Bakıda xaricdən gələn pulları almaq asanlaşacaq - amma bir şərtlə...

Bakıda xaricdən gələn pulları almaq asanlaşacaq - amma bir şərtlə...
09:22 22 Oktyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda qrantların verilməsi proseduru daha da sadələşdi, asanlaşdı. Belə ki, "Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqi haqqında" fərman imzalanıb.

Sənəddə bildirilir ki, 2017-ci ilin yanvarın 1-dən etibarən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipi tətbiq ediləcək.

Xarici donorlar tərəfindən Azərbaycanda qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipi üzrə əlaqələndirici dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə olunub.

Nazirlər Kabineti də qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi prosedurunun sadələşdirilməsini, o cümlədən onun həm xarici donor, həm də resipiyentin müraciəti əsasında həyata keçirilməsini təmin etməlidir.

Ölkədəki müvafiq normativ aktlar və qanunlar yaxın iki ay ərzində fərmanın tələblərinə uyğunlaşdırılmalıdır.

Fərmanda əsas məqsəd Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini dəstəkləmək, xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunun asanlaşdırılmasını, habelə bu sahədə şəffaflığı və ayrılan maliyyə vəsaitlərinin məqsədyönlü istiqamətləndirilməsini təmin etməkdir.

Beləliklə, hər şey maksimum dərəcədə sadələşir. Xarici təşkilatlardan və ya fondlardan qrant almaq istəyən qurumlar üçün koordinasiya strukturu rolunu İqtisadiyyat Nazirliyi oynayacaqsa, qrant əldə etmək istəyən dini təşkilatlar və icmalar QMİ-yə, qeyri-kommersiya təşkilatları və fiziki şəxslər isə Ədliyyə Nazirliyinə üz tutmalıdırlar.

Hazırda hər hansı layihəsi üçün xaricdən qrant almaq istəyən yerli struktur çox ciddi çətinliklərlə, bürokratik maneələrlə qarşılaşıb.

Qeyri-hökumət təşkilatlarının mənsublarının dediklərinə görə, tələb olunan sənədlərin sayı o qədər artıb ki, bəzi layihələrdən ümumiyyətlə əl çəkiblər və ya belə layihələri reallaşdırmaq istəmirlər.

Səbəb isə həmin layihə üçün gərəkli qrantı, xüsusilə də xarici fondlardan birindən maliyyəni əldə etməkdən sonrakı mərhələ, yəni zəruri sənədlərin toplanmasıdır.

Kimsə üçün sirr deyil ki, Azərbaycanda yerli QHT-lərin, dini strukturların, habelə fiziki şəxslərin xarici təşkilatlardan qrant qismində maliyyə vəsaiti almaları əvvəlki dövrlərlə müqayisədə xeyli çətinləşib.

Daha dəqiq olsaq, dövlət bir zamanlar dərəni xəlvət sayıb özlərini bəy bilən QHT "yırtıcı"larının ilk baxışdan xaotik təsir bağışlayan, amma şəxsi maraqlara və korporativ mənafelərə hesablanmış fəaliyyətinin qarşısını alıb.

Xarici təşkilatlardan qrantlar vasitəsilə maliyyə əldə etmək Azərbaycanda bir sıra müxalifət partiyalarının da əsas gəlir mənbələrindən birinə çevrilmişdi. Belə partiyalar arasında AXCP xüsusi yer tutursa, Müsavat da ondan geri qalmırdı.

Azərbaycan qanunvericiliyi ölkədəki siyasi partiyalara xaricdən maliyyə dəstəyi almağı yasaqladığından əvvəlcə AXCP və Müsavat, sonra da bu duetə qatılan "Milli Şura" adlı kvazistruktur de-yure qanunu pozmurdular: onların heç biri aşkar, birbaşa şəkildə xarici qrantlar əldə etmirdi.

Lakin bu təşkilatlar müxtəlif formatda nəzarətdə saxladıqları qeyri-hökumət təşkilatları vasitəsiə həmin qrantları əldə edirdilər. Xarici təşkilatlar arasında Azərbaycanın mövcud hakimiyyətinə qarşı antoqonist mövqe tutan qurumlar və fondlar da bu sxemi çözsələr də, ölkə müxalifətinin aqressiv, neobolşevik qismini siyasi ölümdən və tam məhvdən qurtarmaq üçün maliyyələşdirmənin belə variantı ilə razılaşmışdılar.

Sxemlər fərqli variasiyalarda olsalar da, bəsit və primitivdilər.

Məsələn, şərti adı "Azərbaycanın Aran rayonlarında ahıl vətəndaşların sosiokültür durumlarının araşdırılması və onların informasiya texnologiyaları ilə bağlı məlumatlandırılması", ya da "Dağlıq rayonların sakinləri arasında bələdiyyələrin fəaliyyəti ilə bağlı sorğu-monitorinqlərin keçirilməsi" olan layihələr vasitəsilə Avropa İttifaqı ölkələrində, ABŞ-da olan çoxsaylı təşkilat və fondlardan qrantlar qismində külli miqdarda vəsait alınırdı.

Həmin pullar bank hesablarına yatırılır, sonra da yalnız kağız üzərindəki fəaliyyətə görə "silinir", nağdlaşdırılır və siyasi partiyaların rəhbərlərinə təqdim olunurdu.

Bu fırıldaqdı. Fırıldaqdan xaricdəki fondlar xəbərdar olsalar da "Azərbaycanda demokratiyanın dəstəklənməsi" adı ilə, yəni ölkə hakimiyyətinə qarşı aşkar təxribatçılıq və pozuculuq fəaliyyəti üçün pullar ayırmağa davam edirdilər.

Postovet məkanındakı bir sıra ölkələrlə yanaşı, Şərqi Avropa, Yaxın Şərq və Şimali Afrikada sınanmış, özünü doğrultmuş taktikanı Azərbaycana tətbiq edərək xalqın "dəstəyi"ndən danışan, amma keçirdikləri mitinqlərə cüzi sayda adam toplaya bilən AXCP və Müsavat təki ayaq üstə çırpınan zəif orqanizmi xatırladan, siyasi illeterasiya baxımından çoxdan potensialını itirən, zaman keçdikcə zəifliklərini pərdələmək üçün aqressivləşən strukturların siyasi şanslarını artırmağa çalışan xarici fondlar məhz belə qrant yönəltmək sxemlərindən yararlanaraq "demokratiyaya dəstək"lə məşğuldular.

Xaricdən qrant almağa yönəlmiş layihələr arasında "insan haqlarının təminatı" səpkili proqramlarla mifik "siyasi məhbuslar"ın siyahılarının hazırlanması layihələri xüsusi yer tuturdu.

Özlərini az qala qədim Troyanın sirlərini əyan etməyə çalışan məşhur arxeoloq Henrix Şlimanla "Eniqma" şifrələyci maşının kodlarını sındırmağa çalışan Mİ-5 analitiklərinin üzvi sintezinin məhsulu saymağa başlamış bəzi "hüquq müdafiəçi"lərimiz üçünsə belə model hər baxımdan sərfəli varianta çevrilmişdi.

Leyla və Arif Yunuslar "siyasi məhbus" ovunda idilərsə, "Emin Hüseynov və Co." media hüquqlarını mütləq kimdənsə qorumaqla məşğuldular.

Fəqət, sonradan, yoxlamalar və təftişlər aparılandan, cinayət işləri açılandan sonra bəlli oldu ki, heç də belə deyilmiş: həmin adamlar üçün haqq, hüquq, mübarizə və müqavimət təki sözlər sadəcə, şirma rolunu oynayırmış: məqsəd fərqli, məram başqa idi.

Məhz bu səbəbdən ölkədəki qeyri-hökumət təşkilatlarının, yəni Qərbin siyasi lüğətində NGO (Non-governmental organization) adlanan strukturların xaricdən qrantlar vasitəsilə maliyyələşdirilməsi prosedurlarının sərtləşdirilməsi və nəzarətin gücləndirilməsi ilkin mərhələ idisə, ölkədə normal fəaliyyət göstərən, siyasi destruksiya ilə məşğul olmayan, cəmiyyətin və dövlətin inkişafına yönəlmiş layihələri reallaşdırmaq istəyən, vətəndaşların maraqlarının və hüquqlarının təminatına yönələn proqramları gerçəkləşdirməyə can atanların qrant alması üçün maneələrin azaldılması sonrakı mərhələ idi.

Bəhs etdiyimiz fərman həmin ikinci mərhələdir və real iş görüb ölkənin maraqlarına xidmət edənlərin işini asanlaşdırır.

Xaricdən qrant alınması indi "bir pəncərə" sistemidir.

O pəncərə ki, Azərbaycandan Qərbə açılan əməkdaşlıq və tərəfdaşlıq pəncərəsidir.

Orxan Hun
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/481977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR