Kişi kimi danışmağı xoşlayıram. Tənqidi qəbul edirəm, nəticə çıxarmağa çalışıram. Səhvlərimi düzəltməyə cəhd göstərirəm. Cəmiyyətin istədiyi bir insan olmaq üçün özümü formalaşdırıram. Məcburən onların evlərinin qonağına çevrilirəmsə, onların istəklərinə uyğun hərəkət etməliyəm. 
 
- Köklüyünüz sizin üçün hər hansı bir işdə tramplin rolunu oynayıbmı?

- Xeyr, çəkildiyim layihələrdə mənə arıqlamağı məsləhət biliblər. İndiyə qədər kök olduğuma görə heç bir layihəyə dəvət olunmamışam.
 
- Sizi həm də parodiyaçı kimi tanıyırıq. Parodiya ustası kimi hər hansı bir layihədə görəcəyikmi?

- Bir veriliş var, məhz parodiya üzərində qurulub. Ancaq vaxtım olmadığı üçün o layihədə iştirak edə bilmirəm. Mən parodiyaya iş kimi baxmıram. Mənə elə gəlir ki, onu hamı bacarar. Parodiya iş deyil. Aktyor bunu bacarmalıdır. 
 
- Bəs aparıcılıq təklifləri necə?

- Aparıcılıq təklifi gəlmişdi. Özü də istədiyim veriliş idi. Şəxsi kaprizimə görə o layihədə yer almadım.
 
- Nəyi bəyənmədiniz?

- Kastinqləri bəyənmirəm. Misal üçün, film çəkirlər, deyirlər ki, gəlin bizim kastinqlərdə iştirak edin. Mən tələbə vaxtı da kastinqlərə getməmişəm. Mənim nəyimi kastinq edirsiniz ki? Elə sual verirlər ki, filan obrazı yarada bilərsinizmi? Bilirsiniz ki, mənim işim obraz yaratmaqdır. Bizim rejissorların əsas problemi budur. Deyirlər ki, bilmirəm, oynaya bilər, yoxsa oynaya bilməz. Rejissor hadisəni danışan adamdır. Mən onun hadisəsinin qəhrəmanına oxşayıramsa, pis də, yaxşı da olsa mənəm. Xaricdə bəzən rejissor öz qəhrəmanını küçədən gedən bir adamda görür, gətirib filmə çəkir. Bizimkilər də gedib, öz qohum-əqrəbasını gətirir. 
 
- "Ər və arvad" serialına baxanda gülürsünüzmü?

- Əslində melodrama janrlı seriallarımıza baxanda adamı gülmək tutur. Bir dəfə boş vaxtımda seriallara baxırdım. Elə ciddi seriallara güldüm ki, heç "Ər və arvad" o qədər gülməli deyildi. 
 
- Rejissorlarımız bəzən komedik obrazda tanınan bir aktyoru drama çəkməkdən ehtiyat edir.

- Bizim rejissorlar qorxurlar, deyirlər ki, birdən tamaşaçı qəbul etməz. Halbuki, elə bir obraz canlandıraram ki, tamaşaçı məni tanımaz.
 
- Elə iranlı obrazınızda da heç kim sizi tanımamışdı.

- Elədir. Kinoteatra gedəndə hər kəs mənim canlandırdığım obrazdan danışırdı, ancaq bilmirdi ki, o mənəm. Bu çox sevindirici haldır. Əslində, bu bizim işimizdir. Biz bunu etməliyik. 

Milli.Az









Tags:  Yarım saat efirdə olmaq FOTO

RƏYLƏR


Top news