İlin sonuna dolların məzənnəsi nə qədər yüksələcək? -HESABAT

İlin sonuna dolların məzənnəsi nə qədər yüksələcək? -HESABAT
14:03 22 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Yola saldığımız həftə dünyanın ikinci ən böyük iqtisadiyyatı Çində ABŞ dollarının məzənnəsi 6,7611 CNY/USD səviyyəsinə kimi geriləyərək son 6 ilin minimal həddinə endi. Bu, dolların qlobal valyuta bazarında möhkəmlənməsi və Çin hökumətində ixracın azalması səbəbindən yuanın ucuzlaşmasına icazə verəcəyinə dair siqnalların gəlməsi ilə bağlı oldu.

Qeyd edək ki, Çində dolların məzənnəsi 3 həftədir yüksəlir. "Bloomberg"in analitikləri bu məzənnənin 6,75 CNY/USD-yə yalnız 2016-cı ilin sonunda çatacağını proqnozlaşdırsalar da, ilin sonuna iki aydan çox vaxt qalmış məzənnə artıq proqnozu ötüb.

"Commonwealth Bank of Australia"nın valyuta treyderi Endi Ji (Andy Ji) hesab edir ki, dolların möhkəmlənməsi prosesinin davam etməsi yuana təzyiqləri artırır: "Çin Mərkəzi Bankı isə dollarla mübarizə aparmayacaq və yuanın ucuzlaşmasına imkan verəcək".

Dünya Bankı (DB) "Xammal bazarlarının monitorinq Hesabatı"nı da açıqladı. Bank xam neft qiymətlərinin 2017-ci il üçün proqnozunu OPEC-in hasilatı azaltmağa hazırlaşması səbəbi ilə 53 dollardan 55 dollar/barelə qədər artırdı. Rübdə bir dəfə hazırlanan hesabatda xammal qiymətlərinin 2017-ci ildə tələbin artması və təklifin azalması ilə bir qədər yüksələcəyi ehtimalı qeyd olunur. Sənəddə xam neft, təbii qaz və kömür qiymətlərinin 2017-ci ildə 25% arta biləcəyi vurğulanıb. Hesabatı hazırlayan DB-nin iqtisadçılarından biri olan Con Baffes (John Baffes) bildirib ki, gələn il enerji daşıyıcılarının qiymətində önəmli artım proqnozlaşdırılır: "Lakin OPEC-in Vyana sammitində əldə olunacaq razılaşmanın detalları müəyyən edilənə qədər təmkinli olmağa davam edirik".

Hesabatda metal qiymətlərinin 2017-ci ildə orta hesabla 4,1% artacağı, qızılın isə ABŞ-da uçot dərəcəsinin artması nəticəsində ucuzlaşacağı gözlənilir. Qızılın qiymətinin bu il 1250 dollar/unsiya, 2017-ci ildə isə 1219 dollar/unsiya olacağı proqnozlaşdırılır. Tarla məhsullarının gələn il orta hesabla 1,4% bahalaşacağı, ən çox artımın isə taxılda (2,9%) olacağı qeyd olunur.

FED-in ilin sonuna doğru faiz artımına gedib-getməyəcəyi də sual doğurur. Qrumun Nyu-York şöbəsinin rəhbəri Ulyam Dudley hesab edir ki, iqtisadiyyatın hazırkı templə davam edəcəyi halda FED ilin sonuna doğru faiz artımına gedəcək. FOMC-da səsvermə hüququna malik olan Dadli hazırda 0,25-0,50 faiz intervalında olan faiz nisbətinin 0,25 bənd artırılmasına dair "Şişirdiləcək bir şey deyil" ifadəsindən istifadə edib

ABŞ Mərkəzi Bankının Dallas şöbəsinin sədri Robert Kaplan isə ölkə iqtisadiyyatının "həddən artıq qızdığına" dair hər hansı bir işarə görmədiyini bildirib. Onun sözlərinə görə, FED çoxmərhələli və diqqətli hərəkət etməlidir. Məşhur fond idarəçisi Məhəmməd əl-Erian hesab edir ki, FED-in dekabr ayında keçiriləcək toplantısında faiz artımı mümkündür, lakin bu, dəqiq deyil.

Bu arada ABŞ-ın dövlət borcu da dillərə dastan oldu. Super gücün borcu bu il sentyabrın 26-dan etibarən 237 mlrd. dollar və ya 1,2% artaraq 19 766,6 mlrd. dollara yüksəlib. Bu o deməkdir ki, ABŞ-ın dövlət borcu son 22 gündə hər gün 10,8 mlrd. dollar artıb. O cümlədən hər bir ABŞ vətəndaşının borcu isə 1 843 dollar artıb.

Rusiya iqtisadiyyatına dair qarşıdakı 20 illə bağlı proqnozlar da ürəkaçan deyil. İqtisadi İnkişaf Nazirliyinin (İİN) 2035-ci ilə qədər baza proqnozlarına əsasən, 2035-ci ildə də əvvəlki kimi dövlət kapitalizmi, staqnasiya, aşağı neft qiymətləri, əhalinin sayının azalması və əmək haqlarının zəif artımı müşahidə olunacaq. Rusiyada sənaye istehsalının artım tempi qarşıdakı 18 ildə 2%-i keçməyəcək, 2024-cü ilə planlaşdırılan prezident seçkilərindən sonra sənaye istehsalı 1,9%, 2035-ci ilə doğru isə 1,7% artım göstərəcək. Qeyd edək ki, 2017-ci ildə sənaye istehsalının cari illə müqayisədə 1,1% artacağı proqnozunu hökumət artıq qəbul edib.

Əsas kapitala investisiyalar uzunmüddətli perspektivdə bir qədər canlanacaq. İİN proqnozuna görə, 2025-ci ildə bu göstərici 3,2%, 2035-ci ilə yaxınlaşdıqca isə azalaraq 2,5% təşkil edəcək. Gələn il üçün isə artım proqnozu 0,8%-dir.

Proqnozların təhlili göstərir ki, 2035-ci ilə qədər xammala bağlı iqtisadiyyatın heç bir ciddi diversifikasiyası həyata keçirilməyəcək. Neftin qiyməti isə 2025-ci ilə qədər orta hesabla 5 dollar artaraq 45 dollar/barel, 2035-ci ildə isə 54,9 dollar/barel təşkil edəcəyi ehtimal olunur. Nəticədə, ÜDM-in 2025-ci ildə 2,2%, 2035-ci ildə 1,7%, 2017-ci ildə isə 0,6% artacağı proqnozlaşdırılır.

Bununla yanaşı bildirilir ki, 2025-ci ildə dolların orta məzənnəsinin 76,9 RUS/USD, 2035-ci ildə isə 78,4 RUS/USD olacağı ehtimal edilir. 2025-ci ildə iqtisadi fəal əhalinin sayı cari 72,3 mln.-dan 4,6% azalaraq 69 mln. nəfərə enəcəyi, 2035-ci ildə isə bu göstəricinin 68,1 mln. nəfər təşkil edəcəyi gözlənilir.

Qeyd edək ki, proqnozların baza varianti hökumət üçün həmişə əsas variant olub.

İş dünyası

2017-ci maliyyə ilinin I rübündə "Mıcrosoft" korporasiyasının xalis mənfəəti 4,3% azalaraq 4,69 dollara çatıb. Hesabat dövründə korporasiya səhm alışı və dividend ödənişi formasında səhmdarlarına 6,6 mlrd. dollar qaytarıb. Şirkətin göstəriciləri analitiklərin proqnozunu xeyli üstələyib. Hesabat açıqlanandan sonra şirkətin səhmlərinin nominal dəyəri 5,15% bahalaşaraq 60,2 dollara çatıb.

Türkiyədə yeni yaradılan şirkətlərin sayı sentyabrda keçən ilin eyni dövrü ilə müqayisədə 29,03 faiz azalaraq 5 min 219 ədəddən 3 min 704-ə geriləyib. Bağlanan şirkətlərin sayı isə eyni dövrdə 21,99 faiz artaraq 682-dən 832-ə yüksəlib. Bu barədə Türkiyə Otaqlar və Birjalar Birliyi (TOBB) məlumat yayıb. Məlumatda qeyd edilir ki, qurulan şirkətlərin sayı aylıq əsasda 17,15 faiz azaldığı halda bağlanan şirkətlərin sayı 40,3 artıb. Bu ilin yanvar-sentyabr aylarında qurulan şirkətlərin sayı keçən ilin eyni dövrünə nisbətdə 3,89 azalaraq 49 min 994-dən 48 min 51ədədə geriləyib. Eyni dövrdə bağlanan şirkətlərin sayı isə 18,69 faiz azalma ilə 8 min 915-dən 7 min 249-a düşüb.

Qurulan şirkət və kooperativlərin sayı bu ilin yanvar-sentyabr aylarında 48 min 641 olub. Beləliklə, sentyabrda 3 min 704 şirkət qurulub, 832 şirkət bağlanıb

Keçən ay qurulan 259 xarici ortaq sərmayəli şirkətin 119-u Suriya, 15-i İraq, 17-si İran ortaqlı olub.

Qurulan xarici ortaq sərmayəli şirkətlərin sayı hesabat dövründə 3 min 382-yə çatıb. Bu şirkətlərin min 371-i Suriya, 218-i İraq, 213-ü İran ortaqlı şirkətlərdir.

Xarici ortaq sərmayəli şirkətlərin 452-i anonim, 2 min 930-u limited şirkətidir.

“Rosneft" şirkəti qlobal neft bazarındakı payını 4,9%-dən 5,4%-dək artırıb. Şirkətin baş icraçı direktoru İqor Seçin bildirib ki, 10 il ərzində (2005-2015-ci illərdə - red.) şirkətin bazar payı 1,9%-dən 4,9%-dək artıb. Lakin "Başneft" şirkətinə sahib çıxdıqdan sonra bu rəqəm 5,4%-ə yüksəlib. Xatırladaq ki, oktyabr ayının 12-də "Rosneft" "Başneft"in səhmlərinin 50,08%-nin alınmasına dair əqd bağlayıb. Əqdin dəyəri 329,69 mlrd. rubldur.

Azərbaycan

Gəldik çıxdıq ölkəmizə…

Azərbaycanda maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti ilə bağlı hazırlanan qanun layihəsi artıq hökumət səviyyəsində müzakirə olunur. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu haqda danışaraq bildirib ki, məsələ parlamentin növbəti sessiyasında müzakirə ediləcək. Bununla yanaşı, problemli aktivlərin idarə edilməsinin institusionallaşdırılması məsələsi artıq bir müddətdir ki, hökumətdə müzakirə olunur: "Prezidentə də məruzə olunub. Hazırda Maliyyə Sabitliyi Şurasında bu məsələnin institusionallaşmasının forması üzərində iş gedir. Yəqin ki, bu günlərdə bununla bağlı qərar olacaq".

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda bank kreditlərinin həcmi də bəlli oldu. Rəqəmlərə əsasən, bank kreditlərinin xüsusi çəkisi ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz bəndi artaraq 9,8%-ə yüksəlib. Cari ilin yanvar-sentyabr ayları ərzində əsas kapitala yönəldilmiş vəsaitlərin 1 000,4 mln. manatı bank kreditlərinin payına düşüb. Bu da öz növbəsində əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 16,4% çoxdur.

Qeyd edək ki, ölkə iqtisadiyyatına cəmi investisiyaların 71,7%-ni və ya 7 366,2 mln. manatını müəssisə və təşkilatların vəsaitləri, 13,4%-ni və ya 1 378,9 mln. manatını büdcə vəsaitləri, 1,1%-ni və ya 112,6 mln. manatını büdcədənkənar fondların vəsaitləri, 3,8%-ni və ya 385,8 mln. manatını əhalinin şəxsi vəsaitləri təşkil edib.

Yola saldığımız həftə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) buraxdığı istiqrazların satışı yekunlaşdı və təkrar bazar əməliyyatları başladı. Məlum oldu ki, verilmiş sifarişlərin 90%-i Azərbaycan vətəndaşlarına aid olub. Şirkətin prezidenti Rövnəq Abdullayevin dediyinə görə, istiqrazlara tələb emissiya prospektində nəzərdə tutulandan 2 dəfə çox – 203 mln. dollar oldu. Bu da daxili kapital bazarının inkişafı üçün müsbət haldır. R.Abdullayev qeyd edib ki, istiqrazlar tədavüldə olduğu 2021-ci ilə qədər market-meykerlər vasitəsi ilə nominal qiymətə (1 000 ABŞ dolları) geri alınacaq. Eyni zamanda, bundan sonra xarici ölkə vətəndaşları və hüquqi şəxslər də təkrar bazarda istiqrazları əldə edə bilərlər.

Məndən bu qədər…


Xəbərin orijinal ünvanı: http://publika.az/projects/hesabat/173129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR