Naxçıvan ziyalılarını əsirlikdən azad etmək üçün Nəsib bəy Yusifbəyliyə yazılan məktub

Naxçıvan ziyalılarını əsirlikdən azad etmək üçün Nəsib bəy Yusifbəyliyə yazılan məktub
14:33 22 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Təqdim etdiyimiz bu sənəd Cənub-Qərbi Azərbaycanın Müsəlman Həmyerliləri Cəmiyyəti Rəyasət Heyətinin müvəkkili Ə.S.Qasımovun Nazirlər Şurasının sədri N.Y.Yusifbəyova Naxçıvanın qeyri-qanuni həbs olunmuş görkəmli ictimai xadimlərinin dəyişdirilməsi məsələsi ilə bağlı Ermənistan hökuməti ilə danışıqlara köməklik göstərilməsinin zəruriliyi haqqında 1919-cu ilin noyabrın 5-də yazılan məruzə məktubudur.

“Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” kitabından əldə etiyimiz həmin məktubu təqdim edirik:

Müttəfiqlərin nüfuzundan istifadə edərək ingilislərin erməni nizami qoşunların Cənub-Qərbi Azərbaycana qan tökmədən yeritmələrindən sonra erməni hakimiyyəti burada öz siyasətinə ilkin olaraq onların imperialist yolu üzərində zərərli ola biləcək ziyalıların və yerli Azərbaycan türkləri arasında tanınmış insanların təcridi və müsadirə edilməsi ilə başladı. Naxçıvanda ilk həbs olunanlar: 1) Hüseyn ağa Novruzov, 2) Mirzə Əli bəy Bektaşi və 3) Naxçıvan qəzasınm Cəhri kənd sakini Cəfər bəy oldu.

Bu şəxslər olduqca ağır şəraitdə yatabla İrəvana, oradan isə, bizdə olan məlumata görə, Aleksandropola, sonra yenidən İrəvana aparılmış və indiyə qədər də orada zindanda saxlanılmaqdadırlar. Onların həbsinin motivlərini araşdırıldıqda məlum olur ki, bu insanların Naxçıvan tutulduqdan sonra Ermənistan hökuməti üçün təhlükəsi sovuşubdur. Hələ Naxçıvan hadisələrindən əvvəl həbs olunduqlarını nəzərə alsaq, ermənilərə qarşı üsyan işində onların istər fəal, istərsə də qeyri-fəal iştirakı qeyri-mümkündür. Belə şəraitdə ortada cinayət tərkibi olmadığından bu insanlar indi artıq azad olunmalı idi. Ermənilərin əsirlərə qarşı münasibəti onsuz da dözülməz idi, erməni hissələrinin Cənub-Qərbi Azərbaycandan qovulmasından sonra onlar döymə, işgəncə, ələ salma və başqa üsulları da tətbiq etməyə başladılar. Səciyyələndirmək üçün aşağıdakıları diqqətinizə çatdırım: etibarlı mənbələrdən aldığımız məlumata görə, dustaqxana gözətçiləri papirosu çəkib qurtarandan sonra onu məhbusların alınında söndürür, onları vəhşicəsinə döyürlər, kobud rəftar edirlər, ələ salırlar, onsuz da nəm otaqların döşəmələrini və oturacaqlarını sulayırlar və özlərini ac saxlayırlar. Bircə vaxtilə barbarların dövründə olduğu kimi duzsuz yemək işgəncəsi qalır ki, orqanizm yavaş-yavaş məhv olsun və əzablı ölüm prosesi uzansın.

Digər tərəfdən ermənilər qovulduqdan sonra bizim Cənub-Qərbi Azərbaycanda əsir qismində 5 zabit, 120 əsgər, bunlardan savayı dinc əməyi ilə yaşayan 6 minə qədər erməni də qalır. Onlara qarşı münasibət yaxşı, əsirlərə qarşı isə ehtiyatlıdır. Dinc ermənilər özlərini burada o qədər sərbəst hiss edirlər ki, hətta hər yerdə olur, tamaşalarını da qoyurlar. Bunu əsir erməni zabit və əsgərləri təsdiq edə bilərlər. Zabitlər rütbələrinə uyğun şəraitdə saxlanılırlar. Onların hətta silahları belə əllərindən alınmayıb və denşikləri əvvəlki kimi onlara xidmət göstərməkdədir. Onlar ərzaq paylarını vaxtlı-vaxtında alırlar. Ola bilməz ki, erməni hakimiyyəti bütün bunlardan bixəbər olsun.

Cənub-Qərbi Azərbaycanm komandanlığı Ermənistana amerikanlıların vasitəsilə Ermənistana əsirləri dəyişməyi təklif etdi. Bu zaman şərtlər təxminən belə oldu: bu üç əsirdən hər birinin əvəzinə bir erməni zabiti və iki əsgəri qaytarılır. Lakin Ermənistan hökuməti indiyədək həmin təkliflərə cavab verməyibdir.

Daim sülh tərəfdarı olan həmyerlilər cəmiyyətimiz bunu mənfi hal sayaraq və bütün əsirlərin doğma ocaqlarına qayıtmasını insanpərvər və ədalətli hesab edərək, hər iki qonşu millətin dinc və məhsuldar əməyinə çox pis təsir edən lüzumsuz qan tökmənin dayandırılması, gərgin münasibətlərin sahmana salınmasına yardımçı olmaq arzusunu rəhbər tutaraq Zati alilərindən, hər iki tərəfi qane edəcək razılığın əldə olunması məqsədilə bu məsələni aid erməni hakimiyyəti qarşısında qaldırmağı xahiş edir.

Həmyerlilər cəmiyyəti bu məsələ ilə bağlı Zati-alilərinizi tərəfinizdən atılan addımların nəticələri barəsində onu məlumatlandırmağı xahiş edir.

Gürcüstandakı Cənub-Qərbi Azərbaycan Müsəlman Həmyerliləri Birliyinin Rəyasət Heyətinin vəkaləti üzrə Əli Səbri Qasımov

Dərkənar: Xarici İşlər Nazirinə” (admiral.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/173135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR