“Azərbaycan və Rusiya yaranmış geosiyasi şəraitdən
istifadə edərək, Dağlıq Qarabağ münaqişəsini həll etməyə
tələsirlər”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın
“”1in.am” saytı yazıb.
Sayt Ermənistanın düşdüyü siyasi çəmbərə diqqət çəkərək, qeyd edir
ki, əgər erməni rəhbərliyi nəsə etməsə, vəziyyət çıxılmaz
olacaq.
“Bu, sadəcə regional yox, geosiyasi proseslərin təzahürüdür. Suriya
ətrafında baş verən geosiyasi oyunlar, həmçinin, Türkiyə-Rusiya
yaxınlaşması Azərbaycana fürsətdən istifadə etmək imkanı yaradıb.
Bakı bu vaxtdan yararlanamaq üçün hərəkətə keçib. Bu baxımdan,
yaxın vaxtlarda Qarabağ ətrafında ciddi hadisələrin olacağı
gözləniləndir. Rusiya da öz planlarını həyata keçirmək üçün daha
sürətlə hərəkətə keçəcək”, - deyə sayt yazıb.
Məqalədə bildirilir ki, Azərbaycanın əli güclüdür: “Bakı
diplomatiyada yalqız olarkən, Ermənistan üçün təhlükə yox idi. İndi
Azərbaycan tək deyil və Türkiyə ilə yanaşı Rusiyadan da dəstək
alır.
Qeyd edək ki, Rusiyanın planlarında işğal olunmuş rayonların
qaytarılması və yalnız bundan sonra Qarabağın gələcək taleyinin
müzakirə edilməsi var. Türkiyənin də Rusiya qarşısında əvvəlcə ən
azı beş rayonun qaytarılması tələbi ilə çıxış etdiyi haqda
informasiyalar bu fonda diqqət çəkir.
“Lragir” saytı da məhz Türkiyə-Rusiya anlaşmasına diqqət çəkərək
Mozkvanın Qafqazda mövqelərini gücləndirmək istədiyini yazıb.
“Regionda baş verən bütün proseslər Yaxın Şərqdəki gərginlik
fonunda diqqət çəkir. Rusiya Ukrayna və Suriyada hərbi əməliyyatlar
aparır. Bununla yanaşı, Rusiya Qafqazda öz mövqelərini gücləndirmək
niyyətindədir və bu işdə ona Azərbaycan çox lazımlıdır. Türkiyənin
Qarabağ münaqişəsinə töhfə verə biləcəyi ilə bağlı fikirlər də
təsadüfən səslənmədi. Türkiyə və Azərbaycan Rusiyanın əli ilə
Ermənistanı hansısa plana razı olmağa məcbur edəcək. Hansı ki, bu,
ilk növbədə ərazilərin qaytarılmasını nəzərdə tutur”, - deyə erməni
saytı qeyd edib.
Ermənistan mediası münaqişənin həlli və ərazilərin qaytarılması
qarşılığında Türkiyə və Azərbaycanın atacağı addımları da
yazıb.
1. Türkiyə-Ermənistan sərhədləri açılacaq.
2. Ermənistan blokadadan çıxarılacaq və regiondakı layihələrdə
iştirak edərək iqtisadi dividentlər əldə edəcək.
Xatırladaq ki, erməni politoloq Ara Papyan da bildirmişdi ki,
ərazilərin qaytarılması əvəzində müharibəyə son qoyulacaq:
“1994-cü ildə Bişkek protokolundan sonra ərazilərin
verilməsi məsələsi aktual olub. Əvvəlcə ərazilərin qaytarılması
əvəzinə Qarabağa statusun verilməsi nəzərdə tutulurdu. İndi isə
ərazilər qaytarılır, əvəzində sadəcə müharibəyə son
qoyulur. Bu, təzə xəbər deyil, hansı ki, 1994-cü ildə biz
buna razı olduq, Madrid prinsipləri ilə inkişaf etdirdik, indi də
əkdiyimizi biçirik. Sülh naminə güzəştlərin sülhə gətirib
çıxaracağı çətin görünür, bu, dəhşətli müharibəyə səbəb ola bilər.
Bizim seçimimiz pis və çox pisin arasındadır. Pis seçim indiki
vəziyyətdir”.
Erməni politoloq indiki vəziyyət deyərkən, ərazilərin qaytarılması
və müharibənin olmamasını nəzərdə tutur.
Onun çox pis dediyi vəziyyət isə ərazilərin qaytarılmayacağı
təqüdirdə, gözlənilən böyük müharibədir. Hansı ki, bu Ermənistan
üçün yaxşı gələcək vəd etmir.
Asif Nərimanlı