"İnsan psixologiyası qadağaya tabedir"

"İnsan psixologiyası qadağaya tabedir"
23:05 21 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekspertlər bəzi əmtəələrin reklamının qadağan olunmasının müsbət nəticə verəcəyini düşünürlər 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Nazirlər Kabineti "Reklamı qadağan olunan əmtəələrin Siyahısı"nı təsdiq edib.

Trend-in məlumatına görə, "Reklamı qadağan olunan əmtəələrin Siyahısı"na 15 növ əmtəə daxildir. Belə ki, bu siyahıya  sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış əmtəələr, məhsulların istehsalına (satışına) lisenziya tələb olunan, lakin barəsində belə lisenziya verilməyən əmtəələr, həkim resepti əsasında buraxılan dərman vasitələri, dopinq vasitələri, istifadəsinə (tətbiqinə) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən icazə verilməmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları, o cümlədən hipnoz seansları, kontaktsız, psixi və ya bioenergetik təsirə əsaslanan müalicə metodları, hamiləliyin süni yolla pozulması üzrə tibbi xidmətlər, süni mayalanma üzrə tibbi xidmətlər, tütün, tütün məmulatları və onların ləvazimatları, o cümlədən tənbəki çubuqları, qəlyanlar, elektron siqaretlər, siqaret kağızları, alışqanlar, satışa çıxarılması barədə qərar qəbul edilməmiş qiymətli kağızlar, keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyalar və qeydiyyata alınmamış digər lotereyalar,  Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən tanınmamış və idman növlərinin dövlət reyestrinə daxil edilməmiş idman növləri, qumar oyunları, pornoqrafiya, "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əmtəələr, "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əmtəələr daxildir. 

Lakin yuxarıda qeyd etdiyimiz siyahıya daxil olan bəzi əmtəələr var ki, onların həm şəhərin küçələrində, həm də müxtəlif sosial şəbəkələrdə kifayət qədər reklamı gedir. Bəs görəsən bu qadağalar nəyi dəyişəcək? Bu kimi amillərə diqqət yetiriləcəkmi? 

Professor Adil Qeybulla deyir ki, hamiləliyin süni yolla sonlandırılması məsələsi hələ sovet dövründən qadağan olunub: "Tibbi göstəriş olmadan aparılan abortlar cinayət hesab olunur. Əslində sovet dövründə də gizli yolla həmin abortlar həyata keçirilib. Bu isə onu göstərir ki, bu kimi inzibati qadağaların heç bir faydası yoxdur. Hesab edirəm ki, hamiləliyin süni yolla pozulması vətəndaşın öz ixtiyarına buraxılmalıdır. Bu məsələni təqib etmək, fikrimcə, düzgün deyil və nəticə də vermir. Lakin süni mayalanma məsələsi nəzarətdə olmalıdır deyə düşünürəm.  Çünki bu, millətin genofondu ilə bağlı bir məsələdir. Bu, həmçinin özlüyündə  hüquqi xarakter də daşıyır.  Bu  kimi məsələdə ər və arvadın birgə məlumatlı olmadan prosesin hansısa bir formatda aparılması əslində cinayət mahiyyəti daşıyır. Bununla bağlı hər hansı bir qadağa mexanizminin olması fikri ilə mən də razıyam. Hətta hesab edirəm ki,  bu kimi hallar zamanı  hətta məsuliyyət nəzərdə tutulmalıdır. Həmçinin qeyd edim ki, həkimlər də bu qaydaları mütləq nəzərə almalıdır. Dünyanın hər yerində həkim etikası məcəlləsi var. Adını çəkdiyim  məsəllədə bu tipli məsələlər öz hüquqi həllini tapıb. Biz isə bütün məsələləri Hippokrat andının öhdəsinə buraxırıq. Bu and sovet vaxtından bəri ideologiyalaşmış bir anddır və onun heç bir hüquqi qüvvəsi yoxdur". 

A.Qeybulla dəyişikliklərin hər hansı müsbət nəticə verib-verməməsi barədə də söz açdı. O deyir ki, bu, insanın arzusundan asılıdır: "Süni mayalanma məsələsinə gəldikə isə, bu, gələcəkdə müxtəlif münaqişələrə səbəb ola bilər. Genofonda nəzarət məsələsinə maneə törədə bilər və real vəziyyyətin araşdırılmasına imkan verməyə bilər. Buna ciddi nəzarətin və  hüquqi mexanizmlərin tətbiq edilməsinə çox ciddi ehtiyac var". 

A.Qeybulla dünya təcrübəsindən misal göstərdi: "Hər bir ölkədə bu kimi məsələlərə münasibət fərqlidir. Müharibə aparan ölkələrdə populyasiya və demoqrafik vəziyyətin normallaşması istiqamətində hökumət hansısa cari qərarlar və tədbirlər qəbul edə bilər. Amma azad ölkələrdə bu məsələlər sərbəst buraxılır. Hesab edirəm ki, problemin həlli üçün daha çox sanitariya maarifinə ehtiyac var. Bəzən abortlar sonsuzluğa gətirib çıxara bilir. Bu kimi məsələlərlə bağlı  insanlar maarifləndirilməlidir.  Sosial şəbəkələrdə indi çox şey sürətlə yayılır. Hətta orqan satışı ilə bağlı da reklamlar gedir. Halbuki qan qohumluğu olmayan birinə orqan satışı qadağandır. Amma sosial şəbəkədə böyrəyini satan kim, ciyərini satan kim. Bu cür elanlar var. Əgər konkret olaraq ciddi nəzarət olacaqsa, bu məsələyə də ciddi yanaşılmaldır. Fikrimcə, həmin elanlarla  bağlı izlənilmə aparıla bilər. Lakin elan üzrə görüşlər, hansısa prosedurun həyata keçirilməsinə təəssüf ki, nəzarət etmək olmur. Çünki insanlar bunu gizli həyata keçirir. Düşünürəm ki, hüquqi nəzarət və məsuliyyət güclü olarsa, insanlar buna əməl edə bilər". 

Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli də qadağaların tərəfdarıdır. O deyir ki, reklamlar üzərində xüsusi nəzarət mexanizmi qurulmalıdır: "İstər tütün məmulatları, istər kimyəvi tərkibli dərmanlar, istərsə də heç bir ziyanı olmadığı söylənilən qəlyanın reklamlarına mütləq nəzarət edilməldir. Elə istehlak malları var ki, onların kütləvi şəkildə reklam olunması ciddi fəsadlar törədə bilər. Burada söhbət müxtəlif xəstəliklərin yaranması, zərərli vərdişlərə aludəçilikdən gedir. O cümlədən bu siyahıya qəlyan, siqaret və digər tütün məmulatlarını da aid etmək olar. Əgər tütün məmulatları, o cümlədən də qəlyanların reklamları gedirsə, bu işlə məşğul olan şirkət məsuliyyətə cəlb edilməlidir. Əgər küçədə olan insanlara, nəqliyyat vasitələrinin sürücülərinə hansısa kafedə, yaxud restoranda müxtəlif çeşidli qəlyanların olmasına dair kiçik bukletlər paylanılırsa, hətta bunun üçün də cərimə tətbiq olunmalıdır. Həmin şəxslər fərdi qaydada cərimə olunmalıdır". 

Ekspert deyir ki, insan psixologiyası özünü qadağalara daha çox tabe etdirir: "Əslində cəmiyyətin idarə olunmasında müəyyən sanksiyaların, qadağaların, cərimələrin tətbiqi müsbət dəyişikliklərə səbəb olur. Təxminən 5 il bundan öncəyə qədər nəqliyyat vasitələrini idarə edən şəxslərin kəmər taxması faizi ilə indikini müqayisə etsək, görərik ki, 90 faiz artım var. Həmçinin müşahidələr göstərir ki, indi artıq piyada keçidlərindən əvvələ nisbətən daha çox istifadə edilir. Bütün bunlar qadağa və cərimələr nəticəsində əldə olunub. Dünyanın hər yerində cəmiyyət qanunvericilik aktları ilə idarə olunur. Bir çox hallarda problemin həlli yolu qadağadan keçir". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481705.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR